Ötən həftəsonu “İki sahil”in çəkiliş qrupu olaraq qəhrəman hərbçilərimizin qanları, canları bahasına düşmən işğalından azad etdikləri, dillər əzbəri olan Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər etdik. Daha əvvəl işğaldan azad edilmiş digər ərazilərə səfər etsək də Hadrut səfəri tam başqa idi. Çox deyilirdi, çox danışılırdı Hadrut haqqında. Yəqin buna görə idi ki, yolboyu vaxt itirmədən iki çay arasındakı o səfalı yerə çatmaq, yolda itirəcəyimiz vaxtı Hadruta sərf etmək istəyirdik. Füzulinin Əlixanlı kəndindən keçərək işğaldan azad edilən ərazilərə daxil olduq. Bir neçə postu, daşı daş üstündə qalmayan evləri, dağıdılıb viran qoyulan boz dağlar arasındakı dolanbaclı yolları keçdikdən sonra növbəti posta çatdıq. Bu, Hadrut qəsəbəsinə gedən yoldakı son post idi. Bir neçə kilometr getdikdən sonra boz dağlar yaşıl dona bürünmüş yüksəkliklərlə əvəz olunurdu. Hadrutun deyildiyi qədər gözəl təbiətə malik olduğu özünü göstərməyə başlamışdı.
Hazırda qəsəbədə sakitlik olsa da...
Nəhayət “iki çay arasında” mənasını verən Hadrut qəsəbəsinə çatırıq. Digər yerlərdə olduğu kimi, buranın da hər qarışında müharibənin izləri görünürdü. Bildiyiniz kimi, ermənilər buranı şanlı əsgərlərimiz qəsəbəni mühasirəyə alanda, yəni son anda tərk ediblər. Buna baxmayaraq yenə də öz xislətlərindən əl çəkməyərək ən son məqamda da belə qəsəbəyə müəyyən qədər ziyan vurublar. Amma onlar bütün bunlara baxmayaraq Hadrutun gözəlliyinə, füsünkar təbiətinə kölgə sala bilməyiblər. Hadrut ermənilərin nəyin bahasına olursa-olsun Azərbaycana qaytarılmayacağını düşündükləri yaşayış məntəqələrindən biri idi. Burada yaşayan ermənilər Cəbrayıldan, Füzulidən, Zəngilandan və Qubadlıdan daşıdıqları materiallar ilə özlərinə çox gözəl şərait qurmuşdular. Qəsəbədə saysız-hesabsız otellər, marketlər, dükanlar, gözəllik salonları, kafe və restoranlar, əyləncə mərkəzləri, parklar və sair fəaliyyət göstərib. Müşahidə apardığımız evlərin həyətlərinin çoxunda çaxır çəlləkləri vardı, söhbətgah və istirahət üçün hər cür şərait yaradılıb. Hər tərəfdən dağlarla əhatə olunmuş Hadrut Qozluçay dərəsində yerləşir. Küçələri gəzərkən də müşahidə etdik ki, burada olan ağacların əksəriyyəti məhz elə qoz ağaclarıdır. Buradakı binalardan, evlərdən də müharibənin izləri hələ silinməyib. Belə tikililərdən biri də keçmiş rayon icra komitəsinin binasıdır. Bu binada Sovet dövründə Hadrut rayon partiya komitəsi yerləşib.
Hazırda qəsəbədə sakitlik hökm sürsə də yaxın zamanlarda buranın ən çox ziyarət edilən turizim məkanlarından biri olacağı şəksizdir.
Adlarla bəzənən evlər və insanlıq borcu
Demək olar ki, bütün evlərin divarlarına döyüşlərdə iştirak edən igid əsgərlərimiz öz adlarını, təmsil etdikləri rayonların, bitirdikləri məktəb və sair yerlərin adlarını yazıblar. Bu adları oxuduqca insan istər-istəməz özü-özünə sual edir: “Görəsən bu adın sahibi sağdırmı?”
Qəsəbənin füsunkar təbiətinə xüsusi rəng qatan Hadrutun ən hündür hissəsinə - “İnci bulağı”na çıxarkən ayaq saxlayıb gözəl Hadrutun mənzərəsinə baxırıq. Bu gözəl yeri gəlib görməyimizə səbəb olan Vətən müharibəsi iştirakçılarının hər birinə vətəndaşlıq və insanlıq borcumuzu xatırlayıb yolumuza davam edirik.
Çinar ağacının kölgəsindəki “İnci bulağı”
Xeyli yol getdikdən sonra məhşur “İnci bulağı”na çatdıq. Cəbrayıl rayonu ilə Hadrutun arasındakı dağın şimal-şərq tərəfində, meşəlik ərazidə yerləşən bulaq sərin və şəfalı suyu ilə qəsəbənin su təchizatında mühüm əhəmiyyətə malikdir. Belə ki, Hardutdakı su anbarlarına bir neçə mənbədən su yığılır ki, bunlardan biri də sözügedən bulağın səfalı suyudur. Bulağın qarşısında isə üç əzəmətli çinar ağacı şaxələnərək ətrafa kölgə salır.
Qurucu insanlar
Olduğumuz müddətdə Hadrutun küçələri, evləri, park və digər ictimai obyektləri çox səssiz idi. Burada hərbçilərdən, hüquq-mühafizə orqanlarının əməkdaşlarından, infrastruktur layihələri icra edən və abadlıq-quruculuq işləri ilə məşğul olan soydaşlarımızdan savayı heç kəs yox idi. Bunun da səbəbi məlumdur, ərazilər minalardan təmizlənmədən, infrastruktur yenilənmədən müəyyən ərazilər istisna olmaqla digər yerlər hələlik insan həyatı üçün potensial təhlükə mənbəyi olaraq qalır. Əminik ki, yaxın vaxtlarda bu işlər başa çatacaq və bu torpaqların sahibləri öz doğma məkanlarına dönərək Hadrutda yenidən kompleks şəkildə canlanma yaradacaqlar.
Orxan Vahidoğlu,
Taleh Bağırov,
Samir Paşayev(foto-video), “İki sahil”
Bakı-Hadrut-Bakı