01 mart 2021 14:19
1640

Dünya bayraqları təəccübləndirir - FOTO

Nepal-bayrağı dördbucaqlı olmayan yeganə ölkədir

Nepal bayrağı biri günəşi, digəri ayparanı təsvir edən iki haçalanmış üçbucaqdan ibarətdir. 1962-ci ildə rəsmi olaraq qəbul edilib.

Dünyada iki kvadrat bayraq var

Kvadrat formalı bayraqlardan biri Vatikana, digəri İsveçrəyə aiddir. Vatikanın ağ-qızılı kvadrat bayrağı 1929-cu il 7 iyunda qəbul edilib. İsveçrənin bayrağı isə qırmızı fonda ağ xaçdır.

Bayraqdakı hər bir simvolun öz mənası var

Bayraqlarda ən çox yayılmış simvollar Günəş, Ay, ulduzlar, xaç, üçbucaq, kvadratdır. Onların hər bir ölkə üçün fərqli simvolik mənası var, məsələn,Yaponiya bayrağındakı qırmızı dairə Günəşin simvoludur və Yaponiyanın qeyri-rəsmi adını (Yüksələn Günəş Ölkəsi) təcəssüm etdirir.

Aypara və ulduz

 Bayraqların üzərindəki ulduz və aypara dünya üzrə islamın simvolu kimi qəbul edilib. İlk dəfə Osmanlı İmperiyasının bayrağında əks olunub. Hazırda bütün islam ölkələrinin bayrağında olmasa da, bir çoxunda aypara və ulduzlar var.

 Xaç-xristianlıq simvolu

 Bayrağın üzərində xaç xristianlığın ümumi qəbul olunmuş simvoludur. İngiltərə və Gürcüstan bayraqlarında xaç əks olunub. İsveç, Norveç, Danimarka bayraqlarında da forması fərqli olan xaç təsvir olunub. Bu, Skandinaviya xaçı adlanır, lakin simvolizminin heç bir fərqi yoxdur – bir xristian ölkəsini göstərir.

Bayraq üzərində heyvan rəsmləri

Bəzən bayraqların üzərində heyvan rəsmləri təsvir edilir. Məsələn, Ekvador bayrağında milli simvol olan kondor kimi. Heyvanların simvolik mənası var, məsələn, aslan ənənəvi güc rəmzidir. Bəzən yerli əfsanələrdə məşhur olan  heyvanların şəkli bayrağa qoyulur. Məsələn: Uels bayrağında əjdaha, alban bayrağında qartal və s.

 Ən məşhur rənglər

 Ən populyar bayraq rəngləri qırmızı, mavi və sarıdır. Rəng simvolizmi adətən, ölkənin tarixi ilə bağlı olur. Məsələn, Portuqaliya bayrağında qırmızı rəng müstəqillik uğrunda döyüşlərdə axıdılan qanı bildirir, Mərakeş bayrağında qırmızı rəng isə xalqın qorxmazlığını nümayiş etdirir. Ümumiyyətlə, qırmızı rəng döyüşkən xalqların çoxunun bayrağında var.

Mavi rəng səma və okeanı simvolizə edir, sülh və azadlığı tərənnüm edir. Sarı rəng sərvət və Günəş rəmzidir.

Qara bəzən etnik irsi simvolizə edir, lakin daha çox tarixin qara səhifələrini xatırladır - qəm-qüssənin simvolu olan dağıdıcı müharibələr və ya kütləvi ölümlər.

Bənövşəyi rəng –bayraqlarda ən az rast gəlinən rəngdir

 Cəmi iki ölkənin bayrağında bənövşəyi rəng var-Nikaraqua və Dominikan respublikası. Bu rəngin az işlədilməsinə səbəb var: bənövşəyi rəng qədimdə kral rəngi hesab edilirdi və bu rəngi almaq üçün olan boyalar da çox bahalı idi. Nikaraqua və Dominikan bayraqları artıq 20-ci əsrdə yaranmışdı, o zaman kimyəvi boya problemi artıq aradan qalxmışdı.

Ən rəngarəng bayraq

Belizanın bayrağında on iki rəng var, 1981-ci ildə 12 sentyabrda qəbul edilib.

 Ən qədim bayraq

Danimarka bayrağı 1625-ci ildə yaradılıb və indiyədək də dəyişilməyib. Dünyada ən qədim bayraq hesab olunur.

 Ən yeni bayraq

Cənubi Sudanın bayrağı 9 iyul 2010-cu ilə yaradılıb, 2011-ci ildə müstəqillik əldə etdikdən sonra qəbul edilib. Bayraqdakı qırmızı rəng müstəqillik uğrunda tökülən qanı, qara rəng xalqın dəri rəngini, yaşıl rəng zəngin təbiətini, mavi rəng isə Nil çayını simvolizə edir.

4 ölkənin bayrağında odlu silah təsvir edilib

Mozambik, Qvatemala, Haiti və Boliviyanın bayraqlarında odlu silah təsviri var.

Qvatemala bayrağında xalqın öz ölkəsini müdafiə etmək istəyini simvolizə edən iki çarpaz tüfəng var. Bu bayraq 1871-ci ildən bəri mövcuddur.

Haiti bayrağında iki top təsvir edilmişdir - bunlar bir təpənin üstündə dayanır və İstiqlal Müharibəsi zamanı əldə edilən kubokların rəmzidir. Bu bayraq 26 fevral 1986-cı ildən bəri mövcuddur.

Boliviya bayrağındakı çarpazlanmış iki tüfəng də müdafiə hazırlığını simvolizə edir. Bu bayraq 1851-ci ildən bəri mövcuddur.

Nubar Süleymanova, “İki sahil”