29 aprel 2021 13:01
1989

Bir həftəlik tətildə kütləvi məclislərdən uzaq olmaq lazımdır

Yaxşı olar ki, bayram günlərini hər kəs öz ailəsi ilə keçirsin və yaxşılıq etmək istəyən dəyərli müsəlmanlar məsafədən öz yaxşılıqlarıni etsinlər

"Dünyada COVID-19 virusuna yoluxma halları yenidən çoxalmaqdadır. Son günlər ərzində Türkiyədə günə 43 000-dən çox yoluxma sayı müşahidə edirik. Ümumilikdə, Türkiyədə artıq 3 000 000-dan çox yoluxma halı olub və bunlardan da 30 000-dən çoxu xəstəlikdən dünyasını dəyişib".

Bu sözləri “İki sahil”ə açıqlamasında “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu gündən Türkiyə tam olaraq qapanma rejiminə keçir: “Qardaş ölkədə şirkətlər fəaliyyətini dayandırır, market və apteklər yalnız saat 17:00-a kimi işləyəcək, kafe və restoranlar yalnız çatdırılma xidməti çərçivəsində fəaliyyət göstərə biləcək. Lokdaun şəraiti Türkiyədə mayın 17-nə qədər davam edəcək.”

İB sədri qeyd edib ki, Hindistanda da vəziyyət kritikdir. Yeni qeydə alınan Hindistan ştammına gün ərzində 300 000-dən çox insan yoluxur və hər gün 2000-dən çox insan virusun qurbanı olur. Hindistandanda səhiyyə sistemi iflic olub.

A.Hüseynovun sözlərinə görə, ölkəmizdə COVID-19 virusuna yoluxma hallarının gedişatına nəzər salsaq, yoluxmanın azalmağa doğru getdiyini müşahidə edirik: "Bunun ən əsası səbəbi qaydalara əməl etmək və ölkədə uğurla davam edən vaksinasiya prosesidir. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 500 minə yaxınlaşır.

Dünyada "vaksin ədalətsizliyi" olduğu halda Azərbaycanın kifayət qədər sayda vaksin əldə etməsi ölkəmiz üçün böyük uğurdur. Bu uğurun arxasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dayanır. Vaksinasiya prosesinin təşkilində aidiyyəti səhiyyə qurumlarının peşəkarlığını da qeyd etmək istərdim.”

Həmsöhbətimiz bildirib ki, qarşıdan müqəddəs Ramazan bayramı gəlir və bir həftə geyri iş günü olacaq: “Mövcud riski nəzərə alaraq vətəndaşlarımızı kütləvi məclislərindən uzaq olmağa çağırırıq. Yaxşı olar ki, bayram günlərini hər kəs öz ailəsi ilə keçirsin və yaxşılıq etmək istəyən dəyərli müsəlmanlar məsafədən öz yaxşılıqlarıni etsinlər. Bu cür yanaşma ilə özümüzü, ailəmizi, eləcə də yaxşılıq edəcəyimiz insanları qorumuş olarıq.

Hər birimiz məsuliyyətli olmalı, maskadan düzgün istifadə etməli, sosial məsafə saxlamalı və şəxsi gigiyenaya əməl etməliyik".

Röya Rasimqızı, “İki sahil”