Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda deyib: “USAID, əlbəttə ki, bir nəhəngdir, tamamilə korrupsiyaya uğramış bir qurumdur. Bu haqda danışmışam. Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın səsi” artıq fəaliyyətini dayandırıb”. “Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır” deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatlar da tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir.
Dövlətimizin başçısı hələ ötən ilin dekabr ayında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) söz açarkən bildirmişdi ki, Tramp onu qadağan edə bilər. Bu müsahibədən bir qədər keçmiş Donald Tramp hökuməti korrupsiyaya uğramış USAID-in, həmçinin onun maliyyə vəsaitləri hesabına fəaliyyət göstərən “Amerikanın səsi”, “Azadlıq Radiosu” kimi təbliğat ruporlarının fəaliyyətlərinin dayandırılmasına qərar verdi.
Qeyd edək ki, ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu”dan, “Azad Avropa”dan və “Amerikanın səsi”ndən uzun illər təyinatları üzrə yox, başqa ölkələrin, o cümlədən Azərbaycanın daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib. Həmin ölkələr dövlət çevrilişlərinə, vətəndaş müharibələrinə məruz qalıblar. Amma bu kimi proseslər Azərbaycanda baş tutmayıb. Çünki ölkəmizdə onların məkrli niyyətlərinin üstü vaxtında açılıb və ifşa olunublar. Bu media qurumları İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterror əməliyyatı, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri zamanı da öz çirkin təbliğatlarını davam etdiriblər. Bununla da “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın səsi” Azərbaycanın uğurlarına kölgə salmağa və ictimai rəyi manipulyasiya etməyə hədəfləyiblər. Şübhəsiz, tezliklə onların ənənəsini davam etdirən “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatlarının da fəaliyyətlərinin qarşısı alınacaq.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Qərbdə fəaliyyət göstərən təbliğat maşını, biz buna həm də təxribat maşını deyirik, müxtəlif komponentlərdən ibarətdir: “Buraya müxtəlif media subyektləri, dırnaqarası insan hüquqları, hüquq müdafiə təşkilatları, reytinq cədvəlləri tərtib edərək rəy yaradan təşkilatlar və müxtəlif bu tip qurumlar daxildir. Onlar ictimai rəylə işləyirlər və ictimai rəy üzərində manipulyasiya edirlər. Həmin təşkilatların bir bir neçəsi, daha doğrusu, “Azadlıq Radiosu”, “Azad Avropa”, “Amerikanın səsi” artıq ABŞ Prezidenti Donald Trampın göstərişi ilə fəaliyyətlərini dayandırıblar. Daha doğrusu, hazırda bu istiqamətdə araşdırmalar, təhqiqatlar aparılır. Onların nə işlə məşğul olduqları, nə qədər maliyyə israf etdikləri araşdırılır”.
Media eksperti daha sonra vurğuladı ki, Qərbin, xüsusilə ABŞ-ın təxribat maşını təkcə bu media subyektlərdən ibarət deyil: “Yuxarıda qeyd etdiyimiz kimi, burada reytinq cədvəlləri hazırlayan təşkilatlar, dırnaqarası insan haqlarını müdafiə edən təşkilatlar və sairə var. Bu sırada biz “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatların və digər təşkilatların adlarını çəkə bilərik. Onlar bu gün də fəaliyyət göstərirlər. Yəni, bu və digər ölkəyə qarşı böhtan kampaniyaları həyata keçirirlər. Bu isə o deməkdir ki, Qərbin təxribat maşını tamamilə sıradan çıxmayıb. Yəni, cənab Prezidentin də vurğuladığı kimi, həmin o təbliğat, təxribat maşınının digər komponentləri hələ də öz varlıqlarını sürürürlər. Daha doğrusu, fəaliyyətlərini davam etdirirlər”.
Ekspret daha bir məsələyə də diqqət çəkdi. Bildirdi ki, hazırda “Azadlıq Radiosu”, “Amerikanın səsi” üzərində qurulan təbliğat mexanizmləri digər transmilli media qurumlarına, o cümlədən sosial şəbəkələrə transfer olunur: “Bu baxımdan onlara qarşı yenə də həssas davranılmalıdır. Başqa sözlə desək, onların təxribatçı əməllərinin qarşısını almaq üçün yenə də müəyyən addımlar atılmalıdır”.
Qvami Məhəbbətoğlu, “İki sahil”