Bu günlərdə peşəkar jurnalist Rəfiqə Sadıqovanın “Hədəf” nəşrlərində “Əbədi yaşayanlar – Şəki şəhidləri” kitabı çapdan buraxılıb. Yeni nəşrdə 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalan şanlı ordumuzun sıralarında düşmənə layiqli cavab verərək şəhidlik zirvəsinə ucalan şəkili igidlərin şərəfli ömür və döyüş yollarından söz açılır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Bu müharibə bizim tariximisdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” fikri ilə açılan kitabın layihə rəhbəri Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ideya müəllifi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şəki rayon şöbəsinin rəisi, polkovnik Yalçın Sadıqlı, redaktoru isə tarix elmləri doktoru, professor Həsənbala Sadıqovdur.
Kitab tarixləşən ömürlərin şərəfli anlarını oxuculara yaxından tanıdır. Vətənin çağırışına könüllü qoşulan bir-birindən igid, cəngavər oğulların ömürləri kimi qısa, lakin şərəfli döyüş yollarından söz açan oçerkləri oxuyarkən bir daha əmin olursan ki, cəmi 44 günlük Vətən müharibəsini xalqımız mütləq Qələbə ilə başa çatdırmalı idi. Məhz belə vətənpərvərlərin qəhrəmanlıqları Ermənistanı təslim aktına imza atmağa vadar etdi.
Kitabda qeyd edilir ki, Ali Baş Komandanın hər an əmrinə hazır olan Müzəffər Azərbaycan Ordusu işğalda qalan əzəli-əbədi torpaqlarımızı cəmi 44 gün ərzində azad edərək, düşmən üzərində çaldığı şanlı Qələbənin paytaxt Bakının Azadlıq meydanında Zəfər paradını keçirdi. Bu Qələbənin əldə edilməsi üçün canından-qanından keçən Azərbaycanın şəhid oğullarının müqəddəs ruhları da şad oldu. Azərbaycan Prezidenti xalqımıza Qələbə sevincini yaşadan, qanı ilə “Qarabağ Azərbaycandır!” yazan şəhidlərimizin qəhrəmanlıqlarını qiymətləndirdi: orden və medallara layiq gördü, dövlətin ali mükafatları ilə təltif etdi...
Belə şərəfli ömür sahiblərinin bir qrupu da Vətən müharibəsinə Şəkidən yola düşmüşdü. Birinci Qarabağ savaşlarında da şəkili gənclər könüllü olaraq döyüşlərdə iştirak edib və onlardan 214 nəfəri şəhidlik zirvəsinə ucalmışdı. Şəkidən 4 nəfər Aprel döyüşlərinin şəhidi olub, Qarabağın erməni daşnaklarından müdafiəsində isə 74 nəfər itkin düşüb...
Yüksək poliqrafiya mədəniyyəti ilə çapdan buraxılan 360 səhifəlik, bədii və texniki tərtibat baxımdan da diqqət çəkən, Müzəffər Milli Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır!” fikri ilə başlayan kitabda istər Vətən müharibəsi şəhidlərinin, istərsə də Qələbə sevinclərini bölüşmək üçün meydan və küçələrə axışan gənclərimizin coşqusu rəngli şəkillərlə öz əksini tapıb.
Kitabda, həmçinin Birinci Qarabağ savaşında Vətənin çağrışına Şəki rayonundan səs verib ön cəbhəyə könüllü yollananların, Aprel döyüşlərində şəhid olanların, eləcə də itkin düşən 74 nəfərin siyahısı da oxuculara təqdim edilir.