Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan ixrac imkanlarını şaxələndirməklə yanaşı, həm də ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmış oldu
Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılması, bu qlobal layihələrdə Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması bir tərəfdən ölkəmizin vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən gələcəkdə qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.
Qeyd edək ki, Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında Xəzər qazının birbaşa Avropaya çıxarılması haqda birgə bəyanat hələ 2011-ci ildə imzalanmışdı və TANAP-TAP layihələri ideyası ortaya çıxmışdı. 2012-ci ildə Azərbaycan və Türkiyə hökumətləri bu layihə üzrə razılıq əldə etdi. Cənub Qaz Dəhlizi layihəsinin arxasında siyasi iradə Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Bunu yerli və xarici analitiklər də dilə gətirir. 2011-ci ildə Brüssellə birgə bəyanata imza atan cənab İlham Əliyev 2014-cü ilin 20 sentyabrında Avropanın əsas neft arteriyası hesab olunan “Əsrin müqaviləsi”nin 20 illik yubileyində layihənin təməlini qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alan layihənin təkcə Azərbaycana yox, Avropanın ən azı 7 ölkəsinə iqtisadi və siyasi dividendlər gətirəcəyi şübhəsizdir.
Məlum olduğu kimi, layihə artıq reallaşıb. 2020-ci ilin dekabrın sonunda Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıldı. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail oldu. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra bu gün kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən “SNAM Rete Gas” (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırıldı. Beləliklə, dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirməklə yanaşı, həm də ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmış oldu.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev TAP üzərindən ilk qazın nəqli ilə bağlı deyib: “Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır”.
SOCAR prezidentinin qeyd etdiyi kimi, bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılması, Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, «Şahdəniz-2» layihəsinin reallaşdırılması bir tərəfdən Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən gələcəkdə qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.
Xatırladaq ki, 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır. TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir. Bunun üçün bazar araşdırmasının ikinci mərhələsi cari ilin yay aylarında başlanacaq. Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.
Beləliklə, Azərbaycan bu gün bütün dünyaya bir daha göstərir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik.
Sevinc Azadi, “İki sahil”