Cavid Əkbərov |
Azərbaycanlı qəbiristanlıqlarının dağıdılması qlobal ədalətsizliyin hansı həddə olduğunu göstərir
İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi saysız-hesabsız cinayətlərlə bağlı indiyədək heç bir qüvvə hansısa nəticə kəsb edən addımlar atmayıb. Nə demokratiya və insan haqlarından danışan Qərb dövlətləri, nə də aidiyyəti beynəlxalq təşkilatlar işğalçı dövlətin çoxsaylı cinayətlərini görmək istəmir.
Əslində, bu susqunluq gələcək üçün yaxşı heç nə vəd etmir. Ermənistanın vandalizm aktlarına göz yummaq daha böyük faciələrə rəvac verir. Son olaraq Ermənistanın Basarkeçər rayonu ərazisindəki azərbaycanlı qəbiristanlığının dağıdılması görüntüləri qlobal ədalətsizliyin hansı həddə olduğunu nümayiş etdirir. Azərbaycan əleyhinə böhtanlar yağdıran bəzi ölkələr və beynəlxalq təşkilatlar qəbiristanlığın ermənilər tərəfindən barbarcasına dağıdılmasına reaksiya vermirlər.
Ermənistan tarixi Azərbaycan torpaqlarında böyük cinayətlər törədib. Qərbi Azərbaycanda abidələrimizin, qəbiristanlıqlarımızın sökülməsi, o cümlədən İrəvanda Təpəbaşı məhəlləsindəki irsimizin hücuma məruz qalması bəşəri irsə aid abidələrimizin məhv edilməsi prosesinin tərkib hissəsidir. Ermənistan Azərbaycana aid irsin məhv edilməsini qarşısına məqsəd qoyub və buna nail olmaq üçün bütün qanunsuz vasitələrdən istifadə edir.
Baş verənlər rəsmi Bakının Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir. UNESCO-nun baş direktoru Odri Azule Azərbaycan mədəni abidələrinə qarşı həyata keçirilən vandalizmə münasibətdə susur. UNESCO bu səssizliyi ilə özünü nüfuzdan salmağa davam edir. Bu təşkilat 1954-cü il Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına laqeyd münasibət göstərir. 2022-ci ilin fevralın 4-də Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının Prezidentinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun iki ölkə ərazisində missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Lakin təəssüf ki, biz bu günə qədər hansısa ciddi addımları müşahidə etmirik.
UNESCO illərdir davam edən mədəni terror faktları ilə bağlı heç bir mövqe nümayiş etdirməyib. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal edən Ermənistan bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasını hərbi sursat anbarına çevirmişdi. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı bu mağarada Ermənistan hərbçiləri Azıxantropa aid olan, gildən və daşdan hazırlanmış məişət əşyalarını, əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil etmişdilər. Ermənilər yeni aşkarladıqları artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çevirmişdilər. Onlar, həmçinin məşhur Xocalı kurqanlarını yer üzündən siliblər. İşğal altında saxladıqları İslam abidələri, xüsusilə məscidləri, türbələri və qəbiristanlıqları dağıdıb, alban xristian abidələrini tamamilə saxtalaşdırıb erməniləşdiriblər.
Xalqımızın tarixi yadigarı olan Yelisey, Həsənriz məbədləri və digər abidələrdə olan Alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdılıb. Yelisey məbədində Alban hökmdarı III Vaçaqanın qəbri və yazı tamamilə məhv edilib. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla yer üzündən silinib. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı yandırıblar. Tarixi əhəmiyyətli 40 min nadir muzey sərvəti və eksponat talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng, Gəncəsər məbədinin albanlara məxsusluğunu göstərən elementlər silinib erməniləşdirilib.
Erməni vandalları ümumilikdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbini qarət edərək Ermənistana aparıblar. UNESCO isə ermənilərin qanunsuz davranışlarını səssiz qarşılayıb, bu günə qədər bir dəfə də olsun etiraz etməyib. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb. Bu qərardan sonra erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını başdan-başa dağıdıblar. Azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik dövlətin rəhbərliyi əvvəllər azərbaycanlıların məşkunlaşdıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməniləşdirib. Ortaya çıxan son videogörüntülər isə Azərbaycan qəbiristanlıqlarının insanlığa xas olmayan üsullarla dağıdıldığını bir daha nümayiş etdirir.
Qarabağda və Qərbi Azərbaycanda (İndiki Ermənistanda) məşhur tarixi və mədəni abidələrin dağıdılması, ermənilərin özbaşınalığı “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” 1972-ci il Konvensiyasına ziddir. Bütün bu ədalətsizliklərə səssiz qalmaq gələcəkdə Qərbin özünün də erməni vandalizmindən sığortalanmadığını göstərir.