Nizami Gəncəvi - 880
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya elimləri doktoru, professor Tahirə Məmmədin «İki sahil» qəzetinə müsahibəsində dahi şairin söz xəzinəsinin incilərindən söz açaraq bildirdi ki, Nizami Gəncəvinin qəhrəmanları, türklük gözəllik və mükəmməllik rəmzidir
- Tahirə xanım, dünya ədəbiyyatına əvəzolunmaz töhfələr bəxş edən dahi Nizaminin söz xəzinəsində bəşəri duyğular, beynəlmiləlçilik, qadına hörmət əsas mövzulardan olmaqla, insanlar birlik və həmrəyliyə çağırılır. Yaradıcılığ ilə bağlı çoxsaylı tədqiqatlardan da aydın olur ki, şairin milli kimliyi əsasən türkçülüklə bağlıdır. Söhbətmizə elə bu məqama aydınlıq gətirməklə körpü salaq.
-Həmişə gözəlliyi vəsf edən Nizami yaradıcılığı mənəvi saflıq, söz xəzinəsindən istifadə baxımından o qədər zəngin, çoxşaxəli, düşündürücü və axıcıdır ki, çoxları bu dahini özününküləşdirməyə çalışıblar. Bəşəri duyğuların təbliği, insanlara dinindən, millətindən asılı olmayaraq ədalətli münasibət Nizami Gəncəvi əsərlərinin əsas süjetini təşkil edir. Bu baxımdan Nizamiyə «sahiblənmə» ənənəsi bəzən elmi mübahisələrə belə səbəb olur. Danılmaz faktdır ki, fars dilində yazsa da, şerlərində türk olduğunu təsdqləyən dahi şair milli kimliyini sözün qüdrətindən bəhrələnərək açıqlayır. «Xəmsə»”nin klassik Azərbaycan ədəbiyyatının nümunəsi olması bu inamı təsdiqləyir. Böyük şairi dünyada tanıdan əsas cəhət humanist və bəşəri idealları sənətkarlıqla yaradıcılığında əks etdirməsidir. Əsərlərinin əsas qəhrəmanları türk (Şirin), fars (Xosrov, Bəhram), yunan (İsgəndər), ərəbdir (Leyli, Məcnun). Bu «milli çoxluqda» diqqəti cəlb edən məqam biri-birindən dəyərli əsərlərinin əsas obrazlarına doğru yol göstərən, nümunə olan, ədalətə üstünlük verən türk obrazının qalib olmasıdır. Maraqlı bir cəhəti də diqqətdən qaçırmaq olmaz. Nizaminin yaradıcılığında böyük tarixi şəxsiyyətlərə yanlışlarını göstərən, onları gerçəklərlə üzləşdirən ədəbi qəhrəmanlar əsasən ağıllı türk qadınlarıdır: Şirin Xosrovun, Fitnə Bəhramın, Nüşabə İskəndərin... məhz ağıl verəni və yol göstərənidir. Başqa sözlə deyilsə, Nizami türklüyü gözəllik və mükəmməllik rəmzi kimi qəbul edir. «Yeddi gözəl»”də gözəlliyi ilə türkə bənzədilən hind qızının obrazını nümunə göstərmək olar. Söy-kökünə bağlılığını, türkün yaradılışdan başqalarından fərqləndiyini, mifoloji ənənənin və qədim oğuznamələrin təsirilə izah edən şair hətta «Yeddi gözəl”»də onun işıqdan törədiyinə işarə etmişdir.
Təbii ki, yazarlar əsərlərində öz mövqe və ideallarına uyğun obrazları müxtəlif xalqların həyatından götürə, onların milli mənsubiyyətini təyin edə bilər. Nizaminin mənsub olduğu dövrdə, orta əsrlər Azərbaycan ədəbiyyatında müəlliflərin obraz seçimində çox geniş areala müraciət etməsinin şahidi oluruq. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, elə obrazlar var ki, müəllifin onları yaratmaqda əsas məqsədi məhz mənsub olduğu xalqın müsbət imicinı təqdim etməkdir. Nizami Gəncəvi yaradıcılığında yer alan obrazlar müxtəliflik baxımından fərqlidir. «Xəmsə»”də türk imicini əks etdirən obrazları canlandıran şair ideal, başqalarına dünyəvi mənada ağıl verən, haqqa, gerçək eşqə sadiq qalan türk gözəlinə- türki-pərizada daha çox üstünlük verir.
- Klassik Azərbaycan ədəbiyyatının söz xəzinəsinin ustadlarından olan, ilahi eşqə sadiqliyini sözlə təsvir edən dahi Nizami əsərlərində oxucuya türk ruhunu aşılayır, divan ədəbiyyatına türk mövzu və surətlərini gətirir, ənənəvi süjetləri türklər ilə əlaqələndirir, öz xalqına, Vətəninə sevgi və bağlılığını hər məqamda bildirir. Başqa sözlə, şairin əsərlərində türk - igid, gözəl, ədalətli və qorxmazlıq rəmzidir.
- Əlbəttə. Bununla bağlı xeyli nümunə göstərmək olar. Məsələn, «Yeddi gözəl»”də (Birinci iqlim padşahı qızının hekayəsində) Minuda-cənnət diyarında yaşayan, qeyri-adi gözəl qızın adı Türknazdır. Onun yaşadığı məkanın cənnət kimi təsvir olunması və «Minu-cənnət» adlandırılması bu gözəli gerçək dünyadan uzaqlaşdırır və onu pərilərə yaxınlaşdırır. Türknaz aşiqləri ilə davranışında da sehrli pəri təəssüratı oyadır. Onun yanına getmək üçün aşiq quşun caynağındakı səbətdə çətin və qorxunc yollardan keçməli olur. Vüsala çatmadan geri qayıdan gənc şahzadənin dönüşü də sehrli yolçuluqla gerçəkləşir. Ayrıldığı gözəlin həsrətilə özündən əvvəlki nakam aşiqlər kimi o da qara don geyinir. Şairin Türknazı başqalarından nurlu başlanğıcla fərqləndirməsi, bu türk gözəlinin nurdan yaranmasını söyləməsi türk mifologiyasının göy oğlu inancına, seçilmiş qəhrəmanların göylə əlaqəsinə işarədir. Şairin türk qadınlarını öz ağlı, cəsarəti və igidliyi ilə kişilərdən fərqləndirməməsi, paralel təşkiletməsi, Göy mənşəli qadınlardan bəhs etməsi təsadüfi deyil. Oğuz Kağanın Göyü, Yeri öz mövcudluğunda əks etdirən həyat yoldaşını, qəhrəmanların yardımçısı olan quş cildli pəriləri xatırladan Türknaz Göy və nur başlanğıcına görə türk mifoloji dünyagörüşü ilə əlaqəlidir. Türknaz onun arxasınca gələn şahzadəyə özünü belə tanıdır.
Dedi: - bir türkəm ki, mənə tay olmaz,
Nazənin bədənəm, adım Türkünaz!.
Nizaminin türkçülük mövqeyinin müəyyənləşməsində əsas ağırlıq nöqtələrindən olan «türki-pərizad»” qavrayışının mükəmməl modelləri kimi Şirin və Fitnə də (baxmayaraq ki, onlarda dünyəvi funksiya güclüdür) Türknaza yaxındır. Şirin və Fitnə gözəlliklərindən daha çox ağıl və düşüncələri, düşünülmüş tədbirləri ilə sevilirlər. Nizami yaradıcılığında hökmdarlara yol göstərən, tarixi şəxsiyyətlərə yanlışlıqlarını xatırladan, onları gerçəkliklərlə üzləsdirən insanlar içərisində ağıllı türk qadınlarının xüsusi yeri var. Maraqlıdır ki, Nizaminin yaradıcılığında böyük Şirin Xosrovun, Fitnə Bəhramın, Nüşabə İsgəndərin məhz ağıl verəni və doğru yol göstərənidir.
«Xosrov və Şirin»”də çılğın bir gənc kimi tanınan Xosrovu atasının verdiyi cəzadan çox Şirinin eşqi və ona qarşı səbrli münasibəti tərbiyə edir. Fitnə Bəhrama insanın uzunmüddətli məşq nəticəsində çətin işləri bacara biləcəyini özünün qeyri-adi qabiliyyəti ilə sübut edir. Nüşabə dünyanı fəth edən İsgəndərə var-dövlət, ləl-cəvahir üçün qan tökməyin doğru olmadığı haqda öyüd-nəsihət, düşünülmüş dərs verir.
Nizami Şirin və Nüşabə obrazları ilə türk imicinin formalaşdırılması üçün mifoloji türk dastanlarından alınmış motiv və elementlərdən də istifadə edir. Bu mənada «Xosrov və Şirin»”də «Alp Ər Tunqa»”, «İskəndərnamə»”də «Şu»” dastanı motivi açıq-aydın görünməkdədir. «Xosrov və Şirin»”də Məhinbanunun öz nəsil və nəcabətlərini öyməsi, Əfrasiyab (Alp Ər Tunqa) nəslindən olmalarını söyləməsi İran-Turan müharibələrində Alp Ər Tunqanın dastanlaşmış qəhrəmanlığından irəli gəlir. Məhinbanu Şirinə Xosrovun qarşısında öz qiymətini bilməyi aşağıdakı sözlərlə tövsiyə edir:
Əgər o aydırsa, biz afitabıq,
O Keyxosrovdursa, biz Əfrasiyabıq.
- Nizaminin əsərlərində əsatirlərə , əfsanələrə bağlılıq bir neçə baxımdan diqqəti cəlb edir. Qədim mənbələrə qaynaqlanan motivlərdə də ağlın hikmətini, zəkanın qüdrətini sözlə təsvir edən Nizami yenə də qadınlara üstünlük verir.
- Belə fərqlilik Nizami yaradıcılığında əsas motivlərdən biri kimi diqqəti cəlb edir. «İsgəndərnamə»”də Nüşabənin İsgəndərə öz ağlı ilə qalib gəlməsi e.ə. 330-327-ci illərin hadisələri əsasında yaranan «Şu»” dastanının süjetinin müəyyən transformasiyalarla yenidən işlənməsidir. Nüşabə adı öz mənşəyinə görə şumer ilahəsi Nisaba ilə də müəyyən paralelizmə malikdir. Nisaba Şumer ilahələri, tanrıçıları sırasında idarəedici və qoruyucu funksiyasını yerinə yetirənlər sırasındadır. Tanrı Enil insanları yaratdıqdan sonra onlara yer üzündə yaşamağı öyrədən dörd ilahədən biridir. Həmin ilahələr bunlardır: Annanuki, Nisaba, Ninmena və Nunamnir. Nizaminin «Yeddi gözəl»”i ilə ural-altay dastanı «Qeser»” arasında da uyğun motivlər olması tədqiqatçılar tərəfindən qeyd olunmuşdur. Bu uyğunluqlar sırasında yeddi gözəl paralelizmi diqqəti daha çox cəlb edir. «Qeser”»lə «Yeddi gözəl»” arasında uyğunluqlardan biri də Qeserin ətrafında daima 7 qadının (4 öz qadını, 3 xilaskarı) dolaşdığı, məsləhət verdiyi kimi, digərində də 7 gözəlin eyni məqsədlə əsərə daxil edilməsidir”.
- Nizami Gəncəvinin müraciət etdiyi qadın ağlının qüdrətindən bəhs edərkən Fitnənin təmkin və mətanətindən söz açmamaq olmaz. Bu əsərində türk və tatar sözlərindən bir-birini əvəzləyən ifadələr kimi istifadə etməsi ddahi şairin milli kimliyini açıqlayır.
-Bəli. Şair «Yeddi gözəl»də öz ağlı və cəsarəti ilə bütün gözəllərdən seçilən Fitnənin gözlərini vəsf edib onu «tatar gözlü”, qıyıq gözlü» adlandırır. Eyni «qıyıq gözlü»” ifadəsini şair türk gözəli adlandırdığı Türknaza da aid etmişdi. «Bəhramın öz kənizi ilə dastanı» nı xatırlayaq. Ov zamanı Fitnə şahı tərifləmir. Bunu görən şah dözməyib axırda kənizindən niyə onu tərifləmədiyini soruşur:
O dedi: «Ey dar tatar gözlü,
Bizim ovu gözünə almayırsan?”
Nizaminin tatar gözlü ilə türk gözəlini nəzərdə tutması hekayətin davamında aydınlaşır. Fitnənin təqdirini qazanmaq üçün o, oxla ovun dırnağı ilə qulağını bir-birinə tikir. Fitnəsə onun bu qabiliyyətini qeyri-adi bir şey hesab etməyib, alışılmış vərdişdən törədiyini söyləyir. Hökmdarın cəzası ağır olur, Fitnənin ölüm hökmünü verir. Öz ağıl və cəsarəti ilə sağ qalan Fitnə bir müddət sonra Sərhəngin şaha verdiyi qonaqlıqda öküzü boynuna alıb 60 pilləni yüyürərək hökmdarın qarşısında dayanır. Göz-qaşla soruşur ki, mənim gətirdiyim bu öküzü kimin gücü var ki, eyvandan həyətə endirə? Şah ona cavab verir ki, bu sənin gücün yox, əvvəldən aldığın təlimin nəticəsidir. Bəhram şah həmin gözəlin əvvəlcə Fitnə olduğunu bilməsə də bir azdan onun «türk gözəli»” olduğunu anlayır. Fitnənin – Ayın, türkün, tatar gözlünün qarşısında həsrətini, sevgisini etiraf edən Bəhram şah kahinləri çağırıb kəbin kəsdirir, bu ağıllı, cəsarətli gözəllə ayinə uyğun şəkildə evlənir.
Fitnənin tatar gözlü, daha sonra isə türk gözəli adlandırılmasından iki qənaət formalaşa bilər: Nizaminin türk və tatar sözlərini sinonim kimi işlətməsi və müsbət məna ifadə etməsi; tatar gözlü ifadəsindən təşbih kimi istifadə olunması. Hər iki halda müəllif tatar sözündən müsbət mənada istifadə edir. O, başqa qövmlərdən olanların gözəlliyini vəsf edəndə belə onu türkə bənzədir, türk gözəli Fitnəni isə tatar gözlü adlandırır. Orta əsrlərə aid qaynaqların bir çoxunda türk və tatar sözləri eyni və ya yaxın qövmləri bildirir. Nizami Gəncəvi yaradıcılığında türk imicinin müsbət mənada təbliği baxımından «Sirlər xəzinəsi»”nin «Sultan Səncər və Qarı»” hekayətində Sultana etirazını bildirən qarının dilindən şair öz mövqeyini izah edir, hər kəsi öz ulusunun formalaşmış imicini qorumağa və ucaltmağa dəvət edir. Ümumiyyətlə, türkçülüyün təbliğində qadın amilinə xüsusi diqqət yetirən Nizami bu fəlsəfəsi ilə həyatın mənasını sədaqətdə, qarşılıqlı hörmətdə görür. Gücün, zülmün, zalımlığın hökmranlığın haqq, ədalət qarşısında məğlubiyyətini təsdiqləməklə insanları adil olmağa çağırır. Nizami yaradıcılığı elə bir elm, bilik dəryasıdır ki, deyilənlər, aparılan araşdırma və tədqiqatlar dəryadan damla misalıdır.
- Müsahibə üçün sağ olun, Tahirə xanım. Növbəti görüşümüzdə Nizaminin söz xəzinəsinin başqa incilərindən söz açmaq istəyi ilə Sizə minnətdarlığımızı bildiririk.
Xuraman İsmayılqızı, «İki sahil»