24 iyun 2021 10:50
851

PUA-ların dövrü bitir?  İsrail “qatil lazer”in gücünü göstərdi

İsraildə PUA-ları vurmaq üçün nəzərdə tutulmuş lazer silahının sınağı uğurla keçib. İsrailin Müdafiə Nazirliyinin araşdırma və inkişaf departamentinin Elbit Systems konserni ilə birgə keçirdiyi testlər zamanı HPL-WS (High Power Laser Weapon System) lazer silahı müxtəlif hündürlükdə və uzaqlıqda olan PUA-ları effektiv şəkildə zərərsizləşdirib.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, yayılan kadrlarda silahın insansız təyyarənin bortunda necə deşik açdığı aydın görünür.

İsrailin Müdafiə Nazirliyinin yaydığı məlumatda bu silahın “Dəmir Qübbə”yə əlavə olunacağı və ölkənin Hava Hücumundan Müdafiə Sistemini tamamlayacağı bildirilir.

- Bu silah havadan gələn təhdidləri neytrallaşdırmaqla yeni yol açacaq,- deyə İsrailin Müdafiə Nazirliyinin araşdırma və inkişaf departamentinin rəhbəri Yaniv Rotem bildirib.

Yeni qurğunun 2025-ci ildə silahlanmaya daxil ediləcəyi gözlənilir.

Böyük ehtimalla, bu tip silahlar qısa vaxtda başqa ölkələrdə də yaradılacaq və cəbbəxanaya daxil ediləcək. Bununla da PUA-ların göydə meydan sulamaq dövrü başa çatmış olacaq. Lazer silahı PUA-dan qat-qat ucuz başa gəlir. Beləliklə, pilotsuz təyyarələrin müharibə aparılmasında yeni səhifə açdığı haqda proqnozlar tələsik verilmiş kimi görünür. Demək, Azərbaycan PUA-lardan geniş istifadəyə əsaslanan müharibə taktikasını tam vaxtında tətbiq etmişdi. 5 il sonra çətin ki, eyni taktika həmin effekti versin.