27 aprel 2021 22:43
1688

İmam Hüseyn məktəbindən dərs alan şəhid

Qısa tanıtım: Əli Turac oğlu Quliyev 22 oktyabr 2001-ci ildə İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərində dünyaya göz açıb. İbtidai təhsilini Məşhəd şəhərində Camiətul-Mustafa adı ilə tanınan mədrəsədə alıb. Sonra  ailəsi ilə birlikdə öz doğma dədə-baba yurduna - Masallı rayonunun Böyük Kolatan kəndinə köçüb. 6-cı sinifdən təhsilini şəhid Simran Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə  orta təhsilini  başa vurub.  2020-ci ildə  Vətənə əsgəri  borcunu yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə  çağırılıb və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Füzuli və Xocavənd istiqamətində gedən qanlı döyüşlərdə iştirak edib və düşmənin bir neçə postunun ələ keçirilməsində böyük şücaət göstərib. Düşmənə sarsıdıcı zərbələr  vuran igid əsgər  oktyabr ayının 26-dan 27-nə keçən gecə şiddətli döyüşlər zamanı  ağır yaralanır və qəhrəmancasına şəhid olur. Şəhidin nəşi 29 oktyabr tarixində  Böyük Kolatan kəndində  torpağa tapşırılır.

Prezident İlham Əliyevin sərəncamları ilə  Əli Turac oğlu Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

“Şəhadətgah"da  oxunan azanın hikməti

Ata-anası  Əlini bələkdə ikən müqəddəs ziyarətgaha  aparıb, İslam ənənəsinə görə, orda  onun qulağına tanınmış islam alimi Ustad  Musaviyə  azan və iqamə oxutduraraq Əli adını qoymuşlar.  4-5 yaşlarında  ailəsi ilə birlikdə Kərbəlanı ziyarət etmişdir. Mədrəsədə  oxuduğu  beş il ərzində  Əli özü də dünyəvi elmlərlə yanaşı  mükəmməl dini  təhsil də alıb,  uşaq yaşlarından idmanın taekvondo  növü ilə ciddi məşğul olan qəhrəmanımız  Məşhəd şəhərində  iki  dəfə  yeniyetmələr arasında keçirilən çempionatın  qalibi olmuşdur.

...Qəhrəmanımız  hərbi xidmətə başladığı ilk  gündən  dinə olan sevgisi ilə  əsgər yoldaşlarının, bölük komandirinin  rəğbətini qazanmışdı. Ramin adlı əsgər yoldaşı  yazır ki,  Əli  dini kitabları mütaliə  etməyi çox sevərdi,  hər cümə  axşamı avazla  Qurandan “Yasin” surəsini oxuyardı.  “Ramazan ayı Əli oruc tutmağın fəzilətləri haqqında söhbət açanda  üç əsgər  yoldaşımızla  onunla birlikdə oruc tutduq.  Az sonra  bölük komandiri də bizə qoşuldu... Tam 3 ay birlikdə olduq. Bir yerdə namaz qılırdıq.”   Ordudan tərxis olunandan sonrə  Əli ilə  hər iki gündən bir əlaqə saxlayan Ramin son dəfə onunla oktyabrın 24-də danışdığını bildirir. “Atışma səsləri gəlirdi, amma mənə yerini söyləmədi.”

“Uşaq vaxtı Əliyə  oyuncaq silah almışdım...”

Vətən müharibəsi başlayandan  onunla  çiyin-çiyinə  bir taqımda döyüş yolu  keçən  Müşfiq adlı silahdaşı oktyabrın 26-da  düşmən tərəfindən minomyot və artilleriya  atəşinə tutularkən meşəyə çəkidilklərini  bildirir: “Çox yorğun və susuz idik.  Meşəyə girəndən sonra artilleriya  atəşi səngidi. Ağacların arasından dərin bir çay keçirdi. Suyu  bulanıq  olsa da içib, bir az dincəldik.”  Sonra döyüş tapşırığını yerinə yetirmək  üçün  taqımın  döyüşçüləri  iki qrupa  ayrılır.  İrəli gedəndə  əsgər yoldaşına Əli deyir ki,  əgər şəhid  olsam,  şəhadətim  İmam Hüseyn əleyihissəlamın ələmdarı  Həzrət Əbəlfəzl - Abbas ağanın şəhadətinə bənzəyəcək.  Hədisi-şəriflərdə  buyurulur ki, Allah dərgahında  Əbülfəzl  ağanın uca məqamına  qiyamət günü bütün şəhidlər qibtə edərlər...

Orxan  adlı döyüşçü  yoldaşı isə Əlinin qumbaraatan silahıyla düşmənə ağır itkilər verdiyindən bəhs edir.  Əlinin düşmənin başına, sığınacaqlarına  od  yağdıran silahından söz düşəndə, əmisi  İsfəndiyar  kövrələrək  deyir: “Bir dəfə uşaq vaxtı, Əliyə oyuncaq  silah almışdım. Dedi əmi, sən mənə bu silahın adam öldürənindən al. Soruşdum ki, Əli sən adamöldürən  silahı neynirsən? Cavab verdi ki, düşmənlərimizi öldürəcəm...  Əlinin məndən istədiyi silah  ona dövlətimiz tərəfindən verildi, o da  bacardığı qədər həmin silahla düşmənin canlı qüvvəsini, döyüş texnikasını məhv etdi...”

“Əli  cəsur oğul idi...”

Bu  sözləri bizə döyüşlərdə  öz dəbilqəsini  könüllü döyüşçülərdən  birinə verən  Əli barədə  Masallı rayonunun Xırmandalı kəndindən olan əsgər yoldaşı  Məftun  Ceyhun oğlu dedi. Döyüş ərəfəsi Əli ilə  Məftun əsgər kəmərlərini  yadigar olaraq bir-birləri ilə dəyişirlər.  Döyüş başlayanda  ermənilər atışa-atışa geri çəkilirdi. Əli  son nəfəsinədək  mənfur düşmənlə vuruşur.  Füzuli rayonunun yuxarı Veysəlli kəndi uğrunda döyüşlərdə  düşmən tərəfindən güclü artilleriya  atəşinə nəticəsində taqımın 4 döyüşçüsü  ilə birlikdə  Əli də şəhadətə qovuşur. Düşmən üzərində  tarixi  Qələbədən sonra Məftun Əlinin yadigar kəmərini gətirib  onun  atasına verir : “Bu qəhrəman şəhidimiz Əlinin mənə yadigar verdiyi kəmərdir. Çox heyif ki, bizim  yoldaşlığımızın  ömrü də  Əlinin ömrü kimi qısa oldu.”

Həmin kəməri şəhid oğlunun xatirəsinə bəzədilmiş güşədə saxlayan  Kərbalayı Turac  göz yaşları içərisində danışır: “Əli  evlə danışanda  içimiz rahat olsun deyə müharibədə  iştirak  etdiyini bizə bildirməzdi. Şəhid olandan sonra döyüş yoldaşlarının söhbətlərindən bildik ki,  Əli bir ay ağır döyüşlərdə olub...  Düzdür, ölüm hamı üçündür,  tezi- geci isə təqdiri –İlahidir.  Amma ən qısa  ömürü də keyfiyyətlə yaşamaq  gərəkdir.  Ölümlərin ən şərəflisi olan şəhidlik hər adama nəsib olmur.  Bizim Əli də  bütün cavan şəhidlərin ağası İmam Hüseyn məktəbindən dərs almışdı...”

19 yaşlı  Əlinin  şəhadəti adi ölüm olsaydı,  bəlkə  ata –anası üçün onun itkisi daha  çətin və əzablı olardı.  Lakin  kövrəlib, için-için ağlasalar da, şəhid atası-anası olduqları  üçün  daxillərindəki ağrı-acılarına sinə gərirlər.

Şəhid əsgərimizin  yas mərasimi təkcə  ata-baba ocağında deyil, ölkədən kənarda da keçirilib.  Yeddi mərasimində Rusiya Federasiyasının Sankt –Peterburq şəhərində yaşayan soydaşlarımız  onun ruhuna ehsan verib, dualar oxutdurublar.  Məzarının ziyarətinə  uzaq şəhərlərdən gəliblər. Məşhəd şəhərində yaşayan mədrəsə yoldaşları  telefonla ata-anasına başsağlığı verib, səbr diləyiblər. Böyük  Kolatan  kəndinin küçələrindən  birinin şəhid Əli Quliyevin adını daşıması barədə  təşəbbüs irəli sürülüb.  İdman yarışlarında aldığı kubok Masallı rayon Tarix-diyarşünaslıq muzeyində saxlanılır.  Bakıda  S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının sinif otaqlarından biri şəhid Əli Quliyevin adını daşıyır.  Atasının dediyinə  görə   paytaxtın  Xətai rayonunda  Mübariz Nəcəfov adına  86  saylı  tam orta məktəbində  Əli Quliyevin xatirə güşəsi yaradılacaq.  Hal-hazırda  Dövlət Sərhəd Xidmətinin "N" saylı  hərbi  hissədə xidmətdə olan  qardaşı  Məhəmməd Əlinin  vaxti  ilə yaratdığı “İnstagram”  hesabını  elə onun öz adı ilə idarə edir... Bir sözlə, şəhid Əli Quliyevin  yarımçıq qalan  ömrü  neçə-neçə  insanın  ömründə yaşayır... 

Biz də öz  növbəmizdə şəhidin  xatirə guşəsinə qoymaq üçün Tehranda  nəşr olunmuş “Adəm və Həvva” kitabımızı  atasına hədiyyə edib,  Allahdan Əliyə və  bütün şəhidlərimizə rəhmət dilədik. Vətənin qəhrəman oğullarını  unutmadıq, unutmayacağıq, unutdurmayacağıq!..

Nurəddin Muğanlı, “İki sahil”