26 fevral 2021 00:41
1217

Xocalı faciəsi bütövlükdə insanlığa qarşı ən qanlı cinayətdir - Pərviz İsmayılzadə

Gürcüstanın Batumi şəhərində yayımlanan və geniş oxucu kütləsinə malik “adjaraps.com” portalında Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadənin Xocalı soyqırımına dair müsahibəsi yayımlanıb.

"İki sahil" xəbər verir ki, məqalədə ermənilərin zaman-zaman Azərbaycana qarşı əsassız ərazi iddialarından, Xocalı soyqırımının səbəb və nəticələrindən, eləcə də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki Parlaq Qələbəsindən geniş bəhs olunub. Qeyd edilib ki, bu gün biz Azərbaycan tarixinin ən şərəfli və qürurverici günlərini yaşayırıq. Düşmənin işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı sayəsində azad edildi. Qırx dörd günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinin işğalına son verildi, tarixi ədalət qələbə çaldı. Bütün dünya bir daha əmin oldu ki, Qarabağ Azərbaycandır!

Məqalədə, eyni zamanda, qeyd olunur ki, 1992-ci il fevralın 26-sı Azərbaycanın yeni tarixinə qara hərflərlə yazılıb. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi cinayətlər arasında Xocalı soyqırımı öz xarakteri və dəhşətli amansızlığı ilə seçilir. Ermənilər dinc əhaliyə qarşı amansız şiddət tətbiq edirdilər. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin 77 dinc sakini öldürüldü. Çəmənli, Malıbəyli, Kərkicahan və Meşəli kəndlərində azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törədildi. Diplomat bildirib ki, Xocalı faciəsi bəşər tarixinin ən faciəli səhifələrindən biri kimi hər il ölkəmizdə və onun hüdudlarından kənarda anılır. XX əsrin sonunda törədilən bu faciə bütövlükdə insanlığa qarşı ən qanlı cinayətdir. Dünyada qəbul edilmiş beynəlxalq konvensiyalar, ümumdünya qanunları, Xocalı faciəsinə bənzər soyqırımı aktlarını pisləyir, dözümsüzlüklərini elan edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində bu soyqırımı ilə bağlı bütün həqiqətlər mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılır. Nəticədə müxtəlif ölkələr bu faciəyə beynəlxalq hüquqi qiymət verirlər. Bunun nəticəsidir ki, hazırda 17 ölkə, o cümlədən ABŞ-ın 24 əyaləti, Xocalıda mülki insanlara qarşı qırğınları pisləyən və onu törədənləri cinayətkar kimi qiymətləndirən qətnamə və digər sənədlər qəbul ediblər. Qətnamədə Xocalıdakı soyqırımı kəskin şəkildə pislənilir. Bildirilib ki, BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya soyqırımı cinayətinin hüquqi əsaslarını müəyyənləşdirir. Ermənistanın Azərbaycana təcavüzü zamanı bu Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əlamətlər qeyd edilib. Üstəlik, təcavüzkar ölkənin həyata keçirdiyi terror siyasəti barədə məlumatlar illərdir bütün dünya ictimaiyyətinə təqdim olunur. Beynəlxalq hüquq normalarına, BMT və ATƏT prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməli, ərazi bütövlüyünün və suverenliyinin pozulmasına yol verilməməlidir.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı dörd qətnamə qəbul etsə də, Ermənistan tərəfi bu illərdə beynəlxalq hüququn bütün normalarına məhəl qoymurdu. Lakin Vətən müharibəsində sonra - noyabrın 10-da Ermənistan təslim olma aktını imzalamaq məcburiyyətində qaldı. Azərbaycan bayrağı azad edilmiş ərazilərdə qaldırıldı. Azərbaycan bu müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Müsahibədə Azərbaycan və gürcü xalqları arasında tarixən mövcud olan mehriban dostluq və qonşuluq münasibətlərindən də bəhs olunur. Bildirilir ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlıq uzun illərdir mövcuddur. Tarixə söykənən əlaqəli mədəniyyətlər və bölgəmizin daha da inkişafı və çiçəklənməsi üçün ortaq maraqlar sayəsində dost xalqlar arasında əlaqələr daha da möhkəmlənir və inkişaf edir.