Müşkül məsələlərin müzakirəsində vəziyyəti gərginləşdirməyə çalışanlar haqqında məcazi mənada bu ifadəni işlədirlər: «İngilis açarı.» Bəzən «ingilis qaşığı» da deyirlər. Mənası o deməkdir ki, qazana girən kimi hər şeyi biri-birinə qatan bu «qaşıq» sonradan türklərin dediyi kimi «süddən çıxan ağ qaşıq» olur. Yəni, azərbaycansayağı «gül axıdıb» aranı qatsa da, özü bütün mübahisələrdən kənarda qalır. AXCP sədri Əli Kərimli kimi. Ölkəmizdə müxalifət adlı düşərgə yarandığı gündən siyasi partiyaları biri-birinə qarşı qoymaqla lakmus kağızı, büqələmun kimi rəngini dəyişən AXCP sədrini həmkarları araqarışdıran, şarlatan adlandırırlar. Düşərgəni biri-birinə qatan, Azərbaycana qarşı təxribatlarını davam etdirən bütün beynəlxalq təşkilatların əl buyruqçusu olan bu zat Sorosdan tutmuş FETOya, terrorçulara, dini radikallara qədər «ekskurs» edərək, ideoloji tribunasını «əl –əli yuyar, əl də Əlini» misalına uyğun zamanla dəyişir.
Bir çox ölkədə «rəngli inqilablar» törətməklə məşğul olan Sorosun Açıq Cəmiyyət İnstitutu tərəfindən ayrılan vəsaitlərdən ən çox bəhrələnən, qrant mafiyasının «xaç atası» adlanan Əli Kərimli əvvəllər mənfur müsahibələrini dostluğu ilə düşmənçilikləri bilinməyən Qənimət Zahid vasitəsilə yayımlayırdı. AXCP sədrinin hazırkı dövrdə tribunası «Osmanqızı TV»dir. «Tıq-tıq xanım » nağılında deyildiyi kimi, illərdən bəri özünə dost axtarsa da, səmum yeli kimi dəyişən mövqeyini alacağı qrantlara müvafiq müəyyənləşdirən və məcazına uyğun dəyişən «islahatçı sədr»in «Osmanqızı TV» ilə də yolları ayrılır. Tərəflərin məkrli niyyətlərindən qaynaqlanan bu «dostluq» da alınmadı. Necə deyərlər, xainin dostluğu tini dönənə qədərdir. Sözümüzün qüvvəti kimi müdriklərimizə müraciət etməklə Əli Kərimlinin xəyanətinin südlə gəlib sümüklə çıxacağını bildirək: Tısbağanın çayı keçdiyini görən əqrəb xahiş edir ki, onu da o taya aparsın. Əqrəbi tanıyan tısbağa deyir ki, səni tanıyıram, ona görə də üz vurma. Axır ki, razılaşırlar. Sahilə çatmağa yaxın iynəsini tısbağaya batıran əqrəb deyir ki, huyum qurusun. Sancmasam ölərəm.»
Əli Kərimli də illərdən bəridir ki, təkcə iqtidar əleyhinə deyil, elə həmkarları haqqında söylədikləri böhtanları ilə əqrəbi arxada qoyub.
Onun duz- çörək kəsdiyi elə bir yaxını da yoxdur. Çünki özü düz, halal çörəkli olmayanın duz- çörəyinin bərəkəti olmaz. Əlqərəz, özünə yaxın bilib, yalanlarını okeanın o tayındakı müdafiəçisi Sevinc Osmanqızının «TV» ilə tirajlayan Əli Kərimlinin xəyanəti üzündən bu « yaxınlığa» da son qoyulub. Yəni, eyni əqidədə olan Vətən xainlərini arasından «qrant» adlı qara pişik keçib. Dünənə qədər başına tumar çəkdiyi Əli Kərimlini savadsız, səviyyəsiz adam kimi tənqid edən Sevinc Osmanqızı Əli Kərimlinin düşərgədəki xəyanətlərindən söz açmaqla, «islahatçı sədr»in qara rəngdən ibarət «tərcümeyi-halını» gündəmə gətirir. Sevinc-Əli birliyinin üstündən yel əsməsinin səbəbi elə xarici ölkələrdən ayrılan vəsaitdən daha çox bəhrələnmək istəyidir. Çünki bu əqidədaşların əsas niyyətləri Vətənə xəyanət, Azərbaycanın uğurlarına kölgə salmaq, qanı-canı bahasına torpaqlarımızı işğaldan azad edən ordumuzun zəfərinə qara yaxmaqdır. Özünə ustad hesab etdiyi sabiq prezident Əbülfəz Elçibəyə arxa çevirən, AXP-ni dörd yerə bölərək qurumun möhürünü mənimsəyən, siyasi kampaniyalar ərəfəsində yaranan birlik və təşkilatlarda özünə yer tapan, məqsədinə çatmadığı üçün kəsdiyi duz-çörəyə tüpürən, cilddən- cildə girən, sonradan hamıya arxa çevirən Əli Kərimlinin ətrafının boş olması onun xəyanətkarlığından, hiyləgərliyindən, hər şeyə sahiblənmək istəyindən qaynaqlanır.
AXCP-yə sədrliyi ilə kifayətlənməyərək xarici havadarlarının sifarişi ilə «beşinci kolon»u formalaşdıran, «Milli Şura»nı özəlləşdirən Əli Kərimli xalqımıza qarşı xəyanətkar əməllərini bir neçə istiqamətdən davam etdirir. Cəmiyyətdə olduğu kimi, düşərgədə də xain, satqın mənəviyyatsız adam kimi tanınır.
Xarici dairələr üçün işləyən və öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vuran «beşinci kolon»a topladığı gənclərin zehnini, mənəviyyatını korlayan Əli Kərimliyə azərbaycanlı adı, bu torpağda yaşamaq haqqı da haramdır.
Bütün dünya ictimaiyyəti Azərbaycanın Vətən müharibəsindəki qələbəsini XXI əsrin döyüş taktikası, hərb tarixinin hər zaman öyrənilən təcrübəsi adlandırdığı bir zamanda Əli Kərimlinin hər cəhdlə bu uğura kölgə salmaq niyyətləri bağışlanılmazdır. Bölgələrdə aparılan minatəmizləmə əməliyyatına belə siyasi don geyindirən, işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərinə qara yaxan xaini nəinki azərbaycanlı, insan adlandırmaq belə insanlığa ləkədir.
İllər keçsə də, maliyyə mənbəyi dəyişsə də Əli Kərimlinin dəyişməyən bir mərəzi var: Xəyanətlərini, fitnəkar əməllərini başqalarının əli ilə yerinə yetirmək. Şəhid ailələrindən, evləri sökülənlərdən istifadə edən Əli Kərimli mitinqlərə pullu iştirakçı toplamaqda da mahirdir. 19 martda mitinq keçirmək istəyində olan AXCP sədri yenə də köhnə metodlardan istifadə etmək niyyətindədir. Amma çox yanılır. Çünki Ermənistan üzərindəki qələbəmizə sevinən, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı üçün əlikərimlilər ölü canlar, arxivə atılmış siyasi tullantılardır.
Xuraman İsmayılqızı, «İki sahil»