24 sentyabr 2020 18:13
703

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

Balaxanı sakinləri ilə görüşdə dövlətimizin başçısı vurğulayıb ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib

 

Son illər regionların, eləcə də Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı, abadlaşdırılması, müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev paytaxtın milli üslubda inkişaf etməsi, gözəlliyi, müasirliyi ilə göz oxşaması, infrastrukturunun yeniləşdirilməsi üçün ardıcıl işlər görür. Paytaxtın mərkəzi küçələrində, eləcə də ətraf qəsəbələrdə sakinlərlə görüşən dövlət başçısı onların problemlərini, qayğılarını öyrənir, təmir-tikinti və quruculuq işlərinin müasir memarlıq üslubuna uyğun, özü də zövqlə aparılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verir.

Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakının dünyanın ən gözəl paytaxt şəhərlərindən birinə çevrilməsi, ətraf qəsəbələrin inkişafı, müasirləşməsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul edib. Bakı şəhərinin, Bakıətrafı qəsəbələrin  inkişafı proqramları artıq 16 ildən çoxdur həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, ölkəmizin, o cümlədən hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun. Bunun da əsas məqsədi odur ki, insanların yaşayış səviyyəsi yaxşılaşsın.

Bakı və ətraf qəsəbələrdə ekoloji durumun yaxşılaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, istirahət parklarının salınması, abadlıq-quruculuq işlərinin aparılması xüsusi əhəmiyyətə malikdir. Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir.

Əvvəllər yolunu Bakının Balaxanı qəsəbəsindən salmaqdan çəkinənlər bu gün bura gəlib şəkil çəkdirmək üçün sıraya düzülürlər. Qəsəbə indi turizm məkanına çevrilib. Əvvəl bura qeyri-əlverişli şəraiti ilə sakinləri çox narahat edirdi. İndi isə həmin problemlərdən söhbət gedə bilməz. Həm sakinlər, həm də gəzintiyə gələnlər məmnunluq ifadə edirlər. Balaxanıda bərpa işləri qəsəbənin mədəni-tarixi irsi gözlənilməklə həyata keçirilib. Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar mövcuddur.

Xəbər verildiyi kimi, sentyabrın 23-də ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Balaxanı sakinləri ilə görüşdə cənab Prezident bildirib ki, Balaxanı kəndinin yeni dövrü başlayır: “Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanıya mənim xüsusi diqqətim var. Bu, işlərin birinci mərhələsidir. Hələ işlər başa çatmayıb. İşlərin böyük hissəsi başa çatıb. Ancaq hələ görüləsi işlər çoxdur və biz bunları da tədricən edəcəyik. Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda – bizim bu qədim yaşayış yerində, ölkəmizin qədim yaşayış məskənində insanlar rahat yaşasınlar, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun.”

Abadlıq işləri həyata keçirilən yeganə qəsəbə isə Balaxanı deyil, ölkə başçısının bununla bağlı xüsusi tapşırığı var. Sakinlərlə görüşdə dövlətimizin başçısı vurğulayıb ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib: “İlkin mərhələdə təqribən 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Ancaq əlbəttə ki, bunun yüz faiz surəti olmayacaq. Hər bir qəsəbənin özünəməxsus memarlıq üslubu var, tarixi var, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun. İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, insanların gündəlik qarşılaşdığı digər məsələlər həll olunur. Eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı və ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir. Eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünəxas görüntüsü olsun.”

Qeyd edək ki, Bakının başqa kənd və qəsəbələrində də turizm marşrutlarının salınması məqsədilə bərpa abadlıq işləri aparılır. Bakı kəndlərinin ən çirkli qəsəbəsindən start götürülən bu layihələr hazırda 8 kənd istiqamətində yeni layihə üzərində işlər aparılır. Mərdəkan, Novxanı, Əmircan, Buzovna, Ramana və s. Bu kəndlər də turizm məkanına çevriləcək.

Orxan Vahidoğlu, “İki sahil”