14 aprel 2021 23:15
870

Prezident İlham Əliyevin yeni informasiya strategiyası obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır

ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda iştirak edən dövlətimizin başçısı dünyanın aparıcı beyin mərkəzləri nümayəndələrinin vasitəsilə həqiqətlərimizi bir daha dünyaya çatdırdı  


Azərbaycan 44 gündə  BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra edərək haqqı, ədaləti bərpa etdi, işğala son qoydu, işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin taktikasını açıqladı. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi  bu günədək ölkəmizə qarşı  dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin  münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlətimizin başçısı  İlham Əliyevin istər İkinci Qarabağ müharibəsi dövründə   xarici mətbuata müsahibələrinə, istər yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfrasına, istərsə də ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı  beynəlxalq konfransa diqqət yetirmək kifayətdir. Müxtəlif dövlətləri təmsil edən televiziya kanallarının gah ədalət meyarını nəzərə alaraq, gah da  tarixdən və hüquqdan xəbərsizlikləri fonunda  Ermənistana meyilliklilərini qabarıq şəkildə büruzə verərək səsləndirdikləri  suallarını   diplomatik şəkildə, səbr və təmkinlə, tarixi faktların dili ilə cavablandıran dövlətimizin başçısı İlham Əliyevin  tarix və hüquq dərsləri Azərbaycanın nəinki döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində  üstünlüyünü bir daha təsdiqləyir. Ölkə Prezidenti bir daha müharibənin nə zamanadək davam edəcəyini, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyalarını yerinə yetirərkən neytrallığı qorumamalarını, ən əsası Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə əldə edilən atəşkəs razılaşmasının  üç dəfə Ermənistan baş nazirinin əmrinə uyğun olaraq sərhəddən xeyli uzaqda olan yaşayış məntəqələrimizin, iki dəfə Gəncənin, üçüncü dəfə Bərdənin raket atəşinə tutulması nəticəsində kobud şəkildə pozulmasını, həmçinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşündən sonra işğaldan azad edilən torpaqlarımızın atəşə tutulmasını və sair məqamları  bir daha xatırladaraq,  işğalçı dövlətin taktikasının nədən ibarət olduğunu geniş auditoriyaya çatdırdı. Cənab İlham Əliyevin Vətən müharibəsinin gedişi zamanı  Almaniyanın ARD televiziya kanalına müsahibəsini yada salmaq istərdik. Jurnalistin  “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavab olaraq dövlətimizin başçısı  bildirmişdir ki,  Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir: “Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.»

Ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqi, intellekti, diplomatik  məharəti, dünyada, regionumuzda  və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirir və dövlətimizin  başçısının  dünya səviyyəli siyasətçi olduğunu bildirirlər. Günümüzün reallıqlarından biri budur ki,  istər müharibə dövründə, istərsə də postmüharibə  mərhələsində cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan  və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynadı.

Bir mühüm məqamı da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin informasiya cəbhəsində Azərbaycanın qalibiyyətini təmin etmək üçün atdığı addımlar  bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən, daha çox isə Ermənistana dəstəkdən  həqiqətlərimizi inkar yolunu tutan beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqelərində də dəyişikliklərə yol açmışdır.  Ermənistan silahlı qüvvələrinin  qadağan edilmiş silahlardan istifadə etdiyi beynəlxalq hüquq təşkilatlar tərəfindən də təsdiqlənir.  “Amnesty International” və  “Human Rights Watch” beynəlxalq hüquq təşkilatlarının hesabatları bu baxımdan diqqətçəkən oldu. Bu qurumların daim Azərbaycana qarşı qərəzli mövqedə dayanmaları, Ermənistanı müdafiə edən təşkilatlar kimi imic qazanmaları hər kəsə məlumdur.  Bu qurumların hesabatları göstərdi ki, artıq həqiqəti gizlətmək cətinləşir. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, diplomatiya müstəvisində real həqiqətlərə əsaslanan təbliğatı əsasında dünya ədalət deyilən məfhumun mövcudluğu ilə barışır. Bu təşkilatların nümayəndələri hadisə yerində olub  araşdırma apardılar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombalardan istifadə etdiyinə dair açıqlama yaymaları artıq dünya ictimaiyyətinin erməni vandalizminə və terrorizminə göz yuma bilmədiyini göstərir. Bu, Azərbaycanın, haqqın, ədalətin qələbəsi, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik üstünlüyünün göstəricisi kimi dəyərləndirildi.

İşğalçı Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayırdı, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışırdı. Bu gün artıq münaqişə tarixə qovuşub.   Münaqişənin diplomatik yolla həllinin mümkün olmadığını bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın bu sərsəmliyinin əksinə olaraq havadarları hərb yolunun mümkünsüzlüyünü qeyd edirdilər. Bugünümüzün reallıqları onların düşüncələrinin yanlışlığını bir daha nümayiş etdirdi. Tarix yazan, ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirir. 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış mənqələrimiz işğaldan azad edildi. Ermənistan və havadarları belə yalnış bəyanatları ilə Azərbaycanın gücünə, nüfuzuna xələl gətirməyə səy göstərirdilər. Ermənistan hakimiyyəti, eyni zamanda,  əsassız  təbliğatları ilə  ölkəmiz haqqında bu təsəvvürü də yaratmağa çalışırdı ki, Azərbaycan guya dinc əhalini hədəfə alıb və mülki obyektlərə zərbə endirib, beynəlxalq hüquqla qadağan edilmiş silahlardan istifadə edib. Dövlətimizin başçısı İlham Əliyev «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda dünyanın aparıcı beyin mərkəzləri nümayəndələrinin qarşısında  parlaq çıxışı zamanı  bu məsələyə diqqəti yönəldərək bildirmişdir ki,  Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparıb. «Mənim hərbçilərimizə verdiyim ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi» söyləyən ölkə Prezidenti vurğulamışdır ki, bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Hücum əməliyyatlarımız və texniki vasitələrimizin yeganə hədəfləri hərbi hədəflər idi.  40 nəfər mülki erməninin böyük bir hissəsi  hərbi əməliyyatlarda iştirak edənlər idi. Bu mülki vətəndaşlar hərbi hissələrə çağırılmış və əməliyyatlara cəlb olunmuşdular. 

Mayasında yalan, hiylə və xəyanət olan ermənilər  törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edirlər. Məqsəd erməni ictimaiyyətinin gözündə Ermənistan ordusunun məğlubiyyətinə haqq qazandırmaq, dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi müharibə cinayətlərindən yayındırmaq və beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaqdır. Ermənilər və onların havadarları unudurlar ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar birinci Qarabağ müharibəsi dövründə qaldı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, Azərbaycanın əleyhinə təbliğat aparan bir qrup  beynəlxalq hüquq müdafiə təşkilatlarının bu gün ölkəmizin, ordumuzun ədaləti bərpa etməsinə öz dəstəyini göstərərək Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiklərini təsdiqləməsi də  diplomatik uğurlarımızın tərkib hissəsidir. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək  Dağlıq Qarabağ probleminin ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha  işğalçı Ermənistana və havadarlarına  çatdırdı.  Ermənilərin feyk xəbərləri fiaskoya uğradı.

Göründüyü kimi, yalanın həqiqət üzərində qələbəsi qeyri-mümkündür. Təbliğat o zaman güclü olur ki, real faktlara, tarixi həqiqətlərə əsaslanır. Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Ermənilərin qardaş Türkiyəyə qarşı irəli sürdüyü qondarma «erməni soyqırımı» məsələsi də çirkin məqsədlərin tərkib hissəsidir. Cənab İlham Əliyev konfransdakı çıxışı zamanı bu məqamın  tamamilə qəbuledilməz və qəribəliyini bildirmişdir ki,  Ermənistan kimi kiçik, yoxsul və zəif ölkənin Türkiyə kimi böyük və güclü ölkəyə qarşı ərazi iddiaları var: «Onlar öz ideoloji doqmalarına o qədər tabe idilər və türkofobiya dövlət siyasəti oldu ki, onlar hətta reallıq hissini itiriblər. Bildiyimə görə, Türkiyə hökuməti addımlarını çox konstruktiv şəkildə planlaşdırır. Lakin, əlbəttə ki, onlar adekvat cavab almalıdır. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, öz konstitusiyalarını yenidən yazmalıdırlar. Onlar yeni konstitusiya qəbul etməlidirlər.» Dövlətimizin başçısı bu sərt çağırışı da edir ki,  hansı ölkənin konstitusiyasında digər ölkəyə qarşı ərazi iddiaları var?

Türkiyə hökuməti bu məsələlərlə qərəzsiz, obyektiv şəkildə məşğul olmaq üçün tarixçilərdən ibarət birgə komissiyanın  yaradılmasını açıq şəkildə dəfələrlə təklif edib. Lakin Ermənistan hakimiyyəti bundan  imtina edib.  Çünki onların siyasi dividendlər qazanmaq üçün bu saxta tarixə ehtiyacları var.  Ermənilər  bəzi ölkələrdən müdafiə, müəyyən yardım əldə etmək üçün bu saxta hekayədən istifadə edirdilər. Ermənistan ərazisində «erməni soyqırımı» abidəsinin ucaldılması da mənfur düşmənin bu məsələdən siyasi məqsədlər üçün bəhrələndiyini təsdiqləyir.

Saxta tarix yazmaq çıxış yolu deyil. Bu saxtalıq gec-tez həqiqət qarşısında aciz duruma düşür. Necə ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində diz çökdü, kapitulyasiya aktına imza atdı. Azərbaycanın informasiya, eyni zamanda, döyüş meydanında üstünlüyünü şərtləndirən əsas amillərdən biri məhz öz gücünə, beynəlxalq hüquqa, tarixi faktlara söykənməsidir.

Yeganə Əliyeva, «İki sahil»