05 aprel 2021 16:18
895

Vətənpərvərlik Vətən üçün hər cür fədakarlığa hazır olmaqdır

“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Bu sözləri ulu öndər Heydər Əliyev vətənpərvərlik hisslərini yüksək qiymətləndirərkən demişdi.

Vətənpərvərlik bir insanın ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Bu anlayış tarixin müəyyən dönəmlərində fərqli mənalarda işlədilib. Vətənpərvərlik milliyyətçiliyin təbliği və ya etniklər arasında qarşıdurma yaradan anlayış yox, xalqın, dövlətin milli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən sistemdir. Vətənpərvərlik Vətənini sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hissləridir. Vətənpərvərlik duyğusunun başqa bir tərəfi də insanların soy əlaqələridir. Lakin bu gün ölkəmizdə vətənpərvərlik anlayışını bildirən məna torpağa, Vətənə bağlılığı ifadə edir. Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.

Hər bir ölkənin həyatında böhran vaxtında düşmənlə savaşda hamını  birləşdirən, bütün səylərin mahiyyətini özündə birləşdirən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. “Biz qalib gələcəyik, bizim işimiz haqq işidir” deyən Ali Baş Komandanın bu sözləri hər bir azərbaycanlının düşüncə tərzidir, bu, həqiqi vətənpərvərlikdir. Bu çağırışın ətrafında müxtəlif fikirli insanlar, hərbçilər, mülki vətəndaşlar yaşından və mənşəyindən asılı olmayaraq birləşdi. Xalq ən yüksək vətənpərvərlik məqsədi naminə vətən torpaqlarının azad edilməsinə qalxdı. Ali Baş Komandanın döyüş meydanlarındakı qələbələrlə bağlı xalqa hər bir müraciəti milləti daha da sıx birləşdirdi.

Bu müharibə əsl vətənpərvərlik meydanına çevrildi. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir.

Röya Rasimqızı, “İki sahil”