03 mart 2021 14:14
1160

COVID-19 pandemiyasının bir ilini geridə qoyduq:bu günə qədər virusla bağlı nələr məlumdur?

Ötən ilin bu günlərində SARS-Cov-2 virusu ölkələrdə tək-tək insanlarda aşkar edilirdi. Hazırda planetimizdə demək olar ki, elə bir insan yoxdur ki, bu patogen haqqında eşitməsin.

1mart 2021-ci il tarixində dünya üzrə yoluxanların sayı 113,5 milyon, ölüm sayı isə 2,5 milyon oldu.

Adət etdiyimiz həyat tərzini, öyrəşdiyimiz dünyanı tamamilə dəyişən bu virus haqqında bir il ərzində nələri öyrənə bildik?

COVID-19, SARS-CoV-2 koronavirusunun səbəb olduğu yoluxucu xəstəlikdir. Əksər insanlarda yüngül keçir və hətta asimptomatikdir, lakin yüksək virulentliyi (insandan insana tez ötürülmə qabiliyyəti) nəticəsində zəif olan əhali qruplarına - yaşlı insanları, xərçəng xəstələrinə, şəkərli diabet xəstələrinə asanlıqla təsir edir.

COVID-19 infeksiyasının özü o qədər qorxulu olmaya bilər. Bədənin virusun qarşısını almağa yönələn qoruyucu reaksiyası ciddi nəticələrə səbəb olur. SARS-CoV-2 infeksiyasına cavab olaraq, bəzi insanlarda gözlənilmədən sitokin fırtınası inkişaf edə bilər - bədənin immun sistemi patogen varlıqla yanaşı, sağlam hüceyrələrə hücum etməyə başladığı zaman ölümcül bir vəziyyət yaranır, müxtəlif orqanlarda problemlər üzə çıxır.

 Virusun ən çox yayılan ağırlaşması virus pnevmoniyasıdır. Tədqiqatçılar digər orqanların, xüsusilə ürəyin də ciddi zərər gördüyünü bildirirlər.

Ağır hallarda pnevmoniya ciyərlərin fibrozuna səbəb olur, bu zaman ağciyərlərdə iltihab nəticəsində sağlam hüceyrələr məhv olur, və onları bağlayıcı toxuma əvəz edir. Bağlayıcı toxuma daha az elastikdir və oksigenin qan dövranına daxil olmasını çətinləşdirir, bu da kəskin tənəffüs çatışmazlığına səbəb olur və xəstədə  tənəffüs dəstəyinə ehtiyac yaranır (ventilyasiya)

 İnsanlığa hansı növ koronaviruslar tanışdır?

Koronaviruslar-əsasən, heyvanlarda rast gəlinən və onlardan adətən, insanlara keçməyən virus ailəsidir. Mikroskop altında görünən formasına və quruluşuna görə korona adını alıblar.

SARS-CoV-2 bu ailədən olan və insanlara keçən artıq yeddinci virusdur. Onlardan dördü mövsümi xəstəliklər yaradır, ağırlaşma vermir və yüngül soyuqdəymə formasında keçir. Digər ikisi isə daha yoluxucudur və ağır respirator sindroma səbəb ola bilir.

Sonuncusu isə SARS-CoV-1 21-ci əsrin əvvəllərində ilk lokal koronavirus epidemiyasına səbəb olmuşdu. SARS-CoV-1 atipik pnevmoniya ilə nəticələnirdi. SARS-CoV-1 və SARS-CoV-2-nin sağlam hüceyrəyə daxil olma mexanizmi eynidir: onlar hüceyrənin yuxarısında yerləşən APF-2 və ya ACE-2 zülalı ilə birləşirlər.

Virusların təkamülünün öyrənilməsi, insanlar üçün təhlükəli bir patogenə necə çevrildiklərini daha yaxşı anlamağa və gələcəkdə yeni bir infeksiya dalğasına səbəb ola biləcək bir mutasiyanın yerini və vaxtını proqnozlaşdırmağa imkan verəcəkdir.

 Pandemiya vəziyyəti necə yarandı?

 İlk dəfə 2019-cu ilin yanvar ayında Çinin Uhan şəhərində onlarla insan virusa yoluxdu və ilk ölüm faktı qeydə alındı. 2020-ci ilin mart ayının ortalarında artıq ÜST virusun bütün dünyaya yayıla biləcəyini bildirdi və pandemiya elan etdi. Martın ortalarında bir çox ölkələrdə karantin rejimi başladı.

Artıq 2021-ci ildir və mart ayına qədər dünyada qeydə alınan infeksiya hadisələrinin sayı yüz milyonu keçib. Yüksək xəstə sayı müxtəlif ölkələrdə sağlamlıq sistemləri üçün əsl sınaq oldu və peyvənd axtarışı yeni növ koronavirusla əlaqəli elmi tədqiqatların əsas hədəfinə çevrildi.

Məlum oldu ki, koronavirusa bir dəfə yoluxub sağalmış insanda immunitet sisteminin zülalları-antitellər yaranır və konkret patogenə qarşı mübarizə aparmağa başlayır. “G” sinfinin antitelləri daha vacibdir, çünki onlar xəstəliyin son mərhələsində, sağalma zamanı üzə çıxırlar. Onlar hətta qanda bir müddət sonra itsələr də, ilk dəfə ilə müqayisədə sonrakı dəfələrdə daha tez yaranırlar, çünki orqanizmin immunoloji yaddaşında xəstəlik barədə “qeydlər” saxlanılır.

İmmunoloji yaddaşı orqanizmin müəyən infeksiya ilə mübarizə qabiliyyəti hesab edirlər. Dünya əhalisinin çox hissəsində yaranarsa, virusun yayılması zəifləyəcək. Kollektiv immunitet virusun bitməsi deməkdir.

Kollektiv immunitetin yaranmasını sürətləndirən ən təhlükəsiz üsul vaksinasiyadır. Müxtəlif ölkələrdə istehsal edilən vaksinlərdən hazırda 11-nə icazə verilib, 77 vaksin isə hələ də kliniki sınaq mərhələsindədir.

Hazırda əsas məsələ müxtəlif ölkələrdə mümkün qədər çox vaksinasiya həyata keçirməkdir. ÜST  vaksinin ədalətlə yayılmasının təminatı üçün deklarasiya da imzalayıb, vaksinlərin insanlara əlçatan olması ilə bağlı çağırışlar edib.

Bütün bunlarla yanaşı, əlbəttə ki, hələ də virusla bağlı qeyri-müəyyənliklər mövcuddur. Xəstələnib sağalan insanda immunoloji yaddaş hansı müddətdə mövcud olur? Vaksinlər insanı nə qədər qoruya biləcək? Vaksinlər koronavirusun yeni ştammlarına qarşı effektiv olacaqmı? Yan təsirləri nələrdir? Bu kimi suallar insanları narahat etməkdədir və alimlər tədqiqatları bu yöndə davam etdirirlər.

Virus niyə və nə üçün mutasiya edir?

Virus mutasiyaya uğrayır və sağlam hüceyrələrə yoluxma qabiliyyətini tədricən artırır. Gərəksiz mutasiyalar yox olur  və yeniləri maneələri aşmağa imkan verir.

Buna görə də, müxtəlif ərazilərdə yoluxmuş insanların sayı, peyvəndlərin mövcudluğu və bir çox digər amillərlə əlaqəli olaraq, virus müxtəlif yollarla mutasiya edir. Hər yerdə yeni variantlar gözləmək olar.

Lakin yaxşı xəbər də var. Belə ki, bu yaxınlarda yayılmağa başlayan ingilis ştammının yüksək yoluxuculuq qabiliyyətinə baxmayaraq, vaksinasiyanın yaradacağı immunitetə tabe olacağı bildirilir.

Görünür, koronavirusun təlatümlü tarixi həqiqətən, tezliklə sona çatacaq və bu xəstəlik insanların il ərzində adət etdiyi “soyuqdəymələr" siyahısına daxil olacaq. Bu anın daha da yaxınlaşması üçün isə tövsiyələrə əməl etməli və məsuliyyətli olmalıyıq.

Nubar Süleymanova, “İki sahil”