"Şagirdlər uzun müddətdir ki, məktəbdən kənardadır və rejimləri dəyişib. Onlayn dərslər ənənəvi dərslər ilə müqayisədə bir az gec başlayır. Yaxşı olar ki, bu həftədən etibarən valideynlər uşaqlarını erkən saatlarında oyadıb səhər saatlarında dərsə getməyə hazırlasınlar. Çünki indi uşaqlar bir az gec yuxudan oyanırlar. Onlara birdən-birə bu dəyişiklik mənfi təsir göstərə bilər."
Bu fikirləri “İki sahil”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, fevralın 1-dən etibarən 640 min şagirdi əhatə edəcək 1,2,3,4-cü siniflər məktəblərə gedəcək: “O məktəblərdə ki, şagird sıxlığı ümumi 200 min nəfərdən azdır, həmin məktəblərin şagirdləri həftədə 4 və yaxud da 5 dəfə dərsə gedecəklər. Bu da ənənəvi dərsin bərpası deməkdir. Xüsusən şagird sayı az olan modul tipli məktəblərdəki şagirdlərin sayı 100-dən azdır. Həmin tədris müəssisələrində şagirdlər həftənin dərs olan bütün günləri dərsə gedəcəklər. Yəni, onların cədvəllə bağlı hər hansı bir problemi olmayacaq.”