23 iyun 2021 18:35
1334

Çoxdan gözlənilən toy xəbəri: Nəhayət ki, vağzalı sədası eşidəcəyik… - ÖZƏL REPORTAJ

Pandemiya dövrünün məclisi,  maskalı qonaqları, COVID-19 pasportu və …

Elimizin toy kimi gözəl adəti var. İllərdir toyunu gözlədiyi övladının şad günü üçün dəvətnamələr yazan valideynlər, vağzalı sədalarından kövrələn gəlin, ömür yolunu birləşdirən gənclərin şadlığına şərik olmaq üçün toplaşan qonaqlar, bəy-gəlinin şərəfinə ağsaqqallar, ağbirçəklər tərəfindən səsləndirilən xeyir-dualar,  xanımların əllərini bəzəyən toy xonçaları, ləziz təamları süfrələrə gətirən restoran personalı,  məclis iştirakçılarının  könlünü  daha da şadlandıran musiqiçilər və maraqlı anları ölümsüzləşdirən fotoqraflar və operatorlar…

Təəssüflər olsun ki, bir ildən artıq müddətdir pandemiya səbəbindən bütün bu adətlərdən uzaqlaşmış və bir qədər də yadırğamışıq. Nəhayət ki, iyulun 1-dən etibarən şadlıq saraylarının qapıları toy etmək istəyənlərin və qonaqların üzünə açılacaq. Təbii ki, COVID-19-la mübarizənin hələ də davam etdiyi dövrün tələb və şərtlərini nəzərə almaqla.

Bəs, pandemiya dövründə toy etmək istəyənlər hansı qaydalara əməl etməli olacaqlar?

Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən aşağıda göstərilən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib:

-50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur;

50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:

- yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra - COVID-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;

- COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul eilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

- şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az ) daxil edilməlidir. Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.

- keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır;

- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar;

Xatırladaq ki, təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaq.

Qeyd olunur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

 “İki sahil TV”  pandemiya dövrünün toylarına hazırlıqların necə getməsi ilə bağlı müşahidələr aparıb.

Avqustun 10-na kimi bütün yerlər tutulub

İlk olaraq, paytaxt restoranlarından birinə üz tutduq. Müsahibə üçün  administratoru bir qədər gözləməli olduq . Müştəri bolluğundan çox çətinliklə vaxt tapan restoran administratoru  Əli Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi ki, müştəri sayında hədsiz şəkildə artım var: ”Demək olar ki, şadlıq saraylarında yer yoxdur. Çoxsaylı müştərilərin istəklərini nəzərə alaraq, sifarişləri müvafiq tarixlər üzrə qeydə alırıq. İnşallah ki, iyulun 1-dən də etibarən pandemiyanın şərtlərinə uyğun toyları təşkil edəcəyik. Avqustun 10-na kimi artıq bütün yerlər tutulub.”

Həmsöhbətimiz qeyd edib ki, restoran işçilərinin artıq yüz faizi vaksinasiya olunub. 50 faizdən çoxunun isə COVID-19 pasportu var. 150 nəfərin iştirakı ilə toy eləmək istəyən  məclis sahiblərinə də bu barədə məlumat verilir ki, qonaqların COVID-19 pasportunun olması zəruridir.

Qiymətlər bağlı suala gəldikdə isə, müsahibimiz bildirib ki, qiymətlərdə çox ciddi artım yoxdur: “Ötən ildən etibarən növbəyə yazılan müştərilər var ki, onlar üçün qiymətlərimiz dəyişməyib. Demək olar ki, yeni müştəri qeydə alınmayıb. Hamısı 2020-ci ildən yazılanlardır və onlara köhnə qiymətlər deyilib.”

Müsahibimiz bildirib ki, hazırda şadlıq sarayında təmizlik və dezinfeksiya işləri mərhələli və sistemli şəkildə həyata keçirilir.

Toylara icazə verilməsi bütün Azərbaycanı sevindirdi

Toyların keçirilməsinə ən az bəy-gəlin qədər sevinən onların valideynləridir. Çəkiliş zamanı toy üçün  gün almağa gələn valideynlərin simasından bu xoşbəxtlik hissi duyulurdu. İslam Babayevə yaxınlaşıb əvvəlcə onu həm bu gözəl xəbər, həm də xeyir işləri münasibətilə təbrik etdik. Qızının toy məclisinin təşkili üçün gələn valideyn olduqca fərəhli və bir qədər də həyəcanlı idi: “Qızım bir ildən çox idi ki, nişanlı idi. Yeni qərardan sonra,  toy üçün restoran danışmağa gəldik. Hələ qiymətlərə, zallara, menyuya baxırıq. Sonda büdcəmizə uyğun olanı seçib qərar verəcəyik. Yeni qərarlardan da çox razıyam. Fikrimcə, toylara icazə verilməsi təkcə bizi deyil, bütün Azərbaycanı sevindirib.  Əsas məsələ odur ki, canımız sağlam olsun, bu xəstəlikdən, virusdan uzaq olaq. Amma toylar da olmalıdır. Toy həyatdır. Həm gənclər, həm də valideynlər hamısı şad oldu. “

Qonaq sayı haqqında danışan həmsöhbətimiz qeyd etdi ki, 150 nəfərin iştirakı ilə toylara icazə verilməsi çox yaxşıdır: "100 nəfər olsaydı, bu, az olardı. Bugünkü gün üçün 150 nəfər orta statistikadır ki, yaxşı qiymətləndirirəm.  Yəqin ki, bu limit də müvəqqəti olar. Əsas odur ki, icazə verilsin. Allah bu bəlanı da dünyanın, eləcə də ölkəmizin üstündən tezliklə götürsün".

Qiymətlər normaldır

Oğlunun toyu üçün iyulun 12-nə restoranda yer tutan Ədalət İbrahimov isə qeyd edib ki, qiymətlər normaldır: "Razı qaldıq. Allah bütün subaylara qismət etsin. Çoxdandır gözləyirdik ki, toy olsun. Şükür bu günə, arzumuza çatdıq. Yeni qərarlar və şərtlər də ürəyimizcədir. Çalışacağıq ki, hamısına düzgün şəkildə əməl edək.”

Maraqlıdır, bir ildən çoxdur dəvətnamə almayan, vağzalı  sədası eşitməyən, toylarda qol götürüb oynamayan paytaxt sakinləri toylarla bağlı verilən qərardan razıdırlarmı?

Zəkəra Rüstəmov: "Toylar elə təşkil olunmalıdır ki, xalq o toya sevinsin. Toy əslində, şənlik, şadlıq, istirahət və xoşbəxtlik mənbəyidir. Toylara icazə verilməsi çox yaxşı haldır. 150 nəfərlik limit olması da yaxşıdır. Bundan artıq adam düşünürəm ki, heç lazım da deyil. Çox arzulayardıq ki, yeni qərarlara əməl olunmaqla, 150 nəfərin iştirak etdiyi toylar təşkil edək, gənclərimiz də xoşbəxt olsun. COVID-19 pasportu da hər bir toy iştirakçısında olmalıdır. Pandemiya dünyəvi bir problemdir. Ona görə də vaksinlənmə prosesində  hər birimiz iştirak etməliyik. Çox istərdim ki, mənim də övladım da evlənsin, ona toy edək. Hələlik gözləyirik. Bütün subaylara toy qismət olsun."

50 nəfərlik məclislərdə tibbi maskadan istifadə olunmasından narazıyam

İlhamə Süleymanova:  "Bu qərarı gözləyirdik. Nəhayət ki, qəbul olundu. Toyların keçirilməsinə icazə verilməli idi. Yeni qərarlardan, 50 nəfərlik məclislərdə tibbi maskadan istifadə olunmasından narazıyam. Düşünürəm ki,  hər kəsin COVID-19 pasportu olmalıdır ki , hamı sağlam və təhlükəsiz şəraitdə  toylarda iştirak edə bilsin. Toylaq əvvəl necə idisə, indi də elə olsa, daha yaxşı olar.

Yusif Məlikov: "Toylara icazə verilməsi ilə bağlı  xəbəri müsbət qarşıladım. Görün nə qədər ailələr bu qərarı gözləyirdi. Heç bir xeyir iş təşkil olunmurdu. Bir il müddətində dünyaya nə qədər uşaqlar gələ bilərdi. Yeni qərarlardan heç bir narazılığım yoxdur. Gözəl qərarlardır. Bunlar çoxdan verilməli olan gecikmiş qərarlardır. İştirakçı sayına hələlik məhdudiyyətlər var. Təki toy, xeyir iş olsun, istər 50, istərsə də 150 nəfərlə".

Toylar başlayar-başlamaz gəlin olacaq xanımların üz tutduğu məkanlardan biri də gəlinlik və gözəllik salonlarıdır. Maraqlıdır, pandemiya dövrünün gəlinləri üçün gəlinlik və bəzənmə  işləri ilə bağlı qiymətlərdə hər hansı dəyişiklik varmı?

Avqust ayına qədər hər günə yazılan gəlinlər var

Paytaxtdakı gəlinlik və  gözəllik salonlarından birinin administratoru Vəfa Qasımova “İki sahil”ə açıqlamasında bildirdi ki, qərar elan olunduqdan bəri həm gəlinlik və həm də saç-makyaj üçün müraciət edənlərin sayında kəskin şəkildə artım müşahidə olunur: "Demək olar ki, avqust ayına qədər hər günə yazılan gəlinlər var. Usta və gəlinlik məhdudiyyətimiz yoxdur. Gəlinlik çeşidlərimiz də, usta sayımız da çoxdur. Zənglərin, sifarişlərin ardı-arası kəsilmir. Öncədən fotosessiya üçün yazılan gəlinlər isə artıq sifarişini dəyişdirərək toy üçün bəzənmək və gəlinlik seçmək istədiyini bildirirlər. Qiymətlərimizdə heç bir dəyişiklik yoxdur. Həm gəlinlik, həm də make-up qiymətləri əvvəlki kimi qalır. Gəlinliklərin kirayəsi 100 manatdan başlayır, 500 manata kimi dəyişir. Bəzənmə xidmətlərimiz isə 100 manatdan başlayır. Gələn müştərilərimizə imkan olduqca endirimlər də edirik. Çalışırıq ki, kimsə buradan həm qiymət, həm də xidmət baxımından məyus və üzgün getməsin".

Sonda isə bizə bunu demək qalır ki, qalib dövlətin qalib xalqına toylu-büsatlı günlər yaraşır. Elə ona görə də qoy həmişə toy olsun, bayram olsun, həyat firavan olsun.

Yaqut Ağaşahqızı, “İki sahil”