26 may 2021 17:12
803

Azərbaycan – ABŞ əməkdaşlığı: Qlobal təhlükəsizlik, enerji və demokratik inkişaf prioritet məsələlərdir

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda ABŞ Prezidenti bir sıra məsələlərə toxunub. Təbrikdə qeyd edilib ki, bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir: “Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar. Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir”.

C.Baydenin Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbrik məktubunun mətnində Xəzərlə bağlı xüsusi mövqeyi diqqəti cəlb edir. Bu, Vaşinqtonun “Transxəzər” layihəsinə dəstəyinin ifadə edilməsidir. Türkmənistan, ümumilikdə, Mərkəzi Asiya coğrafiyasının enerji resurslarının Avropaya çıxışı üçün irəli sürülən bu layihənin önündə iki praktiki maneə var idi. Birincisi, Xəzərin hüquqi statusunun həll edilməməsi idi. 2019-cu ildə bununla bağlı razılıq əldə edildi. İkincisi, Bakı və Aşqabad arasında yataq mübahisəsinin mövcudluğu idi. Bu da 2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla həllini tapdı. Bütün bunlardan sonra belə görünür ki, ABŞ “Transxəzər”in reallaşmasına daha ümidli yanaşdığı üçün bu cür mövqe ortaya qoyur.

Milli Məclisin İqtisadi, siyasət və sənaye komitəsinin üzvü Vüqar Bayramov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, qlobal olaraq təhlükəsizlik, enerji, eləcə də demokratik inkişaf prioritet məsələlərdir: “Hətta 2020-ci ilin pandemiyası da göstərir ki, təhlükəsizliyə yanaşmada dəyişiklik eyni zamanda, region üçün, xüsusən də Avropa qitəsi üçün enerji təhlükəsizliyinin formalaşması indi də əsas prioritet məsələlərdən biridir. Bildiyimiz kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən dövlətlərdəndir. Bu baxımdan, ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubunda da qeyd olunduğu kimi, məhz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu və töhfəsi xüsusilə qiymətləndirilir”.

Deputat onu da diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanın təbii qazının Avropaya çıxarılmasını təmin etdi: “Artıq 2020-ci ilin sonundan etibarən Azərbaycanın təbii qazı Avropa bazarlarına çıxarılır. Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya 5 milyard, qardaş Türkiyəyə 8 milyard, qonşu Gürcüstana isə 1 milyard kubmetr təbii qaz nəql edəcək. Göründüyü kimi, Azərbaycan 2021-ci ildə də həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini davam etdirir. Bununla da Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcəkdir. Onu da qeyd edim ki, Azərbaycan qazı birinci mərhələdə Avropa bazarına 10 milyard kubmetr həcmində nəql olunacaq, daha sonra isə Cənub Qaz Dəhlizi və TAP layihəsi vasitəsi ilə Avropaya 20 milyard kubmetr qazın illik olaraq nəql edilməsi nəzərdə tutulur. Sözsüz ki, bu da Avropanın və Cənubi Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verəcək. Eyni zamanda, Azərbaycanla Türkmənistan arasında əldə edilən razılıq, anlaşma, “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı imzalanan memorandum da regiondakı sabitliyə və təhlükəsizliyə xüsusi töhfə verir. Bu da Xəzəryanı ölkələrin enerji resurslarının birgə işlənməsi baxımından yeni bir model yanaşmadır. Sözsüz ki, bu da regiondakı həm enerji təhlükəsizliyinə, həm də əməkdaşlığa xüsusi töhfə verən nümunələrdən hesab olunur. Onu da qeyd edim ki, “Dostluq” yatağından hasil ediləcək mavi qazın Azərbaycan vasitəsi ilə nəql ediləcəyi də gözlənilir. Şübhə yoxdur ki, bu da regionun enerji təhüləkəsizliyinə xüsusi bir töhfə vermiş olacaq. Bu baxımdan, Azərbaycan regionda enerji və təhlükəsizliyə töhfə verən ölkə olmaqla yanaşı, ABŞ-ın regiondakı əsas strateji tərəfdaşlarından da biridir. Sözsüz ki, ölkəmizin ABŞ, eləcə də Avropa Birliyi ilə əməkdaşlığının gücləndirilməsi, bu istiqamətdə starteji əməkdaşlığın dəstəklənməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və bütövlükdə regiondakı əməkdaşlığının genişləndirilməsində rolunun daha da artmasına gətirib çıxaracaq”.  

Mənsumə Babayeva, “İki sahil”