İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması dövlətin bu sahəyə dəstəyinin ən bariz nümunəsidir
Dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır (XİZ). XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.
Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilir, təhlillər aparılır və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev 22 yanvar 2021-ci il tarixində “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
Qeyd edək ki, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən, ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycanda XİZ-lərin təşkilini və fəaliyyətini tənzimləyən qanunvericilik bazası ölkəmizdə sahibkarlığa dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, iri istehsalat obyektlərinin fəaliyyəti üçün zəruri tranzit xidmətlərinin təşkil olunması və digər əlaqəli xidmətlərin inkişaf etdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması baxımından Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması xüsusi əhəmiyyətə malikdir. Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli Sərəncam imzalanmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 2020-ci il 22 may tarixli Fərmanı ilə Ələt azad iqtisadi zonası yaradılmış, həmçinin Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu təsis edilmişdir.
Bəs azad iqtisadi zonalar Azərbaycana nə verəcək?
Azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini həmdə coğrafiyasını genişləndirməyə şərait yaradacaq. Bu da bir başa və dolayısı ilə valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizmdir.
Tarixə nəzər saldıqda məlum olur ki, xüsusi iqtisadi zonalar əsasən XX əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən dünyanın 130 ölkəsində 4000-dən çox xüsusi iqtisadi zona mövcuddur ki, onlarında qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrində iqtisadiyyatına müsbət impuls verməkdədir. Azad İqtisadi Zonanın regional təsirlərini əyani görmək üçün Dubaya baxmaq kifayətdir. Belə ki, 1940-cı ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi və ardından isə onun ətrafında Azad İqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsini müasir zamanımızda dünyanın əsas ticarət və maliyyə mərkəzinə çevrilməsinə imkan yaratdı. Bu gün, Free Trade Zone modelindən uğurla istifadə edən ölkələrdən biridə qardaş Türkiyədir. Türkiyə Ticarət Nazirliyinin rəsmi internet saytının verdiyi məlumata əsasən bu gün üçün qardaş ölkədə bu xüsusi statuslu iqtisadi zonanın ticarət dövriyyəsində payı 20 milyard dollardan artıqdır.
Ümumiyyətlə, Strateji Yol Xəritəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutulur. Bu baxımdan Azad İqtisadi Zonanın yaradılması həm orta müddətli hədəfin reallaşdırılması, eyni zamanda, 2025-ci ildən sonrakı dövr üçün əsas hədəf olaraq müəyyənləşdirilən sosial rifah halının yaxşılaşdırılması və inkişaf indeksinin ən yüksək səviyyəyə çatdırılması hədəfinin reallaşdırılmasına müsbət təsir edəcək.
Sevinc Azadi, “İki sahil”