08 aprel 2021 23:33
2339

 “Süleyman Ələsgərovun musiqili səhnə əsərləri”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında  elmi işçi Nazlı Mustafayevanın onlayn qaydada seminarı keçirilmişdi.

“İki sahil” xəbər verir ki, məruzəçi seminarda “Süleyman Ələsgərovun musiqili səhnə əsərləri” adlı mövzusu  ilə çıxış edərək, görkəmli Azərbaycan  bəstəkarı, qayğıkeş pedaqoq, Üzeyir Hacıbəyli adına Respublika Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artisti, professor Süleyman Ələsgərovun yaradıcılığı haqqında ətraflı məlumat verdi.  S.Ələsgərovun yaradıcılığının böyük bir hissəsini musiqili-səhnə əsərləri təşkil edir. İki opera və on iki musiqili komediyanın müəllifi olan Süleyman Ələsgərov ən müxtəlif mövzulara müraciət etmiş və çox maraqlı musiqili-səhnə əsərlərini yaradaraq Azərbaycan bəstəkarlıq məktəbi tarixində silinməz iz qoymuşdur.

Nazlı Mustafayeva eyni zamanda çıxışında qeyd etdi ki, Süleyman Ələsgərovun yaradıcılığında teatr, musiqili komediya və operetta janrında yazdığı əsərlər və  dram tamaşalarına yazdığı musiqi əsas yerlərdən birini tutur. Opera,operetta janrında yazdığı əsərlər onun bəstəkarlıq fəaliyyətinin birinci istiqamətini, dram əsərlərinə yazdığı musiqi isə ikinci istiqamətini təşkil edir. S.Ələsgərov iki operanın müəllifidir: 1961-ci ildə N.Nərimanovun “Bahadır və Sona” dramı əsasında eyni adlı ilk operasını, sonralar isə C.Cabbarlının “Solğun çiçəklər” adlı ikinci operasını bəstələmişdir. Eyni zamanda bu əsərlər uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında tamaşaya qoyulmuş, teatrın daimi repertuarına daxil olmuşdur. Hər iki opera klassik qərb, rus və Azərbaycan operalarının ənənələrinə əsaslanaraq Azərbaycan opera məktəbinin ənənələrini zənginləşdirmişdir.

Seminarda həmçinin bəstəkarın 1945-ci ildə yazdığı ilk musiqili komediyası “Məhəbbət gülü” əsəri haqqında da məlumatlar verildi. İlk musiqili komediyanın uğurundan ilham alan S.Ələsgərov sonralar bir-birinin ardınca “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım” və s. əsərlərini yaradır. Məruzəçi eyni zamanda bu əsərlərin bir neçəsinin video lentini  də nümayiş etdirdi.

S.Ələsgərovun bütün komediyaları seçilən mövzunun aktuallığı, musiqi nömrələrinin zəngin və rəngarəng musiqi dili, milli ənənələrə əsaslanan vasitənin tətbiqi baxımından ümumi cəhətlərə malikdir.  Bəstəkar yaratdığı hər bir komediyada ilk növbədə dahi müəllimi Ü.Hacıbəyli ənənələrinə əsaslandığını qabarıq şəkildə göstərmişdir.

Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, xalq artisti, professor Zümrüd Məmmədova, əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Mehparə Rzayeva, böyük elmi işçi Zeynal İsayev, aparıcı elmi işçi , bəstəkar Rüfət Ramazanov, elmi işçi Fidan Nəsirova  mövzu ətrafında  maraqlı müzakirələr apararaq dəyərli fikirlərini bildirdilər.

Ruqiyyə Süleymanova

 aparıcı elmi işçi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent