28 aprel 2021 22:36
3150

Neft sənayesinin canlı əfsanəsi

Vaqif Qulu oğlu Hüseynov – 80   

Azərbaycanın dəniz neft sənayesinin yüksək ixtisaslı mütəxəssislərindən biri, istedadlı təşkilatçı, şərəfli ömür və zəhmət yolu keçmiş Vaqif Hüseynovun şəxsiyyəti onu tanıyan böyük neftçi ordusunun, ölkəmizin qədirbilən insanlarının qəlblərini fəth etmiş, gözəl əxlaqi keyfiyyətləri, insanpərvərliyi, humanistliyi ilə onlarda özünə qarşı böyük məhəbbət və minnətdarlıq hissləri doğurmuşdur.

Azərbaycan neftçilərinə şöhrət gətirən alim və mütəxəssislərdən, ziyalılarından  biri olan Vaqif Qulu oğlu Hüseynov 1 may 1941-ci ildə Tovuz şəhərində anadan olmuşdur. Məktəbdə oxuduğu illər ərzində kino filmlərə və dramaturgiyaya olan hədsiz marağı və kino rejissoru olmaq arzusu gənc Vaqifi kino operatorluğu kurslarına yönləndirdi. Böyük həvəslə təhsilini başa çatdırırdı ki, növbəti mərhələdə teatr institutunda kino rejissorluğunun sirlərinə yiyələnsin. Lakin neft sənayesində Azərbaycan neftçilərinin Xəzərin qoynundakı qəhrəmanlıqları, fədakarlıqları onu fikrindən döndərdi və Neft və Kimya İnstitunun Qaz-neft mədən fakültəsində tələbə olmaq şərəfini nəsib etdi. Gənc Vaqif Hüseynov 1965-ci ildə ali məktəbi bitirmiş və neft və qaz yataqlarının texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisasına yiyələnmişdir.

O, 1965-1969-cu illərdə “Leninneft” (indiki “Balaxanıneft”) Neft Mədənlər İdarəsində neft hasilatı üzrə operator, usta, sahə rəisi işləmişdir. 1969-1679-cu illərdə “Xəzərdənizneft” Birliyində mühəndis, böyük mühəndis, 1979-1988-ci illərdə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyinin birləşmiş dispetçer idarəsinin rəisi, 1988-1991-ci illərdə  “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Mərkəzi Mühəndis Texnoloji Xidmətinin rəisi, 1991-1996-cı illərdə “Neft Daşları” NQÇİ-nin, 1996-2003-cü illərdə “Qum adası” NQÇİ-nin rəisi vəzifələrində çalışmışdır. 2003-2012-ci illərdə “Neftqazelmitədqiqatlayihə” institutunun direktorunun müavini, daha sonra isə müşaviri işləmişdir.

Azərbaycan dəniz neft sənayesinin yüksək ixtisaslı mütəxəssislərindən biri, istedadlı təşkilatçı Vaqif Hüseynov Xəzər dənizi yataqlarından neft və qazın çıxarılması, hazırlanması, təhvil verilməsi üçün tikilən və istismara buraxılan obyektlərin, demək olar ki, çoxunda bilavasitə iştirak etmişdir. O, “Xəzərdənizneftqaz” Birliyinin Mərkəzi Mühəndis Texnoloji Xidmətinin rəisi işlədiyi zaman bütün NQÇİ-lərlə sıx əlaqə yaradaraq, onlara lazımi köməklik göstərərdi. Neftqazçıxarma idarələrində neft və qazın çıxarılması texnologiyasına aid və neftin standarta uyğun təhvili məsələləri o illərdə də günün əsas tələblərindən idi və bunların müvəffəqiyyətlə həll edilməsində Vaqif müəllim əzmkarlıqla iştirak edirdi. O zamanlar istehsalatda çalışan neftçilər arasında əmək qəhramanları, alimlər, tanınmış mütəxəssislər var idi ki, onların da hər biri istehsalata öz baxışı, öz nöqteyi-nəzərindən yanaşması ilə fərqlənirdi və sahənin inkişafında xidmətləri az olmamışdır. Vaqif Hüseynov onlardan görüb-götürmüş, təcrübələrindən bəhrələnmiş və sonrakı işlərində bundan səmərəli istifadə etmişdir. Təbii ki, hər bir insan gəncliyin, gözəlliyin qədrini bildiyi kimi, Vaqif müəllim də müdriklərin nəsihətini sevib, onu dərk edib, özündən sonrakılara təlqin etmişdir. Çünki insanın ağıl gövhərindən qiymətli sərvət yoxdur, ola da bilməz. Vaqif Hüseynov hansı sahədə işləyibsə, üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmiş, ona göstərilən etimada layiq olmuşdur.

O, bütün bilik və bacarığının dəniz neft sənayesinin inkişafına, neft və qazçıxarma texnika və texnologiyanın təkmilləşdirilməsinə sərf etmişdir. O, “Neft Daşları” NQÇİ-nin 5 il rəisi vəzifəsində çalışmışdır. Bu illər ərzində Vaqif müəllim çox işlər görmüş, çətinliklərə rastlaşmış, onların öhdəsindən uğurla gəlmişdir.

Beləliklə, dəniz suyunun səviyyəsinin 2,5 m qalxması ilə əlaqədar Çivanov qəsəbəsində piyadaların gediş-gəlişi üçün kiçik estakadaların çəkilməsi, qəsəbədə yerləşən texniki kommunikasiyaların dəyişdirilməsi, qəsəbənin sahili boyunca subasmadan müdafiəsi üçün qoruyucu bəndlərin tikilməsinə başlanması, dəniz suyu altında qalan neft, qaz, su kəmərlərinin, elektrik kabellərinin yeni tikilmiş estakadalarda yerləşməsi, benzindoldurma məntəqəsi, vertolyot meydançası və sərnişinlər üçün gözləmə zalı, 2 ədəd 2000 m3 həcmində su çənləri parkı, hava sıxıcı kompressor stansiyası, 4 №-li kompressor stansiyası və onun soyutma sistemlərinin yenidən qurulması, Bakıxanov qəsəbəsində 117 mənzilli yaşayış evi, dənizdə doqquz mərtəbəli yataqxana binası, Qarabağda həlak olanları yad edən xatirə lövhəsi, dindar işçilər üçün ibadətgah otağı və sair tikilmişdur. Bu işlər Vaqif müəllimin rəhbərliyi altında həyata keçirilmişdir.

1992-ci il noyabr ayının 24-26-da küləyin sürəti saniyədə 42 metrə, dalğaların hündürlüyü 9 metrə çatmışdır. Təbii fəlakətdə 10 kilometrlərlə estakada, neft-qaz və su xətləri dağılmış, quyular dayanmış elektrik enerjisi kəsilmiş, qaz-kompressor stansiyası fəaliyyətsiz qalmışdı. Xəzərin şıltaqlığına baxmayaraq, Vaqif Hüseynovun rəhbərliyi altında “Neft Daşları”nın fədakar kollektivi tezliklə dağıdılmış obyektlərin lazımi hissəsini qısa müddətdə bərpa etmiş və hasilatın stabilliyini təmin etmişdi.

Vaqif Hüseynov “Qum adası” NQÇİ-yə rəhbərlik etdiyi dövrdə “Qum-Dəniz” yatağının məhsulunda qazın mayedən ayrılması kimi mürəkkəb texnoloji prosesin həyata keçirilməsi, dəniz səviyyəsinin qalxması nəticəsində adada yerləşən bir sıra obyektlərin sahilə köçürülməsi, "Hövsan" və " Zığ" yataqlarında qazma işlərinin bərpa edilməsi və istismara başlanması, 2 saylı qazpaylayıcı stansiyanın tikilməsi, qaz-kompressor stansiyasının yeni texnoloji sxeminin yaradılması və əsaslı təmiri və sair işlərə də rəhbərlik etmişdir.

NQÇİ-də dəfələrlə elmi-texniki seminarlar keçirilmiş və bu seminarlarda neft və qazın çıxarılmasında, nəqlində qarşıya çıxan çətinliklərin elmi yollarına baxılmış və bir çox təkliflər verilmişlir. Bu təkliflərdən, xüsusilə quyuya buraxılmış lift borularının korroziyaya uğramasına qarşı mübarizə, quyudibi zonasının işlənilməsi yolları, lay təzyiqinin saxlanması üçün vurucu quyularda maqnit qurğularının tətbiqi, quyuların mənimsənilməsində maqnitli məhlulun vurulması və s. tədbirlər yüksək elmi-iqtisadi nəticələrin əldə olunmasına gətirib çıxarmışdır.

Vaqif Hüseynovun rəhbərliyi dövründə  “Qum adası” NQÇİ-nin şəhidləri üçün abidə qoyulmuş, yeni inzibati idarə binası inşa edilmiş, Qaraçuxur qəsəbəsində park inşa edilmiş, mədəniyyət sarayı əsaslı təmir edilmiş və digər bir çox sosial obyektlər hazırlanıb işçilərin istifadəsinə verilmişdir. Vaqif Hüseynovun gərgin əməyinin nəticəsində o illər ərzində idarə tərəfindən plan və tapşırıqlara əməl edilməsi sahəsində geriliklər aradan qaldırılmış və idarə neft sənayesində qabaqcıl müəssisələrdən birinə çevrilmişdir. Bu nailiyyətlərin əldə olunması Vaqif müəllimin yüksək ixtisaslı mühəndis, peşəkar neftçi və başlıcası yüksək ixtisaslı rəhbər işçiyə mənsub olan keyfiyyətləri sahəsində ərsəyə gəlmişdir.

Vaqif Hüseynov çalışdığı yerdən asılı olmayaraq çox tələbkar, məsuliyyətli, işini sevən, işçilərə hörmətlə yanaşan, onların hörmətini qazanan, kollektivin ictimai həyatında fəal iştirak edən, işçilərə qarşı qayğıkeş bir rəhbər olmuşdur.

Başqalarına əl tutmaqdan məmnunluq duyan Vaqif müəllim bütün yaxşılıqlarını insanlıq və insaf borcu hesab etmişdir. O, insaf aynasında öz işlərinin yaxşı-yamanlığını görə bilən, qiymətləndirməyi bacaran rəhbər işçilərdən olmuşdur. Vaqif Hüseynov ürəyi düz, qəlbi təmiz və səxavətli şəxsiyyətdir. O bilir ki, dostluq təkcə ağır günlərdə yox, sevincli günlərdə də bilinir.

Ömrünün 43 ilini dəniz neft sənayesinə həsr etmiş Vaqif Hüseynov bu illər ərzində dəniz neft sənayesinin inkişafında xüsusi xidmətləri olan bir çox korifeylərlə, o cümlədən Ələkbər Süleymanov, Nəsrulla Babayev, Bəxtiyar Məmmədov, Qurban Abbasov,  Bəhmən Hacıyev, Xoşbəxt Yusifzadə, Akif Cəfərov, Namiq Əfəndiyev, Natiq Əliyev və digər şəxslərlə birgə işləmiş, yeni texnika və texnologiyanın tətbiqində səylə çalışmışdır.

O, neft-qaz hasilatının sabitləşdirilməsi, artırılması və yataqların işlənməsi istiqamətində qarşıya çıxan problemlərin həllinə yönəldilmiş 30 elmi məqalənin, 4 ixtiranın və 4 kitabın müəllifi, texnika elmləri namizədidir.

Vaqif Hüseynovun neft və qaz sənayesində uzunmüddətli əməyi yüksək qiymətləndirilib. O, “Neft sənayesinin əlaçısı” adına layiq görülmüşdür. Dəniz neft sənayesinin 50 illik yubileyi ilə əlaqədar Resbublikanın neft və qaz sənayesinin inkişafındakı xüsusi  xidmətlərinə görə Dövlət Neft Şirkətinin “Fəxri Fərmanı” ilə təltif olunmuş, hal-hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Prezident Təqaüdçüsüdür. Hal-hazırda isə “Neftçilər klubu” İctimai Birliyinin sədridir.

80 illik yubileyi münasibətilə “Neftqazelmitədqiqatlayihə” institutunun müdiriyyəti, Həmkarlar Komitəsi və əmək kollektivi əfsanəvi neftçi, Prezident təqaüdçümüz Vaqif Hüseynovu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırlar.

Elçin Kazımov,
Elm sahəsində UNESCO mükafatı laureatı, Rusiya Təbii Elmlər Akademiyasının üzvü, “Neftqazelmitədqiqatlayihə” institutunun laboratoriya müdiri, texnika elmləri doktoru