Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
“İki sahil” xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 475 kirayə müqaviləsi rəsmiləşdirilib. 2026-cı il iyulun 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 9545 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda (Bakı şəhəri 8, Abşeron rayonu 6, Sumqayıt şəhəri 3 ünvan) mənzillər təqdim edilib.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.