KÖŞƏ

Cavid Əkbərov

COVID-19-a qarşı mübarizədə vətəndaş məsuliyyəti vacibdir

23 oktyabr 2020 17:49
2331

Koronavirus pandemiyası bütün dünya miqyasında, o cümlədən getdikcə daha böyük təhdid mənbəyinə çevrilir. Belə ki, koronavirusa yoluxanların sayı son günlər sürətlə artmağa başlayıb.

Bu halda həkimlər payız-qış mövsümündə respirator infeksiyalarının sayının ənənəvi olaraq artması fonunda koronavirus xəstələrinin çoxalmasını təhlükəli hal sayır. Yuxarıda qeyd edildiyi kimi, bu gün dünyanın bir çox ölkəsində, o cümlədən qonşu İran, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyədə koronavirus infeksiyalarına yoluxmada yenidən artım başlayıb. Bəzilərində gün ərzində yoluxma hallarının sayı Azərbaycandakından üç dəfə çoxdur. Ölkəmizdə isə  pandemiyanın yenidən güclənməsinin səbəbi soyuq fəslin yaxınlaşması, eləcə də ayrı-ayrı vətəndaşların məsuliyyətsizliyidir. Təəssüf ki, bəzi insanlar qapalı yerlərdə, xüsusən də ictimai nəqliyyatda, həmçinin insanların sıx olduğu digər məkanlarda tibbi maska taxmağı və sosial məsafəni saxlamağı dayandırıb. Əslində, eyni hal dünya miqyasında da müşahidə edilir. Hətta Avropa Şurasının sədri Şarl Mişel koronavirusla bağlı Avropa İttifaqının təcili qeyri-rəsmi sammitini çağırıb: “Liderləri 29 oktyabr 2020-ci ildə COVID-19 ilə bağlı keçiriləcək qeyri-rəsmi videokonfransa dəvət edirəm. COVID-19 epidemiyası ilə əlaqədar Avropa zonasında vəziyyət ürəkaçan deyil.”

Fransada COVID-19 epidemiyasının ikinci dalğası başlayıb. Ölkədə fövqəladə sanitar vəziyyət elan olunmasına və komendant saatının tətbiq edilməsinə baxmayaraq, koronavirus sürətlə yayılmaqdadır. Bir çox şəhərlərdə maksimum xəbərdarlıq elan edilib və qaydaların daha da sərtləşdiriləcəyi gözlənilir. Komendant saatının bütün ölkədə tətbiq ediləcəyi də ehtimal olunur. Digər Avropa ölkələrində eyni hal qeydə alınır. Amerika qitəsində vəziyyət pisləşir. ABŞ yoluxan və ölənlərin sayına görə liderdir. Latın Amerikası COVID-19-dan ən çox zərər çəkmiş regiondur. Qeyd edək ki, yoluxanların daha yüksək sayı təsdiqlənmiş 10 ölkə əhalisinin yarısı Latın Amerikasında yaşayır. Yaxın həftələrdə Kolumbiya, Meksika və Peruda vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır.

Dünyada və ölkəmizdə son yoluxma sayları onu göstərir ki, rəqəmlər avqustun ortalarından bəri ən yüksək həddə çatıb. Avqustun ortalarından etibarən, sentyabrda COVID-19-a yoluxma ilə bağlı sabitlik müşahidə olunurdu. Son həftənin statistikası onu göstərir ki, sentyabrda sanki əhali arasında bir arxayınlaşma yaranmışdı. Bu da yoluxma hallarının ölkəmizdə də belə kəskin artımına gətirib çıxarıb. Bu səbəbdən də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejimi oktyabrın 19-dan noyabrın 2-dək sərtləşdirilib. Ekspertlərin fikrincə, noyabrın 2-dən sonra yeni məhdudiyyətlərin tətbiqinə və ya yumşaldılmalara gedilməsinə dair qərar birbaşa vətəndaşların davranışlarından asılı olacaq. Halbuki, COVID-19-a yoluxmadan qorunma tədbirləri çox sadədir. Vətəndaşlardan yalnız fiziki məsafəni saxlamaları, əl gigiyenasına riayət etmələri və maska taxmaları tələb olunur. Maska taxılması qapalı məkanlarda xüsusilə vacibdir. Açıq havada isə sıxlıq olan yerlərdə maska taxmaq zəruridir. Burada qripə qarşı da xüsusi ehtiyatlı olmaq lazımdır.

Xatırladaq ki, hər il Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına əsasən, oktyabrın birinci həftəsindən aprelin ortalarına kimi qrip mövsümü elan edilir. Yenə hər il olduğu kimi, bu il də kəskin respirator xəstəliyə yoluxma hallarında artım olması gözləniləndir. Hazırda bu il ilk dəfə olaraq ölkə rəhbərliyinin göstərişi ilə respublikaya qrip əleyhinə vaksinlər gətirilib. İlkin mərhələdə bu vaksinlərin tibb işçilərinə və risk qrupundan olan, xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub. Bu, koronavirusa qarşı mübarizədə vacib sayılır.  Burada o da qeyd edilir ki, koronavirusa yoluxub sağalan şəxsin ikinci dəfə yoluxmayacağını düşünməsi, arxayınlaşaraq maska taxmaması da yanlışdır. Dünyada ikinci dəfə koronavirusa yoluxmanın mümkünlüyünü göstərən bir neçə fakt var. Azərbaycanda da təkrar yoluxma hadisəsi qeydə alınıb. Dünya praktikasına əsasən, ikinci dəfə yoluxarkən xəstəlik daha ağır keçir. Ona görə yoluxub sağalanlar da qorunma tədbirlərinə əməl etməlidirlər. Eləcə də uşaqların COVID-19-a yoluxmadığı, yoluxarkən isə yüngül keçirdiyi deyilirdi. Amma reallıq indi fərqlidir. Yaşından asılı olmayaraq, hər kəs həmin virusa yoluxa bilər. Bu isə indiki halda səhiyyə sistemi üçün ciddi problem deməkdir. Ekspertlər qeyd edirlər ki, virusa qarşı mübarizədə artıq ön  planda vətəndaş məsuliyyəti yer alır.