26 may 2021 21:53
2343

Bol su mənbələrinə malik Hadrut qəsəbəsi/FOTO/VİDEO

Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olunduqdan və Vətən müharibəsi başa çatdıqdan dərhal sonra azad edilmiş digər yaşayış məntəqələrində olduğu kimi, bu qəsəbədə də infrastrukturun bərpasına başlanılıb. Hadrutun adının “İki çayın arası" mənasını verməsi təsadüfi deyil. Quzeyçay və Güneyçay Hadrutun ərazisində birləşib Qozluçayı təşkil edir. Adlarını sadalanan çaylardan, dağlarında müşahidə olunan bulaqlardan aydın görünür ki, Hadrut qəsəbəsi bol su mənbələrinə malikdir.

Su həyatdır

Su həyatdır deyiblər. 44 günlük Vətən müharibəsi zamanı ordumuz işğal altında qalan torpaqlarımızı azad edərək bu torpaqlara həyat verdi. İşğaldan azad olunmuş Hadrut qəsəbəsində Prezident İlham Əliyevin tapşırıqlqarına uyğun olaraq ilk növbədə həyati əhəmiyyət daşıyan içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz tədbirlər görülüb. Hazırda Hadrut qəsəbəsində su təchizatının tam normallaşdırılması üçün bir neçə istiqamətdə işlər gedir.

“İki sahil”in əməkdaşları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən silsilə reportajlar hazırlayırlar. Hadruta ezam olunan “İki sahil”in əməkdaşları qəsəbədə həyata keçirilən su təchizatı ilə bağlı görülən işləri təqdim edir.

5,5 kilometr şimalda əsas su mənbəyi

Coğrafi mövqeyinə, füsunkar təbiətinə hər zaman həsəd aparan ermənilər Hadrutda mümkün qədər çox məskunlaşmağa çalışıblar. Lakin 44 günlük müharibədə məğlub olduğunu görən düşmən mənfur xislətlərinə sadiq qalaraq qəsəbənin digər infrastrukturu ilə yanaşı, su təchizatını da sıradan çıxarmağa çalışıb. Bu azmış kimi, içməli su mənbələri mənfur düşmən tərəfindən çirkləndirilib.

Məlumat üçün bildirək ki, 44 günlük müharibədən sonra Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin içməli su təchizatındakı vəziyyəti qiymətləndirmək üçün “Azərsu” ASC-nin mütəxəssisləri bölgəyə ezam edilib. Qəsəbə 2 mənbə - bulaqlar və subartezian quyuları hesabına içməli su ilə təmin olunub. Müharibə başa çatdıqdan sonrakı ilk günlərdə bulaqlardan su gəlmədiyindən generatorlar vasitəsilə subartezian quyuları işə salınıb və məskunlaşma olan bina və tikililər su ilə təmin edilib. Sonra hərbçilərimizlə birlikdə təhlükəsizlik tədbirləri görülməklə qəsəbədən 5,5 kilometr şimalda yerləşən əsas su mənbəyi olan bulağa baxış keçirilib, magistral su kəməri təftiş olunub. Mənbə və magistral kəmərdə təmir-bərpa işləri görülüb və qəsəbəyə suyun verilişi təmin edilib.

Hadrutda su təminatı ilə bağlı heç bir problem yaşanmır

“Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin aparıcı mühəndisi İqbal Xəlilov məlumat verdi ki, hazırda Hadrut qəsəbəsində mövcud olan su sistemi bərpa edilib: “Hazırda burada fəaliyyət göstərən hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, infrastruktur layihələri icra edən və abadlıq-quruculuq işləri ilə məşğul olan soydaşlarımız su ilə təmin olunublar. Hadrut qəsəbəsinin relyef baxımından yüksək nöqtələrində 5 su anbarı mövcuddur. Həm bulaqdan, həm də subartezian quyularından nəql olunan sular bu anbarlarda toplanaraq, qəsəbə şəbəkəsinə ötürlür. Buranın su mənbələri əsasən təbii bulaqlar, dağ çayları və əlavə olaraq iki ədəd subartezian quyusudur. Bu gün əminliklə deyə bilərəm ki, Hadrut qəsəbəsində su təminatı ilə bağlı heç bir problem yaşanmır.”

İ.Xəlilov qeyd etdi ki, Hadrut qəsəbəsi ilə yanaşı, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında fəaliyyət göstərən vətəndaşlarımız da içməli su ilə təmin olunublar: “Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra partladılan, dağıdılan su xətləri bərpa olunub. Sadaladığım yaşayış məntəqələrində də su təchizatında hər hansı bir problem yaranarsa dərhal aradan qaldırılır.”

Hər saatda 55-60 kubmetr su ötürülür

“Azərsu” ASC-nin əməkdaşı Tehran Xankişiyevlə həmsöhbət olarkən məlumat verdi ki, ötən müddətdə Hadrut qəsəbəsinin şəbəkəsində 30-dan çox qəza aradan qaldırılıb. 2000-dən çox mənzildə su xətləri təftiş olunub, qış aylarında donvurmaların qarşısını almaq üçün tədbirlər görülüb. Hazırda qəsəbədə hərbi və mülkü binalar fasiləsiz içməli su ilə təmin olunur və şəbəkəyə saatda 55-60 kubmetr su ötürülür.

Orxan Vahidoğlu,

Taleh Bağırov, “İki sahil”

Bakı-Hadrut-Bakı