08 yanvar 2021 13:07
1262

Hər daş-qayası ilə abidə olan qala-şəhər

Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi bu qədim diyarın mədəni həyatımızda çox böyük rol oynadığının növbəti nümayişinə çevtiləcək. Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev də həmin hadisəni sevinc hisi ilə qarşılayanlardan biridi.

“Tikilən hər ev, çəkilən hər hasar abidə olmur. Lakin tarix Şuşaya elə tale bəxş edib ki, bu şəhərdə daş üstə qoyulan hər daş, tikilən hər bina, çəkilən hər arx bir abidəyə çevrilib və xalqımızın keçməkeşli tarixindən soraq verən, ata-babalarımızın izlərini yaşadan mənbə kimi bizə doğmadır”, -söyləyən tədqiqatçı-jurnalist AZƏRTAC-ın müxbirinə deyib: “Əslində Şuşanın ilk abidəsini 1750-cı ildə bünövrə daşları düzülmüş tarixi qala divarları hesab olunmalıdır. Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq indiki qalanın içində bir neçə yerdə quyu qazdırıb və həmin quyulardan su çıxandan sonra orada şəhər salınması barədə qərara gəlib. Həmin il iyunun 21-də Qarabağ xanı öz əlləri ilə qalanın bünövrəsinə ilk daşları atıb və onun tikintisində fəhlə kimi işləyib. Azərbaycan memarlığının ən gözəl incilərindən biri olan Şuşa qalası Şərq memarlıq məktəbi üslubunda inşa edilib. Qala dairəvi mühafizə bürclərinə malikdir və hər iki qapısı - İrəvan və Gəncə qapıları öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.

Desəm ki, Şuşa başdan-başa tarixi yerlər, abidələr şəhəridir, heç bir mübaliğəyə yol vermiş olmaram. Bu qədim qala-şəhərin hər addımından, hər qarışından tarixi keçmişimizin izləri boy göstərir. Şəhərin ilk yaşayış məhəlləsi isə Çuxurməhlə olub. Sonralar həmin məhlədə məscid, bulaq və hamam da tikilib. Aran Qarabağa gedib-gələn doğmalarının yolunu gözləyən qız-gəlinlərin zirvəsinə qalxdığı Çanaqqala-Ərimgəldi qayası, vaxtilə cavanların küştü tutduğu Dotələb, Cıdır düzündən Daşaltıçaya düşmək üçün yonulmuş daşlardan ibarət Qırxpilləkən, qala üçün müdafiə əhəmiyyəti daşıyan Qızıl qaya, Cıdır düzünün ən hündür nöqtəsi olan Üçmıx şəhərin ən məşhur tarixi məkanları kimi tanınır”.

Tədqiqatçı-jurnalist bir sıra maraqlı məqamlara da işıq tutub: “Əslində Şuşada Topxana adlanan meşə yoxdur. Hamının Topxana kimi tanıdığı meşə Çaxmaq meşəsidir. Topxana isə meşənin yuxarısında Şuşaya hücum edən görkəmli dövlət xadimi və sərkərdə Ağa Məhəmməd şah Qacar qoşunlarının toplarının qurulduğu yerdir. Həmin düzəngah öz adını da elə buradan alıb. Cıdır düzünün ilkin adı isə Qafur düzü olub. Məskunlaşmanın ilk illərində qala sakini Qafur həmin ərazidə at saxladığına görə bura onun adı ilə tanınıb. Sonralar həmin ərazidə at yarışları, çövkan oyunları keçirildiyinə görə onu Cıdır düzü adlandırıblar”.

Vasif Quliyev daha sonra deyib: “Şuşada çoxlu məscidlər fəaliyyət göstərib. Yuxarı və Aşağı Gövhər ağa məscidlərindən əlavə burada hər məhəlllənin öz məscidi olub: Hacı Yusifli, Saatlı, Köçərli məhləsindəki məscidlər, Mehmandarovların, Bəhmən Mirzə Qacarın saray kompleksinin içindəki məscid... Xan qızı bulağı, Şor bulaq, Mamayi bulağı, Hacı Yusifli bulağı, Meydan bulağı, Çuxurməhlə bulağı, Təzə məhəllə bulağı, Səkili bulaq, Əjdaha bulağı, Qurdlar məhləsindəki bulaq, Qotur bulaq, İsa bulağı, Turşsu, Daşaltı seyrəngahları da Şuşanın tarixi məkanları hesab olunmağa layiq ünvanlardır.

Şəhərdə tacir Hacı Qulunun bünövrəsi qurğuşundan tökülmüş 40-dan artıq otağı olan nəhəng evi, Mehmandarovların, Zöhrabbəyovların, Vəzirovların, Haqverdiyevlərin, Behbudovların, Hacı Dadaşın Avropa üslubunda tikilmiş evləri möhtəşəmliyi və yaraşığı ilə göz oxşayırdı. Onu da deyim ki, 1830-cu il dekabrın 30-da Şuşada Azərbaycanda ilk məktəb – qəza məktəbi açılıb. Ümumən 1203 metr uzunluğunda daş döşənmiş küçələr, 3 türbə, 12 karvansara qala-şəhərin qədim tarixi məkanları sırasındadır. Tarix Muzeyi, Xalça Muzeyi, Dərman Bitkiləri Muzeyi, Üzeyir Hacıbəyov və Bülbülün ev muzeyi, açıq səma altında Daş Sənətkarlığı Muzeyi, həmçinin Rəsm qalereyası şəhərin sosial xəritəsinin ən gözəl nümunələri idi... Ümumən bu qədim şəhərdə ittifaq, respublika və yerli əhəmiyyətli 549 tarixi abidə olub”.