Koronavirusla mübarizənin başladığı dövrdən həyatımızda bir çox dəyişikliklər baş verdi ki, bunları saymaqla bitməz. Son qərarlardan biri də odur ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq, vətəndaşlarımızın rəsmi sənədlərinin siyahısına biri də əlavə olundu: COVID-19 pasportu.
Bəs bu sənəd kimlərə və hansı şərtlərlə veriləcək?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “İki sahil”ə verilən məlumata əsasən, sözügedən pasportun 2 növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Beləliklə, ikinci dozanı tamamlayan hər bir vətəndaş “Peyvənd sertifikatı”nı, son 6 ay ərzində virusa yoluxub sağalmış şəxslər isə “İmmunitet sertifikatı”nı əldə edə bilərlər.”
Xatırladaq ki, sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində “E-xidmətlər” bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib.Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir.“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur. Əgər vətəndaş vaksin olunubsa “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.Vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

Həkim-infeksionist Mərdan Əliyev məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, COVID-19-la mübarizədə immunizasiyanın əmələ gəlməsində vaksinasiya çox vacib rol oynamaqdadır. Hazırda ölkəmizdə dünyada olan 5 vaksin növündən üçündən ( “CoronaVak”, “AstraZeneca”, “Pfizer”) istifadə imkanı yaradılıb. Bu peyvəndlərin hər üçünün effektivliyi 90 faizdən yuxarıdır. Təbii şəkildə virusa yoluxub sağalmış şəxslərin də mövcudluğunu, peyvənd vasitəsilə süni immunizasiyanın da əmələ gəlməsini nəzərə alaraq, bu xəstəlikdən müdafiədə çox yaxşı effektiv nəticə əldə edə biləcəyimizi düşünürəm. Nəzərə almalıyıq ki, bu gün yoluxma sayının azalmasının səbəblərindən biri və ən başlıcası da COVID-19 əleyhinə peyvəndlənmədir.
İnfeksionist qeyd etdi ki, vaksin və immun sertifikatına gəlincə isə bu sənədlərin effektivliyini zaman göstərəcək: “Bu sənədlərin əldə olunması bu baxımdan yaxşıdır ki, peyvənd olunanlarla, virusa yoluxub sağalan şəxslər arasında fərq olmalıdır. Kütlənin sıx olduğu yerlərə, qapalı məkanlara vaksin olunmayanların, xəstəliyi keçirməyənlərin girişinə məhdudiyyət qoyulması yoluxmanın yenidən artmaması baxımından etibarlı olacaq.”
Qeyd edək ki, iyunun 8-nə olan statistik məlumata əsasən, 2 milyondan artıq vətəndaşımız peyvəndlənmə prosesində iştirak edib. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1646054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940356 təşkil edir. Statistik göstəricilər onu deməyə əsas verir ki, yanvarın 18-dən başlanan və könüllülük prinsipi əsasında həyata keçirilən peyvəndlənmə prosesi kifayət qədər uğurla davam etməkdədir.
Maraqlıdır, görəsən bundan sonra paytaxt sakinlərinin digər qismi sağlamlıqları naminə, yoxsa yarana biləcək məhdudiyyətlərdən yaxa qurtarmaq üçün vaksin olunmaq istəyirlər? “İki sahil” pandemiya ilə mübarizənin əsas hissəsi olan peyvəndlənmə prosesində paytaxt sakinlərinin iştirakı və fikirlərini təqdim edir:

Nizami Abbasov: “Mən COVID-19 vaksinini qəbul etmişəm. “Sinovac” şirkətinin “CoronoVac” vaksini seçimim oldu. Amma yaşımla əlaqədər kompüterdən istifadə edə bilmədiyim üçün hələ qeydiyyatdan keçib COVID-19 pasportu əldə etməmişəm.

Hicran Əmikişiyeva isə iyulun 3-də peyvəndin ikinci dozasını vurduracaq: “Bu tarixdən sonra pasportu əldə etməyi düşünürəm. Pasportu olmayanlara məhdudiyyət tətbiq olunmasını doğru hesab etmirəm. Mən qadağalara görə peyvənd olundum. Əslində, peyvənd olunmaq fikrim yox idi. Sadəcə məhdudiyyət məni bir az sıxdı. Qərarımı dəyişməli oldum. Mən səyahət etmək, əyləncə, ticarət mərkəzlərinə getmək istəyirəm ona görə də peyvənd olundum ki, sərbəst şəkildə bunları edə bilim.”

Əntiqə Məmmədova isə COVID-19 peyvənd olunmayıb: “Bu barədə fikirləşirəm. Amma qərar verməmişəm ki, necə edim. Həkimlə məsləhət edib, səhhətimin buna uyğun olmasına əmin olduqdan sonra peyvənd olunacağam. Əlavə edim ki, cəmiyyətdə peyvənd əleyhinə əks-təbliğat, doğru və yalnış informasiyalar olduqca çoxdur. Bu isə insanı çox çaşdırır. Qərar verməkdə çətinlik çəkirəm.”

Rübabə Məmmədova: “Mən COVID-19 əleyhinə peyvənd olunmuşam. Yeni qərara əsasən onlayn qaydada vaksin olunduğumu təsdiq edəcək rəsmi qeydiyyatdan keçib, sənədimi əldə etmişəm. COVID-19 pasportu mütləq olmalıdır. Çünki harasa, lap elə Naxçıvana getdikdə bu sənədin olması lazımdır. Hər kəsə tövsiyəm odur ki, peyvənd olunsun. Fikrimcə, bunun həm sağlamlığıza xeyri, həm də sərbəstliyimizə, əvvəlki həyata qayıtmağımıza dəstəyi olacaq.”

Elcan Əliyev isə bildirdi ki, peyvənd olunmayıb: “Mən idman zallarından mütəmadi olaraq istifadə edirəm. Uzun müddət sonra pandemiya dövründə idman zalları açılacaq. Amma pasportsuz olmağım mənim qarşımda bir maneədir. Ona görə də həmin yerlərə giriş icazəsi almaq üçün tezliklə vaksin olunmağı düşünürəm.”

Gülnaz Kubişova: “Hər iki doza peyvənd qəbulundan sonra mənə tibb işçiləri tərəfindən peyvənd olunduğum tarix və digər məlumatlar olan sənəd təqdim olunub. Bundan başqa, digər hər hansı bir qeydiyyat və sənədləşmə prosesindən keçməmişəm. COVID-19 pasportunu əldə etməklə bağlı hər hansı məlumatım yoxdur.”
Sonda onu vurğulamaq istərdik ki, vətəndaşlarımız COVID-19 pasportunun onlara qazandıracağı üstünlüyə görə yox, ilk növbədə öz sağlamlıqlarını düşünürək, peyvənd olunmalıdırlar. Peyvənd olunaq ki, darıxdığımız həyata tezliklə qayıda bilək.
Yaqut Ağaşahqızı, “İki sahil”