26 fevral 2021 17:43
1180

Hər dəfə geri baxanda görürdün ki, kimsə yoxdu XOCALI FACİƏSİNİN ŞAHİDİ

Səidə Ələkbərova: Onlar hər dəfə bizi döyüb gedəndən sonra Allaha yalvarırdım ki, əgər, ailəmdən, yaxınlarımdan kimsə meşədən Ağdama gedə bilməyibsə, elə meşədə ölsün, amma əsir düşməsin

 

Bu gün Xocalı faciəsinin 29-cu ildönümüdür. Həmin dəhşətli gecədə baş verənləri Xocalı şahidi ilə bir yerdə yada saldıq...

"İki sahil" Xocalı sakini, həmin dəhşətli gecənin şahidi, tibb bacısı, müharibə veteranı Səidə Qurban qızı Ələkbərovadır.

Səidə Ələkbərovanın sözlərinə görə, o vaxt sanki təbiət də bizə qarğımışdı: “Bərk soyuq idi. Bir metrə qədər qar yağmışdı. İşıq yox idi. Gecə saat 9-10 olardı, qarajdaydıq. Gördük atışma səsləri gəlir. Elə bildik ki, əvvəlki kimi atışma olub, keçəcək. Sonra gördük, yox, ermənilər eyni vaxtda dörd tərəfdən kəndə hücum ediblər. O zaman batalyonun döyüşçülərinə əmr vermişdilər ki, camaatı kənddən çıxarsın, ara sakitləşəndən sonra camaat evlərinə qayıdar. Amma kənddən çıxmağı ağlımıza gətirmirdik. Bizdən sonra kənddən çıxıb gələnlər, yerli əhalini daşımağa kömək edən hərbçilər deyirdilər ki, burada qalmaq mümkün deyil. Bu dəfə ordan çıxıb univermağın zirzəmisinə gəldik. Texnikalarla evləri yandırırdılar. Biz də məcburən o vaxt kəndin aşağısanda yerləşən univermaq deyilən yerə yığışdıq. Bir azdan xəbər gəldi ki, ermənilər artıq kənddədir. Bizim kəndə qayıtmağa ümidimiz yox idi. Univermaq Əsgərana daha yaxın idi, kəndin aşağı tərəfində yerləşirdi. Oradan bir yol keçir, sonra Qarqar çayı, daha sonra Kətiy meşəsi ilə Ağdama çıxmalı idik.”

Axırıncı dəfə kəsdikləri baş gəlib bizim gizləndiyimiz çalaya düşəndə, onlar bizi gördü

Həmsöhbətimiz qeyd etdi ki, gecə saat ikidə Qarqar çayından meşəyə keçiblər: “Anam yanımda idi. Anamı kürəyimə alıb sudan keçirtdim ki, anam suya girməsin. Amma fikirləşmirdim ki, meşədə anama güllə dəyə bilər. Mən, anam, Milli Qəhrəman Tofiq Hüseynovun həyat yoldaşı olan bacımla birlikdə idik. Anamı kürəyimə götürdüm ki, keçirim. Anam onda deyirdi ki, kəndin başqa tərəfində yaşayan bacıların orda qaldı. Dedim, narahat olma, gəl səni keçirim, yəqin, onlar keçiblər. Çayı keçəndən sonra geri boylandıq ki, artıq kənd yanır. Yaşlı adamlardan ikisi bunu görəndə oradaca ürəyi partlayıb öldü. Təsəvvür edin, filmlərdə olduğu kimi, güllələr başımızın üstündən keçirdi, mərmilər yan-yörəmizdə partlayırdı, amma bizə heç nə olmurdu. Qara bata-bata, min bir əziyyətlə meşəni keçdik. Bu müsibətdə anam, bacım, yaxınlarımla bir-birimizi itirdik.”

Səidə Ələkbərova vurğulayıb ki, birtəhər yıxıla-dura Qarqar çayını, Kətik meşəsini keçəndən sonra düzəngaha çıxanda ermənilər artıq bilirdilər ki, bizim başqa yolumuz yoxdur. Ermənilər bizim oradan keçəcəyimizə əmin idilər. Çünki bilirdilər ki, Əsgərandan keçə bilmərik. Aşağıda düz yol var idi. Ən çox adamı orda qırdılar. O yolu qəsdən açıq qoymuşdular. Çünki qaranlıqda öldürmək mümkün deyildi, kol-kosun arasında gizlənə bilirdik. Adamları qırmağa başlayanda, o dağdan neçə metr aşağı yuvarlandığımı bilmirəm, bir də gördüm ki, arxın içinə düşmüşəm. Arxın içi ilə sürünə-sürünə bəlkə də on kilometr getmişdik. Başını qaldıranı vururdular. Hər dəfə geri baxanda görürdün ki, kimsə yoxdu. Qarşıda bir kol var idi ki, onu keçsək, Qara Qayanın arxasında olacaqdıq. Milli ordunun əsgərləri bizi orda gözləyirdilər. Bu vaxt doqquz nəfər erməni başımızın üstünü kəsdirib, qalxmağımızı tələb etdi. Yanımızda o qədər ölən vardı ki, seçə bilmirdik ki, kimin meyitidir. Buna görə də ölüm adiləşmişdi. Əlisilahlı ermənilər də meşədə güllədən ölməyənləri də avtomatın lüləsi ilə bədənlərindən deşik-deşik edirdilər. Hərbi formada olanların başlarını, qollarını kəsib futbol topu kimi oynadırdılar. Axırıncı dəfə kəsdikləri baş gəlib bizim gizləndiyimiz çalaya düşəndə, onlar bizi gördü. Ayağa qalxmaq istəmirdik.

Yanımızda iki-üç uşaq var idi - biri qarşımda, ikisi arxamda. Mənə yalvarırdılar ki, nə olar, Səidə müəllimə, qalxaq ayağa. Biri deyirdi, anamı da öldürüblər, biri deyirdi, bacımı öldürüblər, nə olar, bizi də öldürməsinlər. Uşaqların ümidi var idi ki, ayağa duracağıq, ermənilər bizi öldürməyəcəklər.

Həmsöhbətimiz qeyd edib ki, ayağa qalxan kimi ermənilər saçlarından tutub qarın üstü ilə sürüməyə, silahla, təpiklə vurmağa başladılar: ”Yorulandan sonra isə bizi əvvəlcə döyə-döyə donuz fermasına gətirdilər. Corablarımın altı buz bağladığından yeriyə bilmirdim. Yerdən bir dəmir parçası götürüb buzu təmizləmək istəyəndə erməni gəlib ayağıma təpiklə vurub, dəmiri əlimdən aldı. Donuz fermasında bizə dedilər ki, kimin qızıldan, puldan nəyi varsa çıxarsın. Daha sonra bizi Əsgərana, Polis şöbəsinə apardılar. Polis şöbəsinə girməmiş erməni qadınları, qocaları bizi daşqalaq eləməyə başladılar. Bizi uşaqlıqdan insanlara qarşı sevgi ilə böyütmüşdülər. Amma erməniləri bizə qarşı nifrətlə böyütmüşdülər. Elə olmasaydı o durumda bizi daşqalaq etməzdilər. Çatanda gördük ki, içəri  əsirlərlə doludur. Hər dəstə tutduğu əsirlərin qənimətini özünə götürürdü. Polis bölməsində bir nəfər olduqca əsəbi halda gəlib bizi təpiklə-şilləylə döyməyə başladı. Bizi söyürdü, deyirdi ki, bütün günah sizdədir, hamısını siz eləmisiniz. Bizi donuz damına salanda gördüm ki, içəridə hamı palçığın içindədir, adamları bərk döymüşdülər. Bizdən qabaq gələnlərin içində nə qədər qadın-uşaq var idi. Orada iyirmi yaşlı cavan oğlanın əlini biləkdən güllə aparmışdı, qan içindəydi. Yaylığımı açıb onun qoluna bağladım. Təsəvvür edin ki, ağrı ilə o adam dözüb dayanmışdı. Meyitlər gələndə atası onu mənim yaylığıma görə tanımışdılar. Əsirləri bir güllə ilə vurub öldürmək ermənilərin ürəyi soyutmurdu. Meyitləri yığıb üstündən tankla keçirdilər. Əsgərandan gələn meyitlərin sümükləri qırıq-qırıq idi.”

Səidə Ələkbərova tibb bacısı olduğu üçün yaralılara kömək edəndə ermənilər onu döyüb, işgəncələr veriblər: "Mən tibb bacısıyam, yaralılara kömək etdiyimi görəndə ermənilər məni döyməyə başladı. Əlimə, başıma vurararq deyirdilər ki, sən kimsən ki, bizim yaraladığımızı əsirə kömək edirəsən. 3 gün bizə zülm etdilər, qadınları, uşaqları  saçlarından tutub sürüyür, avtomatın qundağı ilə bədənlərini deşik-deşik edirdilər. 3 gündən sonra gəlib 10 nəfər seçib apardılar. Bir az keçəndən sonra təkrar gəldilər. İkinci onluğu seçəndə mən də qalxdım, fikirləşdim ki, burada əzab-əziyyət çəkməkdənsə gedib ölmək yaxşıdır. Onlar hər dəfə bizi döyüb gedəndən sonra Allaha yalvarırdım ki, əgər, ailəmdən, yaxınlarımdan kimsə meşədən Ağdama gedə bilməyibsə, elə meşədə ölsün, amma əsir düşməsin. Əsirlik həyatını Allah heç kimə qismət etməsin. Bizə dedilər ki, sizi aparırıq yandırmağa.  Bizi maşından düşürdəndə üst-üstə yığılmış kisələr gördüm. Fikirləşdim ki, yəqin bizdən əvvəl aparılan əsirlərdir, öldürüb üst-üstə yığıblar. Sonra gördüm ki, qum kisələrinin arxasından 15 nəfər silahlı çıxıb bizə dedi ki, gedin. Fikirləşdik ki, yəqin arxadan vurarlar, vurmadılar. Nə isə o vaxt dedilər ki, bizi -  80  nəfər qadını, uşağı  2 erməni meyitinə dəyişiblər."

Hər iki valideynini itirən 25 uşağın  3-ü mənim bacımın uşaqlarıdır

Həmsöhbətimiz bildirib ki, Ağdama keçəndə qonşu deyəndə ki, meşədə anamı vurublar, ölüm xəbərini olduqca rahat qarşıladım: “Bacılarımın və bacımın iki balasının öldüyünü isə səkkiz ildən sonra bildik. On səkkiz il biz onları girov bilmişik. Çünki onları nə Xocalıda, nə meşədə, nə də meyitlərin arasında görən olmayıb. Onları rus jurnalisitin çəkdiyi fotoda tanıdıq. Bizi Xocalı İcra Hakimiyyətinə dəvət elədilər ki, onların kimliyini təsdiq edək. Orda bacımın birinin ürəyi getdi. Biri çox pis oldu. Mən isə çox sakit qarşıladım. Qaynatam və bacımın yoldaşı, həm də xalamoğlu Tofiq Hüseynov, qardaşı,  atası, anası, əmimqızı, əmimoğlu, dayımoğlu, 21 yaşlı bacım oğlu şəhid oldu. Hər iki valideynini itirən 25 uşağın  3-ü mənim bacımın uşaqlarıdır. Tamamilə məhv edilib 8 ailədən biri mənim bacımın ailəsidir. 40-dan çox əzizimi itirdim Xocalıda. Qaynatamdan hələ də xəbər yoxdur. Çox əzab çəkdik. Ona görə də heç bir cinayət cəzasız qalmamalıdır. Çünki dünya bilməlidir ki, bu, təkcə Azərbaycana qarşı yox, bütün dünyaya qarşı edilən soyqırımıdır. Xocalı cinayətinə hüquqi qiymət verilməlidir. Cinayətkarlar öz cəzasını almalıdır.”

Sonda Xocalı şahidi  fikirlərini bu ifadələrlə yekunlaşdırdı: “Şükürlər olsun ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz torpaqlarımız işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin. “Xocalıya ədalət” kampaniyasının bir gün “Xocalıya qayıdış” kampaniyası olmasını arzulayıram. Həmin faciədən sonra yaşamaq çox çətin idi. Amma Xocalımıza qayıtmaq ümidi, arzusu çətin də olsa, məni yaşatdı. Əminəm ki, biz mütləq Xocalımıza qayıdacağıq.”

 Yaqut Ağaşahqızı, “İki sahil”