Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı

29 may 2018 20:33
3419

Azərbaycan Xalq Cümhuriyyətindən (AXC) bəhs etdikdə ilk növbədə qeyd etmək lazımdır ki, o zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Bununla da AXC-nin iqtisadi platformasında dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı.

AXC hökumətinin iqtisadi platformasında respublikanın mövcudluğundan əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət birmənalı idi. Bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuyğun sayılırdı. Azərbaycanda mövcud olan xarici kapital nümayəndələri ilə münasibətləri yeni əsaslarda inkişaf etdirmək üçün konkret addımlar atılırdı. Məsələn, Azərbaycan hökumətinin 18 oktyabr 1919-cu il tarixində qəbul etdiyi qərarda Böyükşor gölünün bir hissəsinin “Nobel qardaşları birliyinə” icarəyə verilməsi haqqında vaxtı bitmiş müqavilənin bərpa olunması göstərilir, bu müqavilənin şərtlərinə yeni dəyişikliklərin edilməsi əsaslandırılırdı.

23 ay fəaliyyəti dövründə respublikanın yaratdığı iqtisadi qanunvericiliyə görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin “dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr” daxil edilirdi.

Dövlətin mühüm iqtisadi tənzimləmə aləti mütərəqqi gəlir vergisi hesab olunurdu. Bu vergi müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizini təşkil edirdi. Dolayı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər fəal iqtisadi tənzimləyici rol oynayırdı.

Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-“Bakı bonları” buraxıldı. Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.

Nəticədə hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı, Dövlət Bankı açıldı, əmtəələrin sərbəst ixracının təmin edilməsinə başlanıldı.

Qeyd edək ki, AXC hökuməti inflyasiya şəraitində bir neçə dəfə (1919-cu ilin 5 may və 1 dekabrda) əlavə pul emissiyasına icazə vermək zərurəti qarşısında qaldı. Söhbət ondan gedirdi ki, neft sənayesini məhz bu yolla böhrandan çıxarmaq mümkün idi. Məsələ burasındadır ki, bu illərdə  neft sənayesi iqtisadiyyatın prioritet sahəsi sayılsa da, Rusiyada inqilabdan sonra Azərbaycan neftinin ixracı nəzərəçarpacaq dərəcədə azalmışdı. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdi. Azərbaycan müstəqilliyini elan etdikdən sonra hələ 1918-ci ilin iyun ayında Osmanlı Türkiyəsi, Gürcüstan və Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən hər iki müstəqil dövlət Bakı-Batum kerosin boru xəttinin lazımı rejimdə saxlanacağı barədə öhdəliklər götürdülər. Eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra neft satışından gəlirlər əldə etmək mümkün oldu. Ümumiyyətlə, AXC-nin mövcud olduğu dövr ərzində 1918-ci ildə 3287 yataqdan 185,6 pud (2,96 milyon ton) neft, 1919-cu ildə 2066 yataqdan 225,1 pud (3,6 milyon ton) neft, 1920-ci ildə isə 2037 yataqdan 175,1 pud (2,8 milyon ton) neft çıxarılmışdı. Bu dövrdə eyni zamanda, anbarlarda xeyli miqdarda neft yığılıb qalmışdı. Təsadüfi deyil ki, bolşeviklər Bakının işğalından bir gün sonra birinci növbədə Azərbaycanda yığılıb qalmış 5 milyon ton nefti Rusiyaya daşıdılar.

Bir məsələni də qeyd etmək lazımdır ki,  AXC özünün xarici iqtisadi fəaliyyətində daim Azərbaycan hökumətinin başlıca vəzifələrini reallaşdırmaq məqsədini güdürdü. Bu vəzifələrdən biri öz əhalisini zəruri şeylərlə təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi.

Belə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı o məhsulun əhali üçün nə dərəcədə zəruri olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Azərbaycan hökumətinin 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtlərinin ixracına icazə verilirdi. Halbuki, AXC-nin fəaliyyətindən qabaq xaricə spirtlərin satışı qadağan olunmuşdu. Bu da bəzi təsərrüfatların və hökumətin maliyyəsinə mənfi təsir göstərmişdi.

Eyni zamanda, AXC-nin Ticarət, Sənaye və Ərzaq Nazirliyinin nəzdində əsas funksiyası neftin ixracının təşkili olan Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi 15 mart 1919-cu il tarixli plenar iclasında bütün əmtəələr iki böyük qrupa ayrıldı: 1. Xaricə ixrac edilməsinə icazə verilməyən əmtəələr və ya komitənin xaricə ixrac etməyə səlahiyyəti olmayan əmtəələr, 2. Komitənin icazəsi ilə xaricə ixrac edilməsinə icazə verilən əmtəələr.

Bu iclasdan dərhal sonra Ticarət, Sənaye və Ərzaq Nazirliyi ixraca dair qaydalar təsdiq etdi. Qaydalarda, ümumiyyətlə, ixracına icazə verilməyən əmtəələr siyahısına taxıl, un, bişirilmiş çörək, krupa, yem, at, iri və xırdabuynuzlu mal-qara, ət və onun bütün növləri, qənd, külçə və pul şəkilində qızıl və gümüş, dəmir, soyuq silahlar və s. daxil edildi. Komitə tərəfindən xaricə satışına icazə verilən əmtəələrə düyü, makaron, hər cür toxum və tərəvəz, çay, qəhvə, bitki yağı, şərab, duz, sabun, meşə materialları, neft və neft məhsulları, qızıl və gümüş məmulatı, maşın və alətlər və s. aid idi. Əsasnamədə göstərilirdi ki, bu iki qrupa aid olmayan, yerdə qalan bütün əmtəələrin azad satışına icazə verilir.

Xaricdən Azərbaycana gətirilən spirtli içkilərə, balıq məhsullarına gömrük rüsumlarının artırılması haqqında AXC parlamentinin maliyyə-büdcə komissiyasında 1919-cu ilin avqust ayında təsdiq olunan qanun layihələri də daxili bazarın qorunmasına və inflyasiyanın qarşısının alınmasına xidmət edirdi.

AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu. Həmin iclasda qərar qəbul olundu ki, əsas diqqət xəzinənin doldurulmasına yönəldilməlidir. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi.  Bu qanuna görə pambıq, yun, ipək, frizon (ipək istehsalında tullantı), barama kimi xammalların azad şəkildə ixracına bu şərtlə icazə verilirdi ki, ixrac olunan xammalın dəyərinin 25 faizi əvəzsiz olaraq xəzinənin hesabına köçürülsün. Məsələnin belə qoyuluşu xarici valyuta əldə etmək və ya əmtəə mübadiləsi qaydası ilə dövlətə lazım olan zəruri məhsulları almaq imkanı yaradırdı.

AXC parlamentinin 22 dekabr 1919-cu il tarixli iclasında hökumət rəhbəri Nəsibbəy Yusifbəyli yeni kabinetin (bu 5-ci olmaqla həm də sonuncu oldu)  bəyannaməsini elan etdi. Orada Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi güclü iqtisadiyyatın yaradılması zərurəti göstərilirdi. Hökumətin xarici ticarət siyasətində köklü dəyişiklik etməsi nəzərdə tutulurdu. İndiyədək ticarət siyasətində idxalı artırmaq və imkan daxilində ixracı azaltmaq üstünlük təşkil edirdisə və nəticədə pul qiymətdən düşürdüsə, artıq indi ixracı stimullaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsi mümkünlüyü və zərurətindən bəhs olunurdu. Nəsibbəy Yusifbəyli pulun dəyərdən düşməsinin səbəblərini, ixracın olmaması, neft sənayesinin ağır vəziyyəti ilə izah edirdi. Bu baxımdan da yeni kabinet iqtisadiyyatın sağlamlaşdırılmasına pulun sağlamlaşdırılmasından başlamağı məqsədəuyğun sayırdı.

AXC digər ölkələrlə olduğu kimi, Rusiya ilə iqtisadi əməkdaşlığa da böyük əhəmiyyət verirdi. AXC-nin təcrübəsində belə bir cəhət diqqətəlayiqdir ki, o, Rusiya bazarından məhrum olmağa mənfi münasibət bəsləyirdi. Neft, pambıq və başqa ixrac məhsulları üçün rus bazarlarının böyük əhəmiyyətini nəzərə alırdı. M.Ə.Rəsulzadə “bolşevik hökuməti ilə birbaşa əlaqələrin yaradılmasını” tələb edir, N.Yusifbəylinin təşkil etdiyi hökumət isə öz iqtisadi proqramında bu məsələyə xüsusi yer ayırırdı. Lakin qarşı tərəfin Azərbaycanı müstəqil dövlət kimi tanımasını açıq bildirməməsi və
XI ordunun Azərbaycan istiqamətində irəliləməsi bu məsələyə münasibətdə AXC parlament və hökumət üzvlərinin arasında mübahisələrə səbəb olurdu.

Müxtəlif fikirlərin mövcudluğuna baxmayaraq, 1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycanın birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalandı. Lakin bolşeviklər AXC-ni qane edə biləcək bir sıra şərtlər vəd etsələr də onlara əməl etmədilər.

Mütəxəssislərin sözlərinə görə, demək olar ki,  peşəkar iqtisadçının təmsil olunmadığı AXC hökumətinin iqtisadi sistemi o dövrün qabaqcıl iqtisadi nəzəriyyələrindən və ümumi inkişaf xəttindən kənarda təsəvvür etmək olmaz. O zaman dünyada azad rəqabətdən inhisara, tənzimlənməyən bazar iqtisadiyyatından tənzimlənən bazar iqtisadiyyatına keçid baş verirdi. İqtisadi liberalizm prinsipləri isə mütləq qəbul olunan deyildi. Bu da öz əksini, heç şübhəsiz, AXC-nin iqtisadi inkişaf platformasında tapırdı.

Ceyhun Piriyev, “İki sahil”

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir