Cənubi Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yeddinci iclası özündən əvvəlki iclaslardan seçildi. Aydın məsələdir ki, əvvəlki 6 iclas layihənin icrasının gedişatı, qarşıya çıxan müxtəlif məsələlərin müzakirəsini əhatə edirdi. Lakin ötən ilin son günündə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsi faktiki olaraq tamamlanmış oldu. Düzdür, yeddinci iclasın Cənub Qaz Dəhlizi çərçivəsində son bir ildə görülmüş işlərlə bərabər gələcək perspektivlərin müzakirəsi bəlli idi. Lakin bu perspektivlərin tərəflər üçün nələri vəd etməsi olduqca maraq doğuran məsələdir.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonin iclasdakı çıxışında deyib ki, 2050-ci ilə qədər Avropada iqlim neytrallığı olmalıdır və gələn 10 il ərzində emissiyaların azaldılması ən azı 55 faizə çatmalıdır: “Bu baxımdan biz qazın rolunu əvəzedici yanacaq kimi görürük. Avropa İttifaqı Şurası bu yaxınlarda etiraf etmişdir ki, qaz keçid yanacağa kimi enerji təhlükəsizliyini və əlçatanlığı saxlanmaqla qara kömür kimi havanı çirkləndirən enerji mənbələrindən tədricən uzaqlaşmanın təmin edilməsində öz rolunu oynayacaqdır. Eyni zamanda, gələcək “yaşıl razılaşma” ilə dünyada qaz de-karbonlaşdırılmalıdır və öz yerini hidrogenin və digər de-karbonlaşmış yanacağın tətbiqi üçün təhvil verməlidir”. K. Simsonin vurğulayıb ki, Avropa İttifaqı metan emissiyaları sayəsində tədbirlərə xüsusi önəm verir: “Biz bilirik ki, metan qısa perspektivdə CO2-dən qat-qat zərərlidir. Metan emissiyaları bütün istilik qazların emissiyasının 50 faizə yaxın hissəsini təşkil edir”.
Belə görünür ki, Avropa İttifaqı Cənub Qaz Dəhlizinə qitənin enerji təhlükəsizliyi prizmasından baxsa da, Qərbi Balkan regionuna gələndə buraya müəyyən şərtlər əlavə olunur. K.Simson “Bu layihə Qərbi Balkan regionu üçün etibarlı və enerji çıxışının təmin edilməsinə necə töhfə verə bilər?” sualını verərək ardınca “Çünki həmin region de-karbonlaşmış sistemə doğru tədricən addımlayır, kömürdən uzaqlaşır və öz güclü potensialını inkişafda olan, bərpaolunan enerji üçün istifadə edir”,-deyə cavablandırıb. Onun sözlərinə görə, Azərbaycan qazının günlərin bir günündə Qərbi Balkanlara çatması bir sıra aspektlərdən asılı olacaq. Əsas aparıcı qüvvə bazara əsaslanan investisiya qərarları olacaq.
Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də deyib ki, təbii qazın Qərbi Balkanlarda faydalı enerjiyə keçid sahəsində mühüm rolu var. Lakin hazırda həmin regionda bununla bağlı çətinliklər mövcuddur, əgər bu məsələlər həmin regionda həll olunarsa, belə bir keçid daha asanlıqla baş tutacaq: “Bunun baş verməsi üçün bizə infrastruktur lazımdır. Bu səbəbdən iqtisadi investisiya planı bir-biri ilə bağlı 5 sahəyə yönəlib və orada Qərbi Balkanlara qazın təchizatı xüsusi yer tutur. Təbii ki, burada təchizatın təhlükəsizliyi və rəqabət nəzərdən keçiriləcək, müvafiq bazarlarda daha etibarlı və qiymət baxımından daha əlçatan şərait yaradılacaq... Yeni qaz təchizat mənbələri həmin regionda qaz bazarının canlanması deməkdir”.
Bir sözlə, Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə “biz qazın rolunu əvəzedici yanacaq kimi görürük” kimi ifadə, eyni zamanda, infrastruktur, təchizatın təhlükəsizliyi, qiymət kimi amillərlə cavab verməkdədir.
Azərbaycan tərəfi isə hesab edir ki, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Artıq Qərbi Balkan ölkələri ilə anlaşma memorandumları da imzalanıb. Prezident İlham Əliyev sözügedən iclasdakı nitqində bildirib ki, İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra Azərbaycan təchizat marşrutlarını şaxələndirmək imkanı əldə edəcək və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacaq.
Söhbət ondan gedir ki, Cənub Qaz Dəhlizi təkcə marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir. Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Üstəlik Azərbaycan qaz ehtiyatları hesabına bu Dəhlizdən enerji nəqlini artırmaq imkanına malikdir. Elə Qərbi Balkan ölkələrinə qaz nəqlinin nəzərdə tutulması da bu imkandan irəli gəlməklə bazarların şaxələndirilməsinə imkan verib.
Eyni zamanda, Cənub Qaz Dəhlizi digər mənbələrdən də Avropaya qaz ixracına imkan verir. Bu baxımdan Cənub Qaz Dəhlizi Xəzər dənizinin qazını Avropaya yeni marşrut və mənbə kimi çatdırmaqla qalmır, digər mənbələri də infrastruktur baxımından əlçatan edir. Qaz təchizatında məhdud sayda mənbədən və marşrutdan asılılığı azaltmağa çalışan Avropa ölkələri üçün bu, birnömrəli məsələdir.
Yeri gəlmişkən deyək ki, ötən ilin son günündən etibarən Azərbaycandan qaz idxal etməyə başlamış İtaliya artıq onun bəhrəsini görüb. Belə ki, K. Simsonin məlum çıxışında deyib ki, Cənub Qaz Dəhlizi əhaliyə daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir: “Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qaz qiymətlərinin artıq aşağı düşdüyünü görürük”.
Ekspertlərin fikirlərinə görə, gələcəkdə həm Xəzəryanı dövlətlər, yəni Türkmənistan, Qazaxıstan kimi ölkələrin təbii qazının bu marşrutla daşınması mümkün ola bilər. Digər tərəfdən, Şərqi Aralıq dənizindən çıxarılacaq təbii qaz, əsasən də İsrailin təbii qazı gələcəkdə bu marşrutla daşına bilər. Eyni zamanda, Yaxın Şərq ölkələri də buraya misal göstərilə bilər. Bu da öz növbəsində Cənub Qaz Dəhlizini adıçəkilən ölkələr üçün hazır infrasruktura çevirməklə onlar üçün Avropaya qaz ixracı perspektivi yaradır.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarının “biz qazın rolunu əvəzedici yanacaq kimi görürük” dediyi kimi, Azərbaycan da gələcək inkişafını təkcə Avropaya qaz nəqlində görmür. Artıq Azərbaycanın da bərpa edilən enerjiyə dair planları var. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindır: “Biz artıq onların ikisi ilə inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq”.
Bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Laçın rayonunun Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı olub. Bu, işğadan azad edilmiş ərazilərdə açılışı olan ilk elektrik stansiyası olmaqla bu ərazidə bərpa olunan enerjiyə verilən əhəmiyyəti bir daha nümayiş etdirir. Təsadüfi deyil ki, ölkə başçısı işğaldan azad edilmiş torpaqları “yaşıl enerji” zonası adlandırıb.
Nəticə etibarilə Cənub Qaz Dəhlizi növbəti mərhələyə keçid etməklə tərəflərə qeyd edilən yeni perspektivlər yaradır. Beləliklə də “yaşıl razılaşma”nın reallaşıb-reallaşmayacağından asılı olmayaraq Cənub Qaz Dəhlizi Avropa üçün uzun müddət aktuallığını qoruya biləcək.
Ceyhun Piriyev, “İki sahil”