Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilər minalardan təmizləndikcə infrastruktur yenilənmələri və genişmiqyaslı abadlıq işləri sürətlə davam edir. Belə infrastruktur layihələrindən biri də Xocavənd rayonunun Hardut qəsəbəsində icra olunan enerji təchizatıtır. Ötən həftəsonu Hadruta səfərimiz zamanı qəsəbədə elektrik təchizatı ilə bağlı görülən işlərlə də maraqlandıq.
“Azərişıq” ASC-nin Xocavənd rayon şöbəsinin şəbəkə rəisi Dəyanət Əlixanov “İki sahil”ə müsahibəsində bildirdi ki, hazırda Hadrut qəsəbəsində elektrik təminatı ilə bağlı heç bir problem yoxdur: “Bu 35/10 kilovoltluq yarımstansiya Birinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan tərəfindən tikilərək istifadəyə verilib. Ermənilər qəsəbəni işğal etdikdən sonra buradan istifadə ediblər, lakin Hadrutu tərk edərkən xislətlərinə uyğun olaraq stansiyanı da yararsız hala salıblar. Qəsəbə işğaldan azad olunandan dərhal sonra “Azərişıq” tərəfindən yarımstansiyada əsaslı yenidənqurma işlərinə başlanılıb. Füzuli rayonunun Şükürbəyli yarımstansiyasından çəkilən yeni xətlərlə elektrik enerjisi bu stansiyaya gələrək buradan Hadrut və ətraf kəndlərlə yanaşı, Cəbrayılın Hərəkül stansiyasına və nəhayət Çanaqçı, Daşaltı kəndlərindən çəkilən yeni xətlərlə Şuşaya paylanılır. Ermənilər demək olar ki, bütün avadanlıqlar yararsız hala salmışdılar. “Azərişıq” tərəfindən bütün hissələr, kabellər, eləcə də transformatorlar yenisi ilə əvəz edilib. Qəsəbənin daxili xətləri tam yenilənib, yeni sayğaclar quraşdırılıb. Xüsusi dövlət əhəmiyyətli binalar, evlər və digər sosial obyektlər 24 saat elektrik enerjisi ilə təmin olunub.Bütün bu proseslər 37 gün müddətində başa çatıb və yanvar ayının 7-də Şuşada Azərbaycan işlığı yanmağa başlayıb.
İnşallah yaxın zamanda quraşdıracağımız yeni avadanlıqlar sayəsində bir neçə yaşayış məntəqəsi, eləcə də Tuğ kəndi fasiləsiz enerji ilə təmin olunacaq”.
Taleh Bağırov,
Samir Paşayev (foto), “İki sahil”
Bakı-Hadrut-Bakı