15 fevral 2021 19:52
1366

“Ağıllı” yaşayış məntəqələri hansı imkanlara malikdir?

Qarabağda “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqi bölgənin inkişafını daha da sürətləndirəcək

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində salınacaq “ağıllı” yaşayış məntəqələrinə ictimai maraq günü-gündən artmaqdadır. Fevralın 14-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı bildirdi ki, Zəngilan rayonunda birinci “Ağıllı kənd” layihəsinə start verilir. Bu, dağılmış Ağalı kəndidir və birinci bərpa ediləcək kənd məhz bu kənddir. Xatırladaq ki, hələ bir müddət öncə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yüksək texnologiyalar vasitəsilə "smart city", "smart village", yəni "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında şəhər və kəndlərin salınacağını bildirmişdi: "Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "smart-city", "smart-village", - yəni "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik".

Yeniliyin vacibliyini nəzərə alaraq “ağıllı şəhər”, “ağıllı kənd” layihələri ilə bağlı bir sıra məlumatları diqqətinizə çatdırırıq. İlk öncə “ağıllı” yaşayış məntəqələrini adi yaşayış məntəqələrindən fərqləndirən xüsusiyyətlərə nəzər salaq. “Ağıllı şəhər” şəhər problemlərini həll etmək və ümumilikdə, xidmət göstərmək üçün texnologiyadan istifadə edən bir şəhərdir. O, nəqliyyat və əlçatanlığı, sosial xidmətləri yaxşılaşdırmaq və vətəndaşlarına rahat yaşayış vermək baxımından daha üstündür. “ağıllı şəhər” ifadəsi yeni olsa da, ideya tarixə söykənir. Belə ki, Qədim Roma şəhərləri vətəndaşlarının həyatlarını asanlaşdırmaq üçün texnologiyadan istifadə konsepsiyasının elementlərini hələ o zaman tətbiq ediblər. Su kəmərləri və su drenaj sistemləri buna nümunədir.

“Ağıllı şəhər”in əsas hədəfləri siyasi səmərəliliyin artırılması, israfçılığın və narahatlığın azaldılması, sosial və iqtisadi keyfiyyətin yaxşılaşdırılmasıdır. Yəni, “ağıllı şəhər”lər tıxac, hava və su keyfiyyəti, günəş radiasiyası daxil olmaqla hər cür şey haqqında məlumatları real vaxtda toplamaq üçün tətbiqlərdən istifadə edirlər. Toplanan həmin məlumatlara əsasən, hər hansı bir problemi həll etmək üçün hökumət dərhal hərəkətə keçə bilir. Sözügedən vasitənin məşhur tətbiqlərindən bəziləri tıxacı və avtomobil dayanacağını, növbəti avtobusun nə vaxt gələcəyini müəyyən edən, hava və suyun keyfiyyətini ölçən sensorlardır. Həmçinin piyada sayını aşkarlayan sensorlar kimi ətraf-mühit problemlərini həll edən sensorlar da var. Sensorlar ətrafda insanlar olmadığı zaman küçə işıqlandırmasını azalda bilər və beləliklə, elektrik enerjisinə də qənaət olar.

“ApparkB”, “Bicing” və digər tətbiqlər sayəsində insanlar özləri günlərini daha səmərəli keçirə bilərlər. Məsələn, Barselona sərnişinlərin ictimai nəqliyyatdan necə istifadə etdikləri barədə məlumat toplayaraq yeni “ağıllı avtobus” şəbəkəsi yaradıb. Bu yeni şəbəkə daha səmərəlidir və şəhər sakinlərinin 95% -nə yüksək keyfiyyətli avtobus xidmətinə çıxış imkanı verir. Şəhər təcili tibbi xidmətləri yaxşılaşdırmaq üçün GPS sensorlarından da istifadə edir. Belə ki, bu yolla işıqforlar təcili yardım maşınlarını aşkarlayır və onların təhlükəli vəziyyət yaratmadan şəhərdə mümkün qədər tez hərəkətini təmin edir.

“Ağıllı kənd” platforması isə texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsinin necə səmərəli şəkildə sürətləndiriləcəyini nümayiş etdirən çoxtərəfli təşəbbüsdür. Bu model vasitəsilə hökumətlər ictimai xidmətlərin səmərəliliyini və təhlükəsizliyini artırmağı, maliyyə xərclərini azaltmağı, şəffaflığı və yaxşı idarəetmənin təmin etməyi hədəfləyir. “Ağıllı kənd” layihələri dünyanın müxtəlif ölkələrində reallaşdırılır. Bütün dünyada ağıllı kənd layihəsinin müəyyən məqsədləri var. Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır. “Ağıllı kənd” layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Üçüncü məsələ isə odur ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır.

Bu gün Azərbaycanda kəndlə şəhər arasındakı fərqi görmək çətin deyil. Bu fərqlər özünü həm təhsildə, həm səhiyyə xidmətlərində, hətta dərman təminatında, həm də enerji təminatı və kommunal xidmətlərdə göstərir. Misal üçün, kəndlərdə insanların səhiyyə xidmətlərinə çıxışı şəhərə nəsbətən zəifdir. Avropada bu məsələ «smart boks»ların vasitəsilə həll edilib. Bu qurğular kiçik kabinetlərdir, adətən təkərli olur, yəni avtomobilin üstünə quraşdırılır. Burada qan verməklə 30-dan artıq analizin nəticəsini 1 saata öyrənmək olar. Bu analizin nəticələri təkcə kənd sakininin özünə deyil, həm də rayon mərkəzində qurulan xüsusi mərkəzə də ötürülür. Nəticədə kənd sakinləri analizi bildikdən sonra elə bu «smart-boks»da canlı olaraq həkimdən sorğu sual edib konsultasiya ala bilərlər. Burada kəndlərin heç də hamısında apteklər və bank filialları yoxdur. Hər kənddə aptek və bank filialı qurmaq da mümkün deyil. Bu məsələnin birgə həlli üçün özündə həm dərman satışını, həm də bankomatı birləşdirən bankomat tipli əczaxanalar yaradılmağa başlanılıb.

Şəhərlərdə olduğu kimi, kənd yerlərində də aktual məsələlərdən biri alternativ enerji mənbələrinin qurulmasıdır. Buraya günəş, bioenerji külək və sair enerji mənbələri aiddir: Məsələn, Almaniyada kəndə qaz vermək əvəzinə, bio enerjidən və günəş enerjisindən istifadə edirlər. Finlandiyanın Laplandiya əyalətində isə günəş enerjisindən istifadə edilir, küçələrin işıqlandırılması, ATM-lərin işi və sair cihazlar bu enerji ilə işləyir.

Hazırda dünyada «ağıllı kənd»lərin yaradıldığı bir neçə ölkə var. Məsələn, Türkiyədə «Vodafon»un dəstəyi ilə yaradılan «Ağıllı köy» layihəsi, Qazaxıstanda «Villic Qazaxıstan» layihəsi, Ruandada «Smart villic» proyekti, Ukraynada «Avtonom ağıllı kənd» layihəsi var. Almaniyada «Ağıllı kənd» layihələrindən ən böyüyü Eysenberq şəhərindədir. Burada ağıllı ticarət və logistika,  ağıllı enerji üsullarından istifadə edilir. Ümumiyyətlə, Avropada bununla bağlı çox böyük pilot layihələr reallaşdırılır: Bura 100 milyonlarla avro pul yatırılır. Bu layihə «Smart villic pilot procekt» adlanır. Hindistanda «Mikrocoft»un dəstəyi ilə yaradılan böyük bir layihə isə elə bir yerdədir ki, orada heç mobil rabitə də yoxdur, yalnız xüsusi texnologiya ilə burada yüksək sürətli internet mövcuddur.

Sevinc Azadi, “İki sahil”