08 oktyabr 2020 14:58
967

Əvəz Ələkbərov: Ermənistan iqtisadiyyatı dərin böhran yaşayır

Siyasi və hərbi səhnədə iflasa uğrayan Ermənistan indi də iqtisadi cəhətdən çökməyə davam edir. Bir tərəfdən pandemiyaya qarşı normal müqavimət göstərə bilməyən bu ölkə indi də müharibə vasitəsilə özünün fəlakətini yaxınlaşdırır.

"İki sahil" xəbər verir ki, bu sözləri “modern.az”a sabiq maliyyə naziri, UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Əvəz Ələkbərov deyib.

“Belə ki, özünün aqressor mahiyyətini gizlətməyən, özgə torpaqlarına göz dikən, istila ilə məşğul olan Ermənistanın Azərbaycana qarşı iddiaları ona çox baha başa gəlir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, sentyabrın 27-dən başlayan hərbi əməliyyat nəticəsində Ermənistana dəyən zərərin miqdarı 1,5 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Onsuz da ağır olan iqtisadi vəziyyət bu ölkədə günbəgün daha da ağırlaşır, kasıbçılıq həddi olduqca gərginləşir. Müharibədə gündəlik itkiləri 150 milyon dollar həcmində olan Ermənistanın bu vəziyyətə çox dözə bilməsi qeyri-realdır. Digər bir tərəfdən isə müharibə nəticəsində ölkə iqtisadiyyatının xarici asılılığı güclənir, xarici borcların səviyyəsi katastrofik artmaqdadır. İqtisadiyyatın bərbad günə düşməsi səbəbindən dövlət büdcəsinin icrası böyük şübhə altındadır”, - deyə o bildirib.

Ə.Ələkbərov deyib ki, əldə olan məlumatlara görə, ilin sonuna bu ölkədə ÜDM-in səviyyəsi 6,8 faiz azalaraq 12 milyard 967 milyon dollar olacağı proqnozlaşdırılır. Hələ hərbi əməliyyata çəkilən xərcləri də saysaq, yəqin ki, bu azalma faizi 2-3 dəfə artıq olacaq. Xarici borcların həcmi bu ilin aprel-sentyabr aylarında 700 milyon artaraq 5 milyard 981 milyon dollara çatıb. Bu isə o deməkdir ki, Ermənistanın xarici borcu ÜDM-in 50 faizinə yaxındır. Son neqativ hadisələri də nəzərə alsaq, bəzi ekspertlərin fikrincə, ilin sonuna bu göstərici 80-90 faiz səviyyəsinə çatacaq: “Hazırda bu ölkədə büdcənin hərbi xərclərinin 84 milyon dollar artırılması müzakirə edilir. Nəticədə büdcə kəsiri 964 milyon dollar təşkil edəcək, bu isə o deməkdir ki, ümumi büdcə xərclərinin 28 faizi kəsirdir. Çökməkdə olan iqtisadiyyat müharibə nəticəsində daha da ağırlaşacaq və ölkənin mövcudluğunu şübhə altına alacaq”.

“Qeyd etdiklərimiz deməyə əsas verir ki, adambaşına düşən ÜDM, büdcə xərcləri, orta aylıq əməkhaqqı və pensiya məbləği gözə çarpacaq dərəcədə aşağı düşəcək, milli valyuta həm ABŞ dollarına nisbətən, həm də avroya nisbətən xeyli ucuzlaşacaq. İllik inflyasiya faizi yüksələcək, istehlak mallarının və xidmətlərinin qiymətlərinin artırılmasına gətirib çıxaracaq və ölkədə dəhşətli sosial böhran yaşanacaq. Donor tapmaq üçün “üzdəniraq” Ermənistan hökuməti Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Fransa və digər ölkələrə diz çökərək yalvaracaq”, - deyə o əlavə edib.