Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdikləri minatəmizləmə əməliyyatları zamanı böyük dağıdıcı gücə malik “İsgəndər-M” raket kompleksinin qalıqlarını tapması və həmin hissələrin Bakıda nümayişi son günlərin əsas müzakirə mövzusuna çevrilib. Belə ki, satışı qadağan olunan ballistik raketin Azərbaycan ərazisinə necə atılması və İrəvanın onu hansı yollarla əldə etməsi ciddi suallar və narahatlıqlar doğurur.
Qeyd edək ki, sözügedən məsələ yerli media ilə yanaşı, xarici medianın da gündəmində geniş yer alıb. Qardaş Türkiyənin media qurumları bu mövzuda çoxlu xəbərlər yaymaqda davam edir. İHA xəbər agentliyi, “haberglobal.com.tr”, “ankaramasasi.com”, “haberler.com”, “mardinhaber.com.tr”, “haber7.com”, “igdirim76.com”, “yesiligdir.com” saytlarında dərc olunmuş informasiyalarda Minatəmizləmə Agentliyinin operativ qərargahının rəisi İdris İsmayılovun fikirlərinə yer verilir. İnformasiyalarda Ermənistanın sabiq müdafiə naziri Movses Akopyanın “Qarabağ müharibəsində “İsgəndər” raketindən istifadə olunub, lakin hara atıldığını deyə bilmərəm” sözləri yer alıb.
Ukrayna mətbuatı da “İsgəndər-M” mövzusunu gündəmdə saxlayıb. Ukraynanın “Ukrinform” dövlət informasiya agentliyi, “BBC.com/ukrainian”, “Gordon” nəşri, “podrobnosti.ua”, “dialog.ua”, “eurointegration.com.ua”, “charter97.org”, “asmedia.kiev.ua”, “vybir.media” saytları dərc etdikləri məqalələrində və nüfuzlu “1+1”, “İnter” telekanallarının reportajlarında qeyd edilir ki, İkinci Qarabağ müharibəsində Ermənistan Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhəri istiqamətinə “İsgəndər” raketi buraxıb. Xəbərlərdə “İsgəndər” raketinin qalıqlarını əks etdirən fotolar da yer alıb.
Gürcüstan “24news.ge”, “reportiori.ge”, “kvira.ge”, “interpress.ge” informasiya portalları yazırlar ki, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları Bakıda nümayiş etdirilib. Qeyd olunur ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. Minatəmizləmə Agentliyinin əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər – M” raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan “İsgəndər – E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər – M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir.
Əgər, bu raketi Ermənistan atıbsa, onlar bu raketi necə əldə ediblər?
Ermənistanda "İsgəndər-E" raketinin olması bəlli idi. Bizim ərazilərimizdə aşkarlanan isə "İsgəndər-M" raketinin qalıqlarıdır
Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev “İki sahil”ə açıqlamasında bildirib ki, Ermənistanın "İsgəndər-M" raketindən istifadə etməsini Ermənistan rəhbərliyi özü etiraf etmişdi və hətta son dəfə Paşinyanın atılan raketin 10 faiz partlaması haqqında açıqılaması ilə bağlı qalmaqal da yaşanmışdı. Sonradan Ermənistan baş nazirinin "İsgəndər"lə bağlı bəyanatı Paşinyana verilmiş yanlış məlumat kimi qiymətləndirilmişdi.”
V.Quliyev qeyd edib ki, bu raketin qalıqlarının tapılması sirr deyildi. “İsgəndər” raketinin atılması ilə bağlı bəzən bildirirlər ki, gura təxribat olub, müəyyən anlaşılmazlıq olub : “Araşdırmalar nəticəsində bütün həqiqətlər ortaya çıxacaq. Amma fakt odur ki, Şuşaya bu raketlər atılıb və gözlənilən səviyyədə partlmayıb. Həmin raketlərin atılması üçün Ermənistanda belə bir qurğu yox idi. Ermənistanda "İsgəndər-E" raketinin olması bəlli idi. Bizim ərazilərimizdə aşkarlanan isə "İsgəndər-M" raketinin qalıqlarıdır. Bu, bir faktdır. Bir məsələni də unutmamalıyıq ki, düşmən hər şeyi edə biləcək düşməndir. Onlar müharibə zamanı döyüş bölgəsindən uzaqda yerləşən Gəncəyə, Tərtərə və digər mülki yaşayış yerlərinə də raketlər atmışdı.” Paşinyanın "İsgəndər"lə bağlı əvvəlcə dediyi, sonra təkzib olunan sözləri istisna edilməklə, bu günədək Ermənistanın siyasi və hərbi rəhbərliyi bu raket kompleksindən istifadə edildiyi haqqında məlumatları təsdiqləməyib.
Həmsöhbətimiz əlavə edib ki, aparılan tədqiqatları daha da dərinləşdirib, peyk görüntülərini əldə edib, lazım olan faktları ortaya qoyandan bütün məsələ ortaya cıxacaq.
Milli Qəhrəmanın fikrincə, bu faktı dünya ictimaiyyətinə çatdırmalıyıq ki, beynəlxalq ictimaiyyət işğalçı, təcavüzkar, vandal dövləti və onun himayədarlarını qınasın və məsələ ilə bağlı hüquq çərçivəsində addımlar atılsın.
Almaniya səfiri işğaldan azad olunan ərazilərmizə getsəydi, öz gözləri ilə reallıqların, həqiqiqətlərin şahidi olardı
Hərbi ekspert bəzi qərəzli təşkilatların, dövlətlərin bu məsələyə yanaşmada nümayiş etdirdikləri ikili standartlardan da bəhs etdi: “Bəzi beynəlxalq təşkilatlar, Avropa təşkilatları məsələyə qərəzli yanaşır. Torpaqlarımız işğal altında olduğu dövrdə biz gördük ki, bir çox dövlətlər Ermənistana ciddi təzyiq göstərmirlər. Müharibənin gedişatında müxtəlif təxribatlar etməyə çalışdılar. Yəni, istəyirdilər ki, Azərbaycan torpaqları işğaldan azad olunmasın. Hesab edirəm ki, bunun kökündə müsəlman-xristian məsələsi dayanır. Siz də şahidsiniz ki, Almaniya səfiri işğaldan azad olunan ərazilərmizə gedən səfirlərə qatılmır. Amma, getsəydi öz gözləri ilə reallıqların, həqiqiqətlərin şahidi olardı".
Yaqut Ağaşahqızı, “İki sahil”