19 iyun 2021 01:35
1400

Yüksək dostluq və əməkdaşlıq nümunəsi - Azərbaycan-Türkiyə birliyi

Şuşa Bəyannaməsində diqqət çəkən məqamlardan biri də 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinad edilməsi, Zəngəzur dəhlizinin bərpasına diqqətin artırılmasıdır

Bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa əlamətdar tarixi hadisələrə, qardaşlıq bayramına ev sahibliyi etdi. Şuşada qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları İkinci Qarabağ müharibəsi başlanan gündən Azərbaycana birmənalı dəstək göstərən, «Azərbaycan tək deyil» mesajını verən Türkiyənin xalqımıza sonsuz qardaş məhəbbəti idi. Türkiyə rəsmilərinin siyasi və mənəvi dəstəyi Zəfər uğrunda vuruşan Azərbaycan xalqını daha da ruhlandırdı. Şuşada keçirilən tədbirlərin, mətbuat konfransında deyilənlərin, el şənliklərinin məntiqi nəticəsi hər iki dövlət başçısının vurğuladığı kimi, Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiqlik nümunəsi idi.

«İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi» söyləyən Prezident İlham Əliyev, bütün Azərbaycan xalqı bu birliyi xalqımıza göstərilən qardaş dəstəyi kimi yüksək dəyərləndirdi.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» sözləri Türk dünyasının lokomotivi adlandırılan bu həmrəyliyin heç zaman sarsılmayacağının əbədi qarantıdır.

 Tarixi Şuşa görüşləri mahiyyəti və əhəmiyyəti baxımından fərqlidir. Şuşada imzalanan «Müttəfiqlik Bəyannaməsi» demək olar ki Türkiyə- Azərbaycan əməkdaşlığının qarşıdakı illər üçün «yol xəritəsidir.» Prezident İlham Əliyevin «İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: «Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.» Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk» sözləri sınaqlardan çıxmış bu «yolun» gələcək nəsillər tərəfindən etibarlı davamına zəmanətdir.

Ümummilli lider Heydər Əliyevin «Bir millət-iki dövlət» adlandırdığı hər iki dövlətin bütün sahələr üzrə əməkdaşlığının vacib istiqamətlərini, prioritetlərini əks etdirən Şuşa Bəyannaməsini bütün sahələr üzrə birgə fəaliyyət proqramı da adlandırmaq olar. Çünki məram və məqsəd eyni nöqtədə birləşir. Qarşılıqlı maraq doğuran enerji və nəqliyyat, müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcək əməkdaşlığın hər iki dövlətin maraqlarına uyğun davamı sənəddə əksini tapıb. Beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək, dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini, kiber təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirimək, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində eyni mövqe nümayiş etdirmək Bəyannamənin əsas mahiyyətini təşkil etsə də, xususi əhəmiyyətli və beynəlxalq birliyə Türkiyə- Azərbaycan həmrəyliyinin töhfəsi olan məqamlar daha möhtəşəmdir. «Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, müdafiə sahəsində və nəqliyyat məsələsi üzrə birgə fəaliyyət daha önəmlidir. Hazırda beynəlxalq aləmin daha çox diqqət yetirdiyi Zəngəzur dəhlizinin bərpası ilə bağlı nəzərdə tutulan təkliflər bütünlükdə regional sülhün təminatı, bölgə dövlətlərinin iqtisadi inkişafı üçün faydalıdır. Sənəddə Azərbaycan və Türkiyəni birləşdirən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi xüsusi bənd kimi qeyd edilir. Diqqət çəkən məqamlardan biri də 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinad edilməsidir.
«Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» söyləyən, bu yolun beynəlxalq əhəmiyyətini qeyd edən Prezident İlham Əliyevin sözləri ilə Prezident Rəcəb Tayyib Ərdoğanın «Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir» ifadəsi eynilik təşkil edir.

 Hər iki dövlət başçısının vurğuladıqları kimi, tarixi Qars müqaviləsinə istinad olunan Zəngəzur dəhlizinin əhəmiyyətini tam mənası ilə dərk edən ulu öndər Heydər Əliyevin bu sahədəki uzaqgörənliyi bu gün iftixarla danışdığımız uğurların təməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1992-ci ilin mart ayında Türkiyəyə səfəri zamanı « Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Əməkdaşlıq protokolu»nu imzalayan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Şərqə yolu olan «Ümid» körpüsünün açılması, Qars müqaviləsinin təzələnməsi bu gün üçün etibarlı təməl yaratdı. Protokolun imzalanması mərasimində müqavilənin təzələnməsini Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın Ermənistanın təcavüzündən xilası kimi dəyərləndirən « Qars , Moskva müqavilələri tarixə daxil olduğu kimi , bu da tarixə daxil olacaq» söyləyən ulu öndər Heydər Əliyevin «Bütün bizim gələcək nəsillər, bütün türk dünyası, indi yüksəlməkdə olan türk dünyası, birləşmək arzusunda olan türk dünyası bu sənədi də öz tarixində həmişə araşdıracaq və sənədi imzalayanlara, xüsusilə, hörmətli Süleyman Dəmirələ və bütün türk qardaşlarına daim təşəkkürlərini bildirəcəklər» sözləri bu gün üçün də xarakterikdir. Ulu Öndərin bu sözləri bir də o dövrdə iqtidarda olan, Azərbaycana bağlı Naxçıvanın muxtariyyat statusunun ləğvini tələb edən, siyasi savadı olmadığı kimi, milli təəssübdən də məhrum Pənah Hüseynova və onun həmkarlarına tarixi xəyanətlərini xatırlamadır. «Dahiyanə» fikirlərini «Müxalifət» qəzetinə ( 4 fevral, 1993-cü il) verdiyi «Özüm haqqında həmişə yüksək fikirdə olmuşam» adlı müsahibəsində açıqlayan Pənah Hüseynov unudurdu ki, Naxçıvanın muxtariyyəti daxili müqavilə ilə deyil, 13 oktyabr 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə təsdiqlənib. Həmin müqavilədə qeyd edilir ki, Naxçıvanın muxtariyyat statusu xüsusi mahiyyət kəsb edir. Onun muxtariyyəti milli-etnik yox, sırf siyasi amillərlə şərtlənib. Naxçıvanın özünəməxsus geopolitik və coğrafi mövqeyi vardır. Bu muxtariyyət tarixi zərurətin məhsuludur. Müqaviləyə görə fəaliyyət dövrü məhdud olmayan Qars müqaviləsinin Azərbaycan tərəfdən qüvvədən salınması ermənilərə xidmət etmək olardı. Səriştəsiz, beynəlxalq səviyyədə tanınan, Naxçıvan üçün tarixi əhəmiyyətə malik Moskva və Qars müqavilələrinin şərtlərindən xəbərsiz Pənah Hüseynov bilməli idi ki, Naxçıvanın muxtariyyat statusunu hüquqi cəhətdən ləğv etməyə Azərbaycan rəhbərlinin, Milli Məclisin ixtiyarları yoxdur. Azərbaycanın ərazi bütövlüyünə xəyanət olan bu kimi yanaşmalar «Naxçıvan və Qarabağ: bir medalın iki üzü» adlı yazısı («Qolos Armenii») ilə erməni millətçilərinə başçılıq edən Zori Balayanın işğalçılıq siyasətinə uyğundur. Daşnaklar illərdən bəri Qars müqaviləsini qüvvədən salmağa cəhd edib, hiylələrə əl atsalar da niyyətləri baş tutmayıb. Bu tarixi sənədi təzələməklə Naxçıvanın muxtaryyatını qoruyan ulu öndər Heydər Əliyev həqiqi mənada Ümummilli Lider, xilaskar olduğunu təsdiqlədi. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunduğu, muxtar respublikanın blokadada qaldığı bir zamanda AXC-Müsavat iqtidarının rəsmi şəxsinin siyasi qısqanclıq xatirinə təkcə naxçıvanlıların deyil, bütün Azərbaycanın taleyini hərraca çıxarmaq cəhdi babalarımızın « ağacı öz içindən qurd yeyər» məsəlinə bənzəyirdi. Amma tarix xəyanəti unutmur. Zəngəzur dəhlizi danışıqlar yolu ilə olmasa da, zor gücünə bərpa ediləcək. İllərdən bəri daxili və xarici düşmənlərimizin təxribatlarına baxmayaraq xalqın iradəsi qalib gəldi, əsrlərin sınağından çıxan Azərbaycan-Türkiyə dostluğu sarsılmaz təməl üzərində möhkəmləndiyini bütün dünyaya bəyan etdi. İkinci Qarabağ müharibəsi bu qardaşlğın növbəti sınaq meydanı oldu. «Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün biz dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk. Türkiyə –Azərbaycan dostluğu türkçülüyün ideoloji əsaslarını təsdiqləyən soy, dil, ideal, mədəniyyət, Vətən, tarix və din məhfumlarının birləşdirən yeddi ünsürün varlığını təsdiqlədi. Mustafa Kamal Atatürk bu varlığın əbədiyyətini bu sözlərlə ifadə edib: «Ucal türk! Sənin üçün yüksəkliyin hüdudu yoxdur. Bax, parola budur!» Türkiyə- Azərbaycan dostluğu əbədi və sarsılmazdır.

Xuraman İsmayılqızı, «İki sahil»