Çox əhəmiyyətli ərazidə yerləşən və məhsuldar torpaqlara sahib olan Türkiyə əsrlər boyu çoxlu mədəniyyətlərə ev sahibliyi edib. “İki sahil” xəbər verir ki, tarixin qədim dövrlərindən qalan mədəni irslərin əksəriyyəti günümüzə qədər gəlib və kəşf olunacağı günü gözləyir. Gəlin Türkiyənin bu qədim şəhərləri ilə birlikdə tanış olaq.
Hattuşaş, Çorum
Anadolunun ilk mədəniyyətlərindən biri olan Hititlərin paytaxtı Hattuşaş Çorumun mərkəzindən 82 km uzaqlıqdakı Boğazkale rayonunda yerləşir. 450 il boyunca paytaxt olan şəhər "Min Tanrılı Şəhər" olaraq da bilinir. Üst şəhər və alt şəhər olaraq ikiyə ayrılan ərazidə bir çox məbəd və yaşayış sahəsinə rast gəlmək mümkündür.
Çatalhöyük, Konya
Çatalhöyükün tarixi Neolit dövrünə, yəni 9 min il əvvələ təsadüf edir. Bəşəriyyətin oturaq həyata keçid dövrlərini anlamaq üçün mühüm tarixi qalıqlar olan bölgə iki əsas kurqandan ibarətdir. Təxminən 2 min il canlı qalmış bir yaşayış məskəni olması və qorunaraq bu günlərə gəlməsi Çatalhöyükün dəyərini bildirən xüsusiyyətlərdən biridir. Qədim şəhərdə, o dövrlərin şəhər və sosial həyatına aid bir çox qalıqları araşdıra bilərsiniz.
Efes, İzmir
Efes təməli miladdan öncə 6000-ci ilə gedən qədim bir Yunan şəhəridir. İzmirin Selçuk rayonunda olan şəhər əhalisi o zamanlar yerlərini dəfələrlə dəyişdirdiyindən geniş bir əraziyə yayılıb. Ev sahibliyi etdiyi Yunan və Roma mədəniyyətləri sayəsində inkişaf edərək Asiyanın əhəmiyyətli şəhərləri arasında yerini alıb. Dünyanın yeddi möcüzəsindən biri olan Artemis məbədinin xarabalıqları, qədim şəhərin küçələrində gəzərkən gördüyünüz möhtəşəm tikililərdən yalnız biridir.
Zeuqma, Qaziantep
Makedoniyalı İskəndərin generalı Selevkos tərəfindən miladdan öncə 300-cü ildə Fərat çayının sahilində qurulan Zeuqma daha sonra Kommagene krallığına keçərək krallığın dörd böyük şəhəri arasında yer alıb. Kommagendən sonra Roma hakimiyyətinin əsarətinə düşən şəhər bu dövrlərdə ən zəngin illərini yaşayıb. İpək Yolu kimi bir ticarət şəbəkəsinin üzərində yerləşməsi əlbəttə ki, bu sərvətə böyük töhfə verib. Mozaikası ilə məşhur olan Zeuqmada tapılan əsərlərin əksəriyyəti, Roma İmperiyasının zirvəyə çatdığı illərə aiddir. Dünyanın məşhur “Qaraçı qız” mozaikası da burada nümayiş olunan əsərlər arasındadır.
Myra, Antalya
2009-cu ildə Myrada başlayan qazıntılar buranın qədim bir Likiya şəhəri olduğunu üzə çıxardıb. Müqəddəs Nikolayın yepiskopu olduğu və eyni adlı bir kilsəyə ev sahibliyi etdiyi şəhər böyük ölçüdə şöhrətini buradan qazansa da, möhtəşəm bir işləmə ilə həkk olunmuş qaya türbələrini gözdən qaçırmamalıyıq. Təəssüf ki, kilsə 1034-cü ildə ərəb istilaları nəticəsində günümüzə çatmadan dağıdılıb. Roma və Yunan dövrlərinə aid izləri olan teatr da, ziyarətçilərini etibarlı bir şəkildə gözləyir.
Göbeklitepe, Şanlıurfa
Göbeklitepe bir şəhər olaraq xatırlanmasa da, tarix haqqında bildiklərimizi 11 min il əvvələ aparan əhəmiyyətli bir xəzinədir. Bu səbəbdən mədəni irs siyahısına daxil edilməsi də mütləq şərtdir. Dünyada bilinən ən qədim tikililər icması olan bölgədə tapılan obelisklər və müxtəlif relyef fiqurları tədqiqatçıları buranın bir inanc mərkəzi ola biləcəyini düşündürüb. Göbeklitepenin Misir piramidalarından da daha qədim olduğu bildirilir.
Vüsal Cahanov, “İki sahil”