05 avqust 2025 09:00
115

Texnologiya həyatımızı asanlaşdırır, yoxsa idarə edir?

Psixoloq: Rəqəmsal asılılıq emosional və davranış pozuntularına səbəb olur

Son illərdə texnologiyanın gündəlik həyatın bütün sahələrinə sürətlə nüfuz etməsi, bir tərəfdən cəmiyyətlərə inkişaf və effektivlik gətiribsə digər tərəfdən, yeni tipli sosial və psixoloji problemləri də meydana çıxarıb. Bu problemlər içərisində rəqəmsal asılılıq ən çox yayılmış və eyni zamanda ən az etiraf edilənlərdəndir. Hər nə qədər texnologiya dövründə yaşadığımızı qəbul etsək də, onun həyatımıza nə dərəcədə nüfuz etdiyini və bizi nə qədər nəzarətə aldığını hələ də yetərincə analiz etmirik. Rəqəmsal asılılıq klassik asılılıq növlərindən olan alkoqol, tütün, narkotik və s. fərqli olaraq daha səssiz və sosial cəhətdən daha məqbul bir formada cəmiyyətə sirayət edir. Heç kim gün ərzində saatlarla telefondan ayrılmayan insana qəribə baxmır. Heç kim bir restoranda qarşılıqlı danışmadan, hər kəsin ayrı-ayrı ekranlara baxaraq oturmasını problem kimi qavramır. Amma bu davranış modellərinin davamlılığı, həm fərdi psixologiyaya, həm sosial münasibətlərə, həm də ümumilikdə cəmiyyətin sosial strukturlarına ciddi təsir göstərməkdədir.

Bəs rəqəmsal asılılıq necə yaranır və niyə bu qədər sürətlə yayılır?

Mütəxəssis rəylərini istisna etsək belə, gündəlik müşahidələr onu göstərir ki, texnologiya əvvəlcə ehtiyac kimi təqdim olunur. Yəni, ünsiyyət, məlumat, əyləncə vasitəsi kimi. Ardınca isə bu ehtiyac gündəlik vərdişə, sonra isə nəzarətsiz və şərtsiz istifadəyə çevrilir. Beləliklə, istifadəçi texnologiyadan istifadə edən subyekt olmaqdan çıxaraq texnologiyanın istifadə etdiyi obyektə çevrilir. İkinci mühüm məsələ texnologiyanın "boş zamanları dolduran vasitə" kimi qəbul olunmasıdır. Əvvəllər insanlar boş vaxtlarını sosial ünsiyyət, kitab oxumaq, açıq havada gəzinti və ya fiziki fəaliyyətlə keçirdikləri halda, indi bu zaman avtomatik olaraq rəqəmsal platformalara yönəlir. Bu isə tədricən insanın daxili balansını pozur, texnologiyadan kənarda olan fəaliyyətlər daralır, yaradıcılıq potensialı zəifləyir, diqqət əhatəsi məhdudlaşır. Digər bir vacib aspekt isə rəqəmsal asılılığın yaş fərqi tanımamasıdır. Bəzən bu problemin yalnız uşaqlara və yeniyetmələrə aid olduğu düşünülür, lakin reallıqda texnologiyanın cazibəsi bütün yaş qruplarını əhatə edir. Uşaqlar cizgi filmləri və oyunlara aludə olduğu kimi, böyüklər də sosial media, xəbər saytları və ya onlayn alış-veriş platformalarına eyni səviyyədə bağlanır.  Araşdırmalar göstərir ki, rəqəmsal asılılıqla bağlı əsas problemlərdən biri fərdi fərqindəlik səviyyəsinin aşağı olmasıdır. İnsanlar bu asılılığı qəbul etmədikcə, onunla mübarizə də aparmırlar. Belə bir vəziyyətdə texnologiyanın gündəlik həyatdakı yeri tənzimlənmir, əksinə, daha da genişlənir. Cihazlardan ayrılmaqda çətinlik çəkmək, istifadə zamanı vaxt anlayışını itirmək, texnologiyaya çıxış olmadıqda narahatlıq və əsəbilik yaşamaq bu asılılığın simptomlarıdır.

Rəqəmsal asılılığın psixoloji nəticələri də diqqətdən kənarda qalmamalıdır. Bu asılılıq emosional stabilliyin pozulmasına, sosial tənhalığa, depressiyaya və hətta bəzi hallarda aqressiv davranışlara səbəb olur. Sosial medianın təqdim etdiyi ideal həyat modelləri ilə öz həyatını müqayisə edən fərdlərdə dəyərsizlik hissi, yetərsizlik kompleksi və daim bəyənilmə ehtiyacı formalaşır. Bu isə fərdin həm özünə, həm də cəmiyyətə qarşı münasibətində təhriflər yaradır. Rəqəmsal asılılıq, eyni zamanda, cəmiyyətin kollektiv psixoloji dinamikasını da dəyişir. Məsələn, insanlar arasında bir-birinə diqqət azalır, empati zəifləyir. Gerçək söhbətlərin yerini “emoji”lər, hisslərin yerini isə “status”lar tutur. Bu, insanın sosial varlıq funksiyasına zərbə vurur. İnsanlar real ünsiyyətdən çəkindikcə, texnologiyanın arxasında gizlənərək özünü təcrid etməyə başlayır. Bu isə artıq fərdi problem deyil, cəmiyyətin birgə yaşamaq mexanizminin zəifləməsidir.

Nəticə etibarilə  texnologiya həyatın ayrılmaz parçasıdır və ondan imtina mümkün deyil. Lakin bu gerçəkliyin arxasında unutmamalıyıq ki, rəqəmsal dünyanın gətirdiyi imkanlar yalnız o zaman dəyərli olur ki, insan onlara hökm edə bilir. Əks halda, bu imkanlar tədricən idarəedici qüvvəyə çevrilir və insanı öz iradəsindən uzaqlaşdırır. Rəqəmsal asılılıq problemi təkcə texnologiyanın yox, eyni zamanda, zamanın, insanın və cəmiyyətin qarşısında dayanan ciddi bir sınaqdır. Bu sınaqdan keçmək isə təkcə texniki biliklə deyil, sosial məsuliyyət, fərdi seçimlər və şüurlu davranışla mümkündür.

Rəqəmsal asılılıq emosional və davranış pozuntularına səbəb olur

Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son illərdə insanların rəqəmsal vasitələrə,  xüsusilə smartfon və sosial şəbəkələrə bağlılığı onların psixoloji vəziyyətinə birbaşa təsir göstərir. Bu asılılıq ilk baxışdan zərərsiz görünsə də, əslində davranış və emosional pozuntuların əsas qaynaqlarından birinə çevrilir: “Asılılıq dedikdə təkcə fiziki ehtiyacdan doğan vərdişləri nəzərdə tutmuruq. Burada emosional asılılıqdan danışırıq. Emosional asılılıq o zaman yaranır ki, insan nəzarətsiz şəkildə bir vasitəyə bağlanır və ondan zövq almağa başlayır. Bu, ilk mərhələdə müsbət duyğular yaratsa da, zamanla fərdin emosional tənzimlənməsində pozuntular müşahidə olunur.”

Psixoloqun müşahidələrinə əsasən, rəqəmsal asılılıqla psixoloji problemlər arasında birbaşa əlaqə var. Onun sözlərinə görə, psixoloqlara müraciət edən bir çox insanın davranış pozuntularının arxasında məhz bu asılılıq dayanır. Bunlar arasında yuxu rejiminin pozulması, sosial əlaqələrin zəifləməsi, diqqət dağınıqlığı və aqressiv davranışlar xüsusilə ön plana çıxır: “Mənə müraciət edən pasiyentlər üzərində apardığım müşahidələr göstərir ki, onların əksəriyyətində emosional gərginlik, yuxusuzluq, insanlarla effektiv ünsiyyətin pozulması, hətta affektiv partlayışlar,  yəni, ani və nəzarətsiz emosional reaksiyalar müşahidə olunur. Bu simptomların arxasında isə çox vaxt uzunmüddətli rəqəmsal vasitələrə bağlılıq dayanır.”

O bildirir ki, rəqəmsal asılılıq həm də ailədaxili münasibətlərə mənfi təsir göstərir. Valideynlər bəzən öz övladlarına belə diqqət yetirmir, onların sözlərinə qarşı aqressiv və qeyri-adekvat reaksiya verirlər: “Təsəvvür edin ki, ana və ya ata telefonunda bir video izləyir. Uşaq ona yaxınlaşır və bir sual verir. Həmin an valideyn özü də hiss etmədən aqressiv cavab verir və ya uşağı itələyir. Bu davranışlar təsadüfi deyil. Rəqəmsal asılılıq insanı elə bir nöqtəyə gətirir ki, o, ətraf aləmlə emosional bağını itirir.”

Psixoloq əlavə etdi ki, bu asılılıq yalnız psixoloji deyil, eyni zamanda, fiziki dəyişikliklərə də səbəb olur. İnsanlar öz görünüşlərində fərqliliklər hiss edirlər, həm bədən dili, həm də üz mimikaları dəyişir. Bu isə sosial təcridin daha da dərinləşməsinə səbəb olur: “Rəqəmsal asılılıqla yaşayan insanlarda zamanla fiziki simptomlar da yaranmağa başlayır: gözlərin yorğunluğu, hərəkətsizlikdən yaranan əzələ ağrıları, bədən duruşunda dəyişiklik, qeyri-sağlam qidalanma vərdişləri və nəticə etibarilə görünüşdə dəyişikliklər. Bu da öz növbəsində psixoloji yükü daha da artırır”.

Aytən Ələkbərova belə hesab edir ki, problemin həlli yolu təkcə rəqəmsal alətlərdən imtina etmək deyil. Çünki bir asılılığı digər bir asılılıqla əvəzləmək müvəqqəti təsir göstərir və problemin kökünü aradan qaldırmır: “Çoxları düşünür ki, rəqəmsal alətləri kənara qoyub dərhal kitab oxumağa keçmək problemi həll edəcək. Amma bu, yalnız davranış dəyişiklikləridir. Əsas məsələ isə beynimizdə formalaşan asılılıq mexanizmini pozmaqdır. Yəni, insan öz-özünə sual verməlidir: mən niyə bu qədər bir şeyə fokuslanıram? Niyə bu qədər həzz alma ehtiyacı hiss edirəm? Bu sualları cavablandırmadan heç bir alternativ fəaliyyət kömək etməyəcək”.

Həmsöhbətimiz bildirdi ki, psixoloqlara müraciət edən insanlar bəzən sadəcə bu kimi sualları cavablandırmağa ehtiyac duyurlar. Mütəxəssisə yönələn şəxs düzgün istiqamətləndirildikdə və öz problemini qəbul etdikdə, çox qısa müddətdə irəliləyiş əldə etmək mümkündür: “Bizə gələn bəzi şəxslər, hətta uzun illər narkotik asılılığı olan insanlar belə, düzgün psixoloji dəstək və yanaşma ilə bir ilə çatmadan bu asılılıqlardan qurtula bilirlər. Rəqəmsal asılılıq da fərqli deyil. Sadəcə burada problemin mənbəyi daha maskalanmış və cəmiyyət tərəfindən ‘zərərsiz’ hesab edilən sahədən qaynaqlandığı üçün insanlar onu görməkdə çətinlik çəkirlər”.

Sonda psixoloq vurğulayır ki, bu mövzularda aparılan maarifləndirici söhbətlər, müsahibələr və ictimai çıxışlar insanlar üçün güzgü rolunu oynayır. Hər kəs özündə bu simptomları müşahidə etdikdə problemi qəbul edib yardım almağa hazır olur: “Biz hər dəfə bu mövzuda danışdıqca, insanlar oxuduqlarını öz üzərlərində tətbiq edir və müəyyən davranışlarının haradan qaynaqlandığını anlamış olurlar. Bu isə o deməkdir ki, bir mütəxəssisə müraciət etdikdə artıq onlar hansı mərhələdə olduqlarını bilirlər və proses daha tez və effektiv irəliləyir”.

Nigar Orucova, “İki sahil”