Tələbə: Mənim üçün yalnız savad deyil, çevrəyə təsir etmək, nümunə olmaq və dəyər yaratmaq önəmlidir
“İki sahil” qəzetinin növbəti müsahibəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistr tələbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova ölkənin uğurlu gəncliyinin siması olaraq hazırki fəaliyyəti, gələcək hədəfləri ilə bağlı fikirlərini bölüşdü.
– Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr tələbəsi Cəmilə Qurbanova kimdir? İlk olaraq səni yaxından tanıyaq.
- Mən, Cəmilə Qurbanova öz gücünə inanan, hər sahədə bacara biləcəyini düşünən və bu inamla irəliləyən bir Azərbaycan gənciyəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə bakalavr təhsilimi fərqlənmə ilə başa vurmuşam. Hazırda isə həmin universitetin magistratura pilləsində “İnformatika fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə təhsilimi davam etdirirəm. Mənim üçün yalnız savad deyil, çevrəyə təsir etmək, nümunə olmaq və dəyər yaratmaq önəmlidir.
–Səni bu ixtisası seçməyə kim həvəsləndirdi?
- Ətrafımda daim dürüst, yaradıcı və işinə vurğun müəllimlər olub. Onların enerjisi, fədakarlığı və tələbəyə yanaşma metodları məni bu sahəyə yönləndirib. Elə o an qərar verdim ki, mən də bu işin içində olmalıyam – fərq yaradan, motivasiya verən bir müəllim kimi.
– İmtahanlara hazırlaşarkən əsas hədəfin nə idi?
- Heç vaxt mənim hədəfim yalnız diplom əldə etmək olmayıb. Hər zaman düşündüyüm budur: “Mən özümü görmək istədiyim yer üçün hazırlamalıyam və bu çətin olmayacaq.” Yəni, məqsədim fərqlənmə diplomu deyil, fərqlənən biri olmaqdır. Elə bu düşüncə bütün sualların cavabını özündə birləşdirir.
Hədəfim təkcə elmə deyil, həm də idarəetmə və liderliyə əsaslanan inkişafadır
– Magistratura təhsilini başa vurduqdan sonra hansı planların var? Təhsilə davam etməyi düşünürsənmi?
- Mən hər zaman araşdıran və öyrənməkdən zövq alan biri olmuşam. Proqramlaşdırma, data analitika və kibertəhlükəsizlik sahələrinə marağım var və bu istiqamətlərdə təhsilimi davam etdirmək istəyirəm. Təhsilin növbəti pilləsi olaraq doktorantura pilləsinə hazır olub-olmadığım sualına səmimi cavabım, hazırda “yox”dur. Əvəzində isə ikinci magistr təhsilimi almağı planlaşdırıram. Bu dəfə isə fərqli sahədə – MBA proqramı üzrə. Hədəfim təkcə elmə deyil, həm də idarəetmə və liderliyə əsaslanan inkişafadır.
İstəmirəm ki, etdiklərimiz bir mövsümlük xatirə olsun...
– Gələcəklə bağlı hansı planların və hədəflərin var?
- Gələcək planlarımı iki istiqamətdə bölürəm: yaxın və uzaq. Hazırda ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri olaraq yaxın gələcək üçün qarşımdakı əsas hədəfim uğurlu layihələrə imza atmaq və tələbələrin həyatında silinməz iz buraxmaqdır. Uzaq perspektivdə isə məqsədim “Ənənələrə sadiq, yeniliklərə açıq” devizi ilə fəaliyyət göstərən universitetimizdə yeni ənənələr yaratmaq və bu ənənələri gələcək nəsillərə ötürməkdir. Mən istəmirəm ki, etdiklərimiz bir mövsümlük xatirə olsun, biz daimi dəyər və miras yaradırıq.
– Dərslərdən kənar hansı sahələrə maraq göstərirsən?
- Hazırda vaxtımın böyük hissəsini işlərim və dərslərim tutur, amma idman və yaxın dostlarımla keçirdiyim vaxt mənə motivasiya verir. Əvvəllər kartinq, müxtəlif master-klasslar, yeni təcrübələr ön planda idi. İnanıram ki, yenidən onlara da zaman ayıracağam.
Dünya çempionu olan tələbəmizin təşəbbüsü ilə
xanımlara özünü müdafiə dərslərinin başlanması bizim üçün qürurverici addımdır
– THİK sədri olaraq tələbələrin asudə vaxtlarının təşkili və hüquqlarının qorunması istiqamətində hansı işlər görürsən?
- Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri olmaq mənim üçün sadəcə bir status deyil. Bu, məsuliyyət və güvəndir. Biz tələbələr üçün intellektual oyunlar, idman yarışları, musiqi və dil dərsləri kimi çoxsaylı fəaliyyətlər təşkil edirik. Bu gün ADPU-da bizə aid olan müəyyən rəmzlər var – bizi tanıdan, bizi fərqləndirən. Məsələn, dünya çempionu olan tələbəmizin təşəbbüsü ilə xanımlara özünü müdafiə dərslərinin başlanması bizim üçün qürurverici addımdır. Hüquqi müstəvidə isə tələbələrimizin yanında olmaq, onların haqlarını qorumaq bizim borcumuzdur. Həmişə haqqın yanında olmağa çalışırıq.
– Tələbələr ictimai-siyasi və sosial tədbirlərə nə dərəcədə maraq göstərirlər?
- Tələbələrin bu sahəyə marağı zamanla artır. Əvvəllər marağı olmayan tələbələr belə bu mühitdə təşəbbüskar olur. Mən özüm bu müsahibəni verirəmsə, bu 2019-cu ildə iştirak etdiyim THİK infosessiyadan qaynaqlanır. ADPU-da könüllülük mənə yeni dostlar, təcrübə, bacarıqlar qazandırdı və mən burada iştirak etdiyim debat sayəsində öz sözümü demə gücünə sahib oldum. Bu gün də çalışıram ki, hər bir tələbəyə bu imkanları göstərim.
Gənclik üçün əsas amil şəbəkələşmə və düzgün kommunikasiya qurmaqdır
– Gənclik bu gün daha çox nəyə maraq göstərir?
- Gəncliyin diqqəti hazırda texnologiya, düşərgələr, əyləncə və fərdi inkişafdadır. Amma hər şeydən önəmlisi fərqlənməkdir. Mən düşünürəm ki, əgər tələbəsənsə, o zaman səni fərqləndirən nəsə olmalıdır. Bu fərqi ortaya çıxarmaq isə həyatını dəyişir və özünə yeni qapı açmış olursan. Mənə görə, gənclik üçün əsas olan amil şəbəkələşmə və düzgün kommunikasiya qurmaqdır. Gənclik inkişaf istəyir, irəliləmək istəyir.
– Tələbələr arasında könüllülük və sosial həyata maraq hansı səviyyədədir?
- Könüllülük Azərbaycanda ən güclü inkişaf etmiş sahələrdəndir. Bu sahə bir dəyərdir, sən heç nə itirmirsən, əksinə qazanırsan. ADPU THİK ailəsi olaraq çox sayda könüllünü bir araya gətiririk. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) ailəsi ilə birlikdə bu rəqəmlər daha da böyüyür. Könüllülüyə maraq sualına yaxın keçmişdən misal göstərsək COP29 təcrübəsi buna ən gözəl nümunədir. Könüllülərin cənab Prezident İlham Əliyev tərəfindən təltif olunması isə bu sahənin ən ali zirvəsidir. Dəyər görən könüllü həmişə daha artıq etmək istəyir. Bəlkə də marağın ən əsas səbəbi budur – görülən işlərə verilən qiymət və göstərilən diqqət.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”