11 yanvar 2021 13:59
2119

Qoruqlar, yasaqlıqlar yenidən qurulacaq və bərpa olunacaq

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə - milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir. Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir.

"İki sahil" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı Arzu Səmədova bildirib.

A.Səmədovanın sözlərinə görə, milli parkların yaradılmasına 2003-cü ildən etibarən başlanılıb, son olaraq 2018-ci ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda 99 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılıb: “2020-ci ildə yerli və xarici turistlərin milli parklar barədə məlumatlılığının artırılması məqsədilə mövcud ekoturizm marşrutlarını elektron formada özündə əks etdirən, eyni zamanda, onlayn formada bilet almağa imkan verən www.nationalparks.az və www.milliparklar.az internet portalı istifadəyə verilib. Bundan əlavə, hazırda “Zaqatala-biosfer qoruğunun yaradılması” layihəsi üzrə işlər aparılır. Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.

Planlaşdırılan işlər çərçivəsində ölkədə ilk olaraq seçiləcək palçıq vulkanlarından ibarət geopark statuslu xüsusi mühafizə olunan təbiət ərazisi kateqoriyası formalaşdırılacaq. Hazırda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Hirkan meşələri üçün nominasiya sənədi və geopark statusu veriləcək vulkanlarla bağlı təkliflər paketi hazırlanır.

Qeyd etməliyəm ki, azad edilmiş torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqlar olub. 30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub. Avropada unikal meşə sayılan Bəsitçay Dövlət Təbiət Qoruğunun 107 hektarlıq təbii çinar meşəliyinin əksər hissəsi məhv edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə həmin ərazilərdə monitorinq aparılacaq, dəymiş ziyan hesablanacaq, qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq”.