Atakama səhrası qərbində Sakit okeanın yerləşdiyi Çilinin məşhur səhrasıdır.
“İki sahil” xəbər verir ki, demək olar ki, yağışın yağmadığı bu səhra, NASA-nın kosmosa göndərəcəyi gəmilərin sınaqdan keçirildiyi xüsusi sahə kimi də bilinir. Bu Səhrada 1971-ci ildə yağan yağışa qədər 400 il ərzində yağış qeydə alınmayıb. Bu baxımdan bu yer dünyanın ən quru ərazisi kimi də tanınır. Duz və qiymətli metalları olan Atakama səhrası çətin şərtləri ilə yanaşı, iqtisadi qazancı ilə də diqqəti cəlb edir. Səhra qızıl başda olmaqla, həm də bir çox zəngin mədənə sahibdir. Qərbində Sakit Okean, şimalda Boliviya və şərqdə Argentina ilə əhatə olunmuş səhra Çilinin ən xüsusi yerlərindən biridir.
Bu səhra And dağları ilə əhatə olunub. Atakama səhrası dünyanın ən isti yeri sayılır. Dünyanın ən qədim mumiya mədəniyyəti bölgədə yaşayan Chinchorro xalqına aiddir. Yeddi min illik uşaq mumiyalarının olduğu bölgə, diqqətçəkici bir tarixi mirasa sahibdir. 15 milyon il yaşı olan Atakama səhrası zəngin gümüş ehtiyatlarına malikdir. Gümüşün kəşfi ilə bölgə Çili ilə Boliviya arasında qanlı bir müharibənin şahidi olub. 1879-1884-cü illər arasında olan müharibədə qalib gələn Çili torpaqlarını şimala doğru genişləndirib. Gümüşdən əlavə, səhra çox zəngin qızıl və mis yataqlarına sahibdir. Bu səbəbdən səhranın Çili iqtisadiyyatı üçün də böyük əhəmiyyəti var.
Elmi tədqiqatlarda mühüm yer tutan Atakama səhrasında böyük bir kosmik rəsədxana yerləşir. Marsa bənzədilən bu səhra, həm də ərazisinə görə elmi araşdırmalar üçün vacib bir tədqiqat mərkəzidir. Bölgədə araşdırma və sınaqlar aparan NASA, Atakamanı kosmosa səyahət etməzdən əvvəl mərkəz olaraq istifadə edir. Son olaraq Marsa göndərilən kosmik gəmi, səyahətə başlamazdan əvvəl Çilidəki bu nəhəng səhrada sınaqdan keçirilib. Səhranın ərazisində NASA tərəfindən sınaqdan keçirilmiş gəmi burada müsbət bir nəticə aldıqdan sonra Mars səyahətinə hazırlanır. Amerika Kosmik və Aviasiya İdarəsi 1997-ci ildən bu yana bu səhrada mütəmadi araşdırmalar aparır. Hər il bu araşdırmalara yenilərini əlavə edən NASA bölgədə araşdırma aparan tək qurum deyil. Çili dövləti də Atakama səhrasında da bir çox təcrübələr həyata keçirir. Səhra pilot bölgə olmaq xüsusiyyətinə də sahibdir. Bu qədər quraq bir bölgə olsa da, Atakamada fərqli canlı növlərinə rast gəlinir.
Səhranın Sakit okeanına yaxın olan bölgələrində meydana gələn duman bəzən yağış yağmasına səbəb olur. Digər tərəfdən, saat 6 ilə 10 arası səhranın müəyyən bölgələrində qısamüddətli yağışlar olur. Lakin bütün bunlar yenə də Atakamanın dünyanın ən quru və ən isti iqlimi olması faktını dəyişdirmir.
Laquna-Verde bölgənin ən vacib su ehtiyatlarından biridir. Buraya səyahətçilər və fotoqraflar tez-tez gəlir. Bu səhra qeyri-adi xüsusiyyətləri sayəsində möhtəşəm fotoşəkilləri ilə seçilir. NASA-nın araşdırma apardığı bu yer əslində macəraçı turistlərin də uzun müddət böyük maraq göstərdikləri yerlərdən biri olub. Ancaq Çində başlayan və bütün dünyaya yayılan koronavirus epidemiyası bölgədə uzun müddət səssizliyə səbəb olub.
Hazırda koronavirus epidemiyasına qarşı peyvənd işlərində dünyanın lider ölkələrindən biri olan Cənubi Amerika ölkəsi Çili yaxın zamanda peyvənd işlərini tamamlamağı planlaşdırır. Bu, bütün ölkədə olduğu kimi Atakama səhrasında da dinamizmin bərpasına səbəb olacaq. Dünyada peyvənd işlərinin irəliləməsi ilə birlikdə bu yerin əvvəllər olduğu kimi dünyanın müxtəlif yerlərindən gələn qonaqları və fotoqrafları qəbul edəcəyi gözlənilir. Qeyd edək ki, bu səhra indi də kosmik tədqiqatlarda həlledici rol oynamağa davam edir.
Vüsal Cahanov, “İki sahil”