04 sentyabr 2025 11:30
857

Hər addımda dəstək, hər ürəkdə ümid…- MÜSAHİBƏ

Rəqəmsallaşmış qiymətləndirmə, innovativ reabilitasiya və bərabər imkanlarla hər fərd cəmiyyətə tamhüquqlu üzv olur

Azərbaycanda sosial siyasətin prioritet istiqamətlərindən biri əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, onların hüquqlarının qorunması və cəmiyyətə tamhüquqlu üzv kimi inteqrasiyasının təmin edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar nəticəsində bu kateqoriyadan olan şəxslərin hüquqlarının müdafiəsi, tibbi-sosial reabilitasiya xidmətlərinin müasirləşdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılmışdır. Bu istiqamətdə əsas icraçı qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir.

Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev ilə müsahibəmizdə son illərdə əlilliyin qiymətləndirilməsi sahəsində aparılan rəqəmsallaşma prosesi, şəffaflığın təmin olunması, müasir texnologiyalara əsaslanan reabilitasiya xidmətlərinin tətbiqi və regionlarda əlçatanlığın artırılması istiqamətində əldə olunmuş mühüm nəticələrdən bəhs etdik.

- Ramin müəllim, son illərdə Agentliyin fəaliyyətində əlilliyi olan şəxslərin hüquq və imkanlarının genişləndirilməsi baxımından hansı əsas dəyişikliklər baş verib?

- Məlumunuz olduğu kimi, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların reabilitasiyası, sosial rifahının yaxşılaşdırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, peşə ixtisası və məşğulluğun təminatı, bir sözlə, tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması istiqamətində genişmiqyaslı məqsədyönlü sosial dəstək tədbirləri həyata keçirilir.

Belə ki, 2021-ci ildən Səhiyyə Nazirliyinin talassemiya, hemofiliya, hemodializ, peşə, göz, dağınıq skleroz xəstəliklərinin, eləcə də pulsuz dərman alan şəkər və psixiatrik xəstələrin elektron reyestrlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə inteqrasiyası təmin edilmişdir. Həmin reyestrlərdən əldə edilmiş məlumatlar əlilliyin qiymətləndirilməsi zamanı təsdiqedici əlavə məlumat mənbəyi kimi nəzərə alınmaqla qərar verilir. Bu da öz növbəsində yuxarıda qeyd edilən diaqnozlarla əlillik üçün müraciət etmiş vətəndaşlara dair obyektiv qərarların operativ qəbul olunması və əsassız imtinaların qarşısının alınmasına imkan yaradır.

2021-ci ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir və ona sosial ödənişlər verilir. Həmin şəxslər əvvəlki əlilliklərinin bitdiyi müddətdən 1-6 ay arası gecikmə ilə müraciət etmələrinə baxmayaraq, əlillik yenidən təsdiqləndikdən sonra heç bir fasilə verilmədən müvafiq sosial ödənişlərlə təmin olunurlar.

2022-ci il iyulun 1-dən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən daha əvvəl əlillik təyinatına əsas verməyən bir çox diaqnozlar üzrə əlillik müəyyən etmək mümkün olmuş, eləcə də bir çox xəstəliklər üzrə əlillik müddəti müddətsiz (ömürlük) olaraq müəyyən edilir. Əvvəlki qanunvericilikdən fərqli olaraq hal-hazırda 2 meyarla əlillik qiymətləndirilən zaman, ən yüksək müddət  və ən üstün səbəb əlaqəsi seçilir. Bu o deməkdir ki, şəxsdə bütün ikili diaqnoz, əlillik müddəti və əlillik səbəblərinin hər birindən vətəndaşın xeyrinə olan seçilir və yekun olaraq qərar verilir. Həmçinin, geridönməz hallarla bağlı uşaqlara artıq 18 yaşına qədər deyil, müddətsiz əlillik təyin edilir. Beləliklə, yeni qanunvericiliyə əsasən əlilliyə əsas verən meyarların sayı 128-dən 700-ə qədər çatdırılmışdır.

Əlavə olaraq, Nazirlər Kabinetinin 30.12.2020-ci il tarixli 519 nömrəli Qərarı ilə “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” təsdiqlənib. Fərdi reabilitasiya proqramının və abilitasiya tədbirlərinə dair qaydalar əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri əhatə edir.

2021-ci  ilin aprel ayından etibarən Reabilitasiya müəssisələrinə əlilliyi olan şəxslərin qəbulu “Reabilitasiya” altsistemi vasitəsilə həyata keçirilir, mərkəzlərdə rahat və maneəsiz qəbul edilmələri üçün altsistemin “Rezervasiya modulu” tətbiq edilməyə başlanmışdır.

Eləcə də reabilitasiyaya əlçatanlığın artırılması üçün “Rehabus” və “Səyyar reabilitasiya” xidmətləri istifadəyə verilmiş, ambulator xidmətlərin həcmi genişləndirilmişdir.

Bundan əlavə, 2023-cü ildən etibarən Agentlik tərəfindən Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilən və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxsləri və əlilliyi olan uşaqları reabilitasiya müəssisələrində müşayiət edən şəxslərin də həmin müəssisələrdə dövlət büdcəsi hesabına qidalanması təmin edilir.

Regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsi  yaradılmışdır. Bu məntəqədə, həmçinin əlilliyi olan  şəxslərə ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri də verilir. 2023-cü ilin dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 2663 nəfərə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilmiş, 286 nəfər əlilliyi olan şəxsə isə 1608 ədəd reabilitasiya vasitəsi təqdim edilmişdir.

Eyni zamanda, Agentlik tərəfindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti göstərilməyə başlanmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda əlilliyi olan şəxslərin rəy və təklifləri əsasında Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 500 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” üzrə reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılmışdır. Onlardan 81-i əsas reabilitasiya vasitəsi, 49-u isə əlavələrdir.

Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən reabilitasiya vasitələrinə əlçatanlığın artırılması məqsədilə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri birbaşa yaşadıqları ünvanlara aparılaraq təqdim edilir.  Cari ildə Mərkəz tərəfindən 500-dən çox əlilliyi olan şəxsə səyyar formada reabilitasiya vasitələri verilmiş və bu xidmət mütəmadi davam etdirilir.

- Reabilitasiya xidmətlərində tətbiq olunan yeni texnologiya və metodlar konkret olaraq hansı nəticələri göstərir?

- Agentliyin mühüm fəaliyyət istiqamətlərindən biri əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya yolu ilə onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir. Hazırda Agentliyin tabeliyində müasir avadanlıqlarla təchiz edilmiş 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə 15 reabilitasiya mərkəzi, 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və 1 “RehaPoint” Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir.

Son illər Agentlik tərəfindən biopsixososial modelə keçid təmin edilib, xidmət spektri genişləndirilərək sosial-psixoloji və alternativ reabilitasiya xidmətləri tətbiq edilib. Əlilliyi olan şəxslərə stasionar, ambulator, rehabus, ippoterapiya, yoqa, dance ability, səyyar və icma əsaslı, telereabilitasiya, onkoloji xəstələrə sosial-psixoloji dəstək layihəsi və s. xidmətlər göstərilir. Eyni zamanda, reabilitasiya mərkəzləri tərəfindən ənənəvi reabilitasiya xidmətlərindən əlavə, beynəlxalq təcrübəyə əsaslanan alternativ reabilitasiya xidmətləri də həyata keçirilir. Beynəlxalq təcrübəyə əsaslanaraq reabilitasiyaya yanaşmanın tibbi modeldən biopsixososial modelə keçidi ilə bağlı alternativ reabilitasiya xidmətləri göstərilir.

Bu xidmətlərdən biri ippoterapiya (atlarla terapiya) tədbirləridir. Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu, həmçinin əlilliyi olan şəxslərin ümumi psixoloji vəziyyətinin, əhval-ruhiyyəsinin yüksəldilməsinə də xidmət edir.

Eyni zamanda, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları, parkinson aşkarlanmış uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında atlarla terapiyanın təsiri böyükdür.

Digər bir alternativ reabilitasiya metodu kimi Dance Ability xidmətini nümunə göstərmək olar. Beynəlxalq təcrübədə geniş tətbiq olunan DanceAbility (rəqs) metodundan əlilliyi olan şəxslər artıq 3 ildir ki, faydalana bilirlər. Layihədə əlilliyi olan şəxslərə “DanceAbility” metodu ilə təhlükəsiz və qərəzsiz mühit yaratmaq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatiya əsaslı ünsiyyət və münasibət qurmağın yolları barədə praktiki təlimlər keçirilir.

Son araşdırmalara əsasən həm fiziki, həm də psixoloji sağlamlığa faydaları ilə diqqət çəkən yoqa məşqləri də Agentliyə tabe reabilitasiya müəssisələrində tətbiq olunur. Yoqa ilə müntəzəm məşğul olmaq emosional fona, stresə davamlılığa, dayaq-hərəkət aparatının və qan dövranı, ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Bu baxımdan alternativ reabilitasiya metodu kimi yoqa təlimlərinin davamlı şəkildə həyata keçirilməsi məqsədəuyğun sayılır.

- Əlillik qiymətləndirilməsində rəqəmsallaşma prosesi nə dərəcədə şəffaflığı artırıb?

- Son illər əlillik təyinatı sahəsində nəzarət gücləndirilmiş, xidmət keyfiyyətinin artırılması, əlillik təyinatlarında ünvanlılığın təmin edilməsi, effektiv xidmətlərin göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bir sıra işlər görülüb. Bu sahədə inzibatçılıq və qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi və risk qrupu xəstəliklər üzrə əlillik təyinatlarının araşdırılması kimi tədbirlər görülməkdədir.

Qeyd etdiyiniz kimi əlilliyin qiymətləndirilməsi prosesinin rəqəmsallaşdırılması, qərarların adsızlaşdırılmış elektron sənədlər əsasında verilməsi vətəndaş-məmur ünsiyyətini minimuma endirməklə, bu sahədə şəffaflıq və obyektivliyin tam təmin olunmasına nail olunub.

Belə ki, qiymətləndirmə üçün göndərişin (forma-88) tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edir. Tibb müəssisəsi tərəfindən göndəriş tərtib edilərkən əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır və elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür. Şəxsin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatların adsızlaşdırılması şəffaflığın təmin edilməsi üçün ən vacib addımlardan biridir. Agentliyin tibbi-sosial ekspertiza komissiyalarının həkim-ekspertləri forma-88 sənədində vətəndaşın diaqnozu, xəstəliyi və onun ağırlaşmalarından başqa heç bir şəxsi məlumatı görmürlər. Göndəriş altsistemə daxil edildikdən sonra 15 iş günü ərzində qiymətləndirmə aparılır. Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat vətəndaşın mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir. Bunun üçün göndərişdə vətəndaşın öz adına olan mobil nömrəsinin qeyd olunması vacibdir.

- Psixososial reabilitasiya istiqamətində hansı yeniliklər tətbiq olunur və bu yanaşma praktik olaraq hansı dəyişikliklərə səbəb olur?

- Bildiyiniz kimi bir sıra diaqnozlu əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrində xidmət alması əks göstərişdir. Məsələn ixtioz və bullyoz diaqnozlu əlilliyi olan şəxslərin, eləcə də onkoloji xəstələrin Agentliyin reabilitasiya müəssisələrinə cəlb edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 nömrəli Qərarı il əks göstəriş sayılır. Sözügedən diaqnozlu əlilliyi olan şəxslərin xidmətlərdən kənarda qalmaması və reabilitasiya infrastrukturuna əlçatanlığın təmin edilməsi məqsədilə sosial-psixoloji dəstək layihələri həyata keçirilir.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial mühitə adaptasiyası üçün icma əsaslı xidmətlər göstərilir. Həmçinin eşitmə və nitq məhdudiyyətli şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə surdotərcümə xidmətinin prosesə inteqrasiyası, işarət dili təlimlərinin təşkili, loqopedik dəstəyin davamı və ailələrlə psixoloji iş həyata keçirilir. Bu yanaşma kommunikasiya baryerlərini azaldaraq, pasiyentlərin sosial adaptasiyasını sürətləndirir və reabilitasiya prosesinə motivasiyasını artırır.

Əlilliyi olan şəxslərin özünəxidmət bacarıqlarının inkişafı məqsədilə “Müstəqil həyat tərzi” proqramı, “Həmyaşıd dəstəyi” layihəsi icra edilir, eyni zamanda, müxtəlif diaqnozlu əlilliyi olan şəxslər üçün sosial-məişət adaptasiya otaqları yaradılıb.

- Regionlarda yaşayan əlilliyi olan şəxslərin bərabər xidmət imkanlarına çıxışını təmin etmək üçün hansı tədbirlər görülür?

- Əlilliyi olan şəxslərə daha əlçatan, davamlı və effektiv reabilitasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkə üzrə reabilitasiya infrastrukturunun genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Hazırda Agentliyin tabeliyində müasir avadanlıqlarla təchiz edilmiş 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə 15 reabilitasiya müəssisəsi, 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və 1 “RehaPoint” Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir. Son illər Agentliyin tabeliyində fəaliyyət göstərən reabilitasiya müəssisələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb. Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya mərkəzləri istifadəyə verilib. Agentlik tərəfindən reabilitasiya müəssisəsi olmayan regionlarda yaşayan əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirilir. Belə ki, Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində dekabrın 1-dən “RehaPoint” - Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir.Məntəqədə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçirilir. Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir. Bölgədəki əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatını həyata keçirmək üçün də məntəqə əhəmiyyətli rol oynayır. 2022-ci ildən başlayaraq əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlı olması, yaşayış yerinin tərk edilməsində çətinliklər yaşayan əlilliyi olan şəxslərə evdə tibbi və sosial-psixoloji reabilitasiya xidmətinin göstərilməsi məqsədilə Agentliyin bütün reabilitasiya müəssisələri tərəfindən səyyar reabilitasiya xidməti təşkil olunur. Regionlarda yaşayan əlilliyi olan şəxslərin reabilitasiyaya cəlb edilməsi məqsədilə icra edilən əhəmiyyətli layihələrdən biri də “Regionların transformasiyası” layihəsidir. Layihə çərçivəsində yerli idarə, təşkilat və qurumlarla əməkdaşlıq çərçivəsində görüşlər və tədbirlər təşkil edilir.

- Agentliyin beynəlxalq təcrübədən istifadə etdiyi layihələr varmı? Əgər varsa, bu layihələr yerli reabilitasiya sisteminə nə kimi töhfə verir?

 -Agentlik Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi, Türkiyənin Reabilitasiya və Fizioterapiya üzrə Xəstəxanalar Şəbəkəsi olan “Romatem” şirkəti və Başkənd Universiteti ilə əməkdaşlıq edir.

Ailə və Sosial Xidmətlər Nazirliyinin Əlilliyi olan şəxslər və Yaşlılara Xidmət Baş İdarəsinin təlimçiləri tərəfindən Agentlik əməkdaşlarına görmə məhdudiyyətli şəxslərin sosial-məişət adaptasiya proqramları, Brayl əlifbası və brayl vasitələri ilə hesablama texnikaları, ağ əsa, o cümlədən digər reabilitasiya vasitələrindən istifadə qaydaları və s. mövzulardan təlimlər keçilib.

“Romatem” şirkəti ilə əməkdaşlıq çərçivəsində xəstəxananın 4 mütəxəssisi Agentliyin reabilitasiya müəssisələrində fəaliyyətə başlayıb. Cəlb olunan mütəxəssislər bu sahədə tətbiq olunan beynəlxalq yanaşmaların öyrənilməsinə və təcrübə mübadiləsinə dəstək göstəriblər.

Başkənd Universiteti ilə əməkdaşlıq çərçivəsində reabilitasiya mərkəzlərinin əməkdaşlarına təlimlər keçilib.

-Müharibə veteranları və posttravmatik sindrom yaşayan şəxslərin reabilitasiyası üçün hansı xüsusi proqramlar həyata keçirilir?

-Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi Agentliyin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Vətən müharibəsindən sonra Agentliyin nəzdində Bakı Reabilitasiya Mərkəzi başda olmaqla, bütün reabilitasiya mərkəzlərində müharibə iştirakçılarının tibbi və sosial-psixoloji reabilitasiyası həyata keçirilir.

Agentlik tərəfindən Vətən Müharibəsi iştirakçıları, müharibə iştirakçılarının ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə, eləcə də reabilitasiya vasitələri ilə təmin edilib, həmin xidmətlər bu gün də davam etdirilir.

Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3600-dən çox müharibə iştirakçısı xidmətlərlə təmin edilib. Postmüharibə dövründə 494 şəxsə 612 ədəd yüksək texnologiyalı protez təqdim olunub. Qeyd etmək lazımdır ki, sözügedən yüksək texnologiyalı protezlər Almaniyanın “Ottobock”, İslandiyanın “ÖSSÜR” şirkətlərinin məhsullarıdır.

Bu protezlər funksional üstünlükləri ilə həmin şəxslərə dəyişən məkanlarda və məqamlarda belə hərəkəti sərbəst, tam və daha dəqiq tənzimləməyə, tez və rahat inteqrasiyaya, hətta idmanla məşğul olaraq yarışlarda iştirak imkanı verir.

Növbəti mərhələ olaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə təminatı prosesi də davam etdirilir. Danimarkanın “Levitate” şirkəti tərəfindən istehsal edilən idman protezləri əzalarını itirmiş müharibə iştirakçılarının qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradır.

44 günlük Vətən müharibəsi yekunlaşan kimi Agentlik tərəfindən qazilərin psixoloji durumlarının stabilliyi üçün “Sosial-psixoloji dəstək” layihəsi icra edilməyə başlandı. 5 ildir davam edən layihə çərçivəsində Vətən Müharibəsi zamanı zərər çəkmiş müharibə iştirakçılarına, onların ailə üzvlərinə, şəhid ailələrinə psixoloqlar tərəfindən seanslar keçirilir.

-Qarşıdakı illərdə Agentliyin prioritet hədəfləri nələrdir və hansı yeni təşəbbüslər gözlənilir?

 -Agentliyin prioritet hədəfləri xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, bu xidmətlərin davamlılığının və əhatə dairəsinin də genişləndirilməsidir. Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması, effektivliyin və vətəndaş məmnuniyyətinin yüksəldilməsi, əhalinin maarifləndirilməsi sahəsində layihələrin genişləndirilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin tətbiqinin artırılması Agentliyin prioritetlərini təşkil edir.

Yaqut Ağaşahqızı, “İki sahil”