Ləyaqətli kişinin qəhrəman oğlu
Elə bilirəm hər şey dünən olub. Hər şey ağ-qara bir lent kimi gözümün önündən axıb keçir. 13 may 1984-cü il idi. Ucarda, Hərbi Komissarlıqda hərbi biletlərə qol çəkdirib toplanış üçün düzülməyimizi «əmr» etdilər. Əsgərliyə yola düşəcək gəncləri yola salma törəni başlayır. Çağrışçı gənclərin qarşısında çıxış edən hərbi komissar, mayor Əlaləm Babayevin çıxışından yaddaşımda yalnız bu sözlər qalıb. «Harda xidmət etmənizdən asılı olmayaraq Azərbaycanlı olduğunuzu, Ucarı təmsil etdiyinizi heç vaxt unutmayın. Vətənimizə layiq əsgər olmağa çalışın». Sovetin “razqar” vaxtı olsa da o zamanlar da ciddi çətinliklər var idi. Əfqanstandan tabutlar gəlməkdə idi. Uşaqlarını hərbi xidmətə yola salan gözü yaşlı kasıb valideyinləri yalnız bir sual düşündürürdü «Görəsən balaları harada xidmət edəcək?Hara olur olsun bircə Əfqanstan olmasın”. Səbri çatmayan, hələ də onların sualınıa düzgün cavab verəcəyini düşünən bəzi sadəlövh valdeynlər üzlərini hərbi komissara tutub : «Komissar, Əfqanstana gedirlər?» sualını verirdilər. Komissar da özünəməxsüs bir görkəm alıb,valideynləri süzür, bəzilərini «söhbət üçün» otağına dəvət edir, ümumi topluma isə belə bir cavab verirdi: «Əfqanstana gedənləri birinci “otpravka” yola salmışıq. Narahat olmayın, xaricdə xidmət etməyəcəklər».
Beləliklə, Ucarda işlərini həll edə bilməyən bəzi valideynlər əsgər gedən övladları ilə Biləcəriyə gedib orada işlərini düz-qoş edib, uşaqlarını SSRİ-nin yaxşı yerlərinə saldırırdılar.O zaman yaxşı yer deyəndə valideynlər övladlarının Tiblisi və yaxud Yerevanda xidmət etmələri üçün əməllicə tər tökürdülər. Nəhayət, Biləcəri toplanış məntəqəsində qruppa hazır olan kimi bizi sıraya düzüb dəmir yol stansiyasına apardılar. Nəzərlər vaqonların üstündəki lövhəyə dikilmişdi. Bizi Bakı –Moskva qatarına mindirəndə artıq Əfqanstana getməyəcəyimizə əmin olduq. Gerisi heç kimi düşündürmürdü.
Ucarın, Bakının havası bizi əməlli başlı aldatmışdı. Demək olar ki, hamının əynində yay paltarı var idi. Moskvada da havalar dözüləsi idi… Bir gün Şeremetova aeroportunda açıq havada gecələyib şimal soyuğunu azacıq da olsa daddıqdan sonra təyyarəylə Tomska, oradanda Çitaya uçası olduq. Yol bitmək bilmirdi. Hara gedəcəyimizi də bizə deyən yox idi. Cavab çox qısa idi. Tomskda qısa bir müddət soyuğu, küləyi görənlər «kaş ki, bizi Əfqanstana aparsaydılar» deyib imdad diləyirdilər. Artıq kaş kilər, peşimançılıqlar başlamışdı.
Çitada bizi dəmiryol vağzalının yaxınlığından gursulu, dəli bir çayın sahilinə gətirib, qatarın vaxtına qədər burada özümüzü sakit aparmağı əmr etdilər. Artıq özümüzü əsgər kimi hiss edirdik. 90 nəfər idik. Əsasən də Cəlilabad və Ucar rayonundan olan çağrışçılar idik. Əsgərliyə qatarda, təyyarədə başlayan bizlərin arasında hər şeyin elə beləcə rəvan olacağını düşünüb, rayonlara, hətta, kəndlərə bölünüb dava planları quranlar da var idi. Nəhayət, bir gecə də çayın sahilində gecələdikdən sonra Çita Vilayətinin Krasnokamensk şəhərinə, oradan da Oktyabrsk qəsəbəsi deyilən ərazidə yerləşən 13983 nömrəli hərbi hissəyə «etap» olunduq. Bu hərbi hissədə Azərbaycanlılara qarşı potoloji bir nifrət var idi… Bizimlə yeni vaxtda çağrışçı olan əsgər yoldaşlarımızdan 5 nəfəri əvvəllər məhkumluq həyatı yaşamış şəxslər idi. Onlar Azərbaycanlılara qarşı olan təhqirlər, ayrı seçkiliyə dözməyib, Sovet Ordusu sıralaraında xidmətdən imtina etdilər… Hərbi hissə rəhbərliyi bu imtinanın boş bir şey olduğunu, belə ipə-sapa yatmayan əsgərləri sonradan necə «quş həddinə» saldıqlarından fərəhlə danışırdılar. Amma «zek»lər qətiyyətli çıxdılar. İmkan düşən kimi bir balta alıb, ayaqlarını kötüyün üstə qoyub, bir birinin ayağını pəncədən kəsib, türməyə getdilər…
Qnyazla ilk tanışlığım Ucardan başlamışdı. Boylu-buxunlu, dolu bədənli, yaraşıqlı bir oğlan idi. İki illik hərbi xidmət həyatında da yaxından dostlaşmışdıq. Mərdliyi, özünə hörmət prinsipləri ilə seçilən, üst başını təmiz saxlayan, səliqə sahmanına fikir verən, sınmayan, əyilməyən bir gənc idi. Rus zabitlərinin azərbaycanlı əsgərə qarşı təşkil etdikləri «gecə hücumlarında» da yaxşı müdafiəçi, əla döyüşçü kimi fəal iştirak edən azsaylı dostlarımızdan idi… Bir sözlə hərbi xidmətdə etdiyi hərəkətlərə görə sonradan başını aşağı salmayıb, dik tutmağa haqqı çatanlardan biri də Qnyaz Mehtiyev idi…
Əsgərlikdən sonar bir müddət Ucarda çıxan «Yeni söz» qəzetində müxbir işləyəsi oldum. Bir gün Müsüslü Kimya Anbarında Qnyazla rastladım…Qnyaz əsgərlikdə olarkən İsmayıllı rayonundan olan sevdiyi bir qızla nişanlı olduğunu, nişanlısı üçün dəli kimi darıxdığını arabir mənə deyərdi… Namuslu kişi idi, Qnyaz. Bəli, əsl kişi… Əsgərlikdən sonrakı ilk görüşümüzdə evlənidyini, ata olduğunu mənə şad bir xəbər kimi dedi. Qnyazın atası Yusif kişi «Qırmızı Oktyabr»kolxozunda « təftiş» işləyirdi. Heç kimə pisliyi dəyməyən sakit, xeyirxah bir adam olduğun bilirdim. Redaksiyaya gəlib Qnyaz haqqında «Ləyaqətli kişinin zəhmətkeş oğlu» sərlövhəli bir məqalə yazdım… Bu əhvalatdan sonra dostumla, əsgər yoldaşımla bir də görüşmədim. Hər ikimiz radarlardan itdik. Problemlər, qayğılar bizi, əsgər yoldaşlarını bir- birimizdən ayrı saldı.
44 günlük Vətən Müharibəsi günləri, hamımızın qələbə xəbərlərini həyacanla izlədiyimiz günlər idi….Bir gün facebookda belə bir xəbərlə qarşılaşdım: «Ucarlılar Bərgüşad kəndindən olan daha bir şəhidini böyük bir izdihamla yola saldılar». Şəhid Mehtiyev Niftalı Qnyaz oğlu idi. Ötən yazılarımda da qeyd etdiyim kimi Bərgüşad kəndi Ucarda şəhidlərini itki verdikləri qəhrəman oğullarının sayının çoxluğuna görə birinci kənddir. Həmin vaxt karantin rejimi olduğu üçün, Bakıdan Ucara gedib gəlməkdə ciddi problemlər var idi. Ucara gedib, dostumla bir yerdə olmaq, dərdinə şərik olmaq imkanım olmadığı üçün çox üzüldüm…
Qnyazın evini tapmaqda o qədər də çətinlik çəkmədik. Budur, maşınımız Qnyazın evinin qarşısında dayanır. Zəngin səsinə qapını Qnyazın kiçik oğlu Eyvaz açır. Atasını soruşuram, evdə olduğunu bildirir. Eyvazdan atasını çağırmasını xahiş edirəm. Nəhayət, illər sonra keçmiş əsgər yoldaşların, bir- birindən ayrı düşmüş doğmaların, əzizlərin, həsrətlilərin görüşü baş tutur… Qarşımda 35 il əvvəlki şən, şux, pəhləvan cüssəli Qnyazın əvəzinə indi beli dərddən bükülmüş, gözləri çuxura düşmüş, dərdli, qürurlu, sinəsi dağlı bir ata var. Qəhrəman bir oğulun, vətəni canından çox sevib, ruhunu göylərə təslim edən bir oğulun atası var. Mənə sarılıb, dərdli sinəsinə sıxan saf qəlbli bir ata, etibarlı bir dost var. Gözlərimin içinə baxıb, məni təpə-dırnaq süzüb təkrar qucaqlayıb bağrına basan dərdli dostum dillənir:
- Bilirdim ki, gələcəksən. Elə bil ürəyimə danmışdı bu gün gələcəyin. Mənim qəhrəman Niftalımdan yazacağını çox gözləyirdim… Arxaya çevrilib ömür-gün yoldaşını səsləyir:
- Şirmayə… ay Şirmayə…Bir, bura gəl. Gör kim gəlib bizə…Sənə demişdim e, jurnalist dostum, mənim əziz qardaşım… əsgərlik yoldaşım var…
Gözlədiyimdən də artıq bir doğmalıqla qarşılandım. Dərdli insanların dərdlərini unudub, mənə qayğı göstərmələri məni mütəssir edir.
Ay Şirmayə məndən fəhlə işlədiyim zaman məqalə yazan bu qardaşımdır. Gətir o qəzeti…
33 il bundan qabaq dərc olunmuş «Yeni söz»qəzeti…Saralmış qəzetdən «Ləyaqətli atanın zəhmətkeş oğlu» sərlövhəni oxuyuram. 33 il bundan öncə dərc olunmuş qəzet qiymətli bir əşya kimi qorunub saxlanılır…Düzünü desəm gözlərimə inana bilmirəm. Xəyalım məni o illərə qaytarır… O zaman da Qnyaz işinin ağırlığından, əmək haqqının azlığından şikayətlənməmişdi. Onda da gözləri gülürdü. İndi də təbəssüm dolu dərdli gözləri parıldayırdı.
- Qardaş, xahiş edirəm Niftalımdan yazacağın məqaləyə, «Ləyəqətli atanın qəhrəman oğlu» sərlövhəsini qoyarsan. Sən ki, məni tanıyırsan… Necə adam olduğumu gözəl bilirsən… Mən uşaqlarıma da ləyaqətli olmağı öyrətmişəm, Vallah. 6 övladım var idi, 5 oğlan, bir qız. Niftalım uşaqlardan beşinci idi… Özümüz ailədə az uşaq olmuşuq. Çox uşaqlı ailələrə həmişə həsəd aparmışam. Düşünmüşəm ki, ki, çox uşağı olmağın nə ziyanı var?! Uşaqlar bir- birilərinə arxa, dayaq olarlar. Niftalı çox ailəcanlı, ata -ana qədri bilən uşaq idi. Böyük-kiçik yerin bilən oğul idi. Niftalım, 9-cu sinfi bitirib Bakıya getmişdi. İşləyirdi, evi də dolandırırdı, bizə də pay- pürüş göndərirdi. Çox ürəyi açıq uşaq idi. Qazandığını evə göndərirdi. 2014-cü ilin iyulundan 2016-cı ilin yanvarın 2-sinə kimi əsgərlikdə olmuşdu. Vətənə bağlı oğul idi. Torpaq sevər idi. Ermənilər tərəfindən tarixi torpaqlarımızın işğal olunub, insanların dədə-baba yurdlarından didərgin salınmaları ilə heç cür barışmırdı. 2016- cı ildə aprel döyüşləri vaxtı Bakıdan işdən gəlib hərbi komissarlığa gedib könüllü yazılmışdı. Döyüşə getmək istəyirdi. O zaman düşmənə layiqli cavab verən ordumuzun, əsgərlərimizin qarşısında çıxış edən hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan münaqişənin sülh yolu ilə həlli variantı üçün hələ imkanların tükənmədiyini qeyd etdi. Amma bu dəfə Niftalı 21 sentyabrda Bakıdan evə yox, birbaşa Ucara, Hərbi Səfərbərlik üzrə Çağırış İdarəsinə gəlib, oradan cəbhə xəttinə yollandı…Qeyrətli bala idi, Niftalı…Vətinini, torpağını canından çox sevirdi. Sevirdi ki, bizi yox, torpağı seçdi…
Əziz oxucu, haqqında söhbət açdığımız gənc, 2020-ci il 27 sentyabrda başlayan Vətən Müharibəsi qəhrəmanlarından biri, Bərküşad kəndində dünyaya gəlib, bütöv Azərbaycanımzın oğlu kimi dünyamızı tərk edib, Şəhidlik zirvəsinə yüksələn, Niftalı Qnyaz oğlu Mehdilidir.
Dosye: Mehdili Niftalı Qnyaz oğlu 15 may 1996-cı ildə Ucar rayonunun Bərküşad kəndind anadan olub.2002 –ci ildə Bərküşad kəndində Şəhid Ağamusa Mustafayev adına 1 saylı məktəbin birinci sinfinə gedib, 2011 ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Mehdili Niftalı 2014 cü ilin 3 iyulndan 2016-ci ilin 2 yanvara kimi Azərbaycan ordusunun Sülhməramlı bölüyündə hərbi xidmətdə olub.Hərbi xidməti başa vurduqdan sonra Mehdili Niftalı Bakıda qalıb Bazarstore Marketlər Şəbəkəsində çalışmağa başlayıb. 2020-ci ilin 2 sentyabrında Ucar Rayon hərbi Səfərbərlik Üzrə çağrış idarəsindən səfərbərliyə çağrılan Niftalı Beyləqan rayonunda təlimlərdə iştirak edir. 27 sentyabr 2020 –ci ildə ermənilər torpaqlarımıza təcavüz etdiyi gün torpaqlarımız uğrunda canını fəda etməyə hazır olan igidlərin sırasında, ön cəbhədə Mehdili Niftalı da var idi. Mehdili Niftalı 14 oktyabrda Vətənin azadlığı uğrunda gedən döyüşlərdə igidlik nümunəsi göstərərək qərəmancasına şəhid olub. Mehdili Niftalı Qnyaz oğlu 16 oktyabrda doğulub böyüdüyü doğma Bərküşad kəndində böyük bir el məhəbbəti, böyük bir izdihamla dəfn olunub. Göstərdiyi qəhrəmanlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Vətənin qəhrəman oğlu Mehdili Niftalı Qnyaz oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Vətən uğrunda», «Suqovuşanın azadlığına görə» və «Cəsur döyüşçü»medalları ilə təltif olunub.
Şirmayə xanım göz yaşlarına hakim ola bilmir:
-Gözüm qapıda qalıb. Hər qapı döyüləndə, hər ayaq səsi eşidəndə elə bilirəm Niftalımdır, gəlir…Mənim gözümü yolda qoymazdı, qəti… hər gün üç dəfə zəng edib halımı xəbər alardı, ehtiyacımı soruşardı, dərdimə yanardı. Bircə kəlməm ilə məni duyardı… Elə güclü idim ki… Elə bilirdim qocalmayacam. Elə bilirdim qocaman bir dağı kürəyimə alıb hara istəsəm ora apara bilərəm. Niftalımdan sonra özümü gücsüz, çarəsiz hesab edirəm. Başa düşürəm, deyirlər 5 oğlun olub, biri Vətən yolunda qurban gedib.Vallah o beş oğlu, beş min əzab- əziyyətlə böyütmüşəm.Lap adamın 50 uşağı olsa belə hərəsinin öz yeri, hərəsinin öz dadı, öz qoxusu var…Qalmışam qəbirstanlıqla kəndin arasında. Hər gün məzarını ziyarətə gedirəm. Hər gün dilsiz baş daşına sarılıb başımı sinəsinə qoyuram. Vallah, danışmır. Susur, dilsizdir. Bircə baş daşından boylanıb gülümsəyir, gülüşünə qurban olduğum.
Oğlumla fəxr edirəm. Oğlum başımı uca edib. Bayaqdan da 6 uşaq anasıydım, meni heç tanıyan yox idi. İndi qəhrəman Niftalımın anasıyam. Mənə el-oba hörmət qoyur. Hərdən öz-özümə düşünürəm ki, birdən Niftalı əsgərlikdən qaçsaydı, döyüşməsəydi, fərarı olsaydı… Vallah, onda da özümü öldürərdim. Adam üzünə çıxa bilməzdım. Fərari anası damğasını öz üzərimə götürməzdim. Balamın indi ayrılığı məni yandırır. Allah heç bir anaya övlad həsrətini yaşatmasın. Amma Allah bütün oğlu olan analara Niftalı kimi şərəfli, ləyaqətli, qəhrəman oğul qismət etsin. Prezidentimiz də oğlumun qəhrəmanlığını qiymətləndirib, var olsun. İnanın, əgər ermənilər bir də baş qaldırarsa, Niftalımın qanlı paltarını özüm geyinib, 4 oğlumla ön cərgədə vuruşaram… Oğul Vətən üçün doğulur, Vətən üçün yaşayır. Təki Vətən sağ olsun. Ayrılığa gəldikdə isə bilirəm ki, balamla cənnətdə görüşəcəm. Allah Niftalıma görə bizə cənnəti də nəsib edər…
Söhbətə atası Qnyaz qoşulur:
-Niftalı bizə Allahın payı idi. Bəlkə də əmanətiymiş. Allah özü verdiyi kimi özü də aldı… Bilmirəm Niftalı haqqında danışarkən nə deyim? Ona qardaşımmı, deyim, dostummu deyim? Ruhummu deyim? Canım, yaxud da kölgəmmi deyim? Onu bilirəm ki, harada mən vardımsa orda Niftallı var idi. Özü yox idisə fikri, düşüncəsi mənimlə idi. Niftalı adamı çox rahat edən bala idi. Hara buyursaydın gülə -gülə gedirdi. Bir dəfə də olsun nəyə isə qaş-qabaq etdiyini, könlüsüz getdiyini görmədim. Elə müharibəyə də gülə- gülə getdi… Toya gedirmiş kimi getdi. Əsgərlikdə sülhməramlıların tərkibində xidmət etmişdi. Əsgərlikdən sonra çox dəyişmişdi, uşağı tanıya bilmirdim. Fürsət axtarırdı ki, ermənidən qisasımızı alsın. Torpaqlarimizin geri qaytarılmasında onun da payı olsun. Bakıdan hər gün zəng edib Hərbi Səfərbərlik İdarəsindən onu soruşub-soruşmamaqları ilə maraqlanırdı. Sentyabrın 21-də zəng etdi ki, Ucarda Hərbi Səfərbərlik idarəsindədir, təlimlərə gedir. İnanırsınız evə gəlib bizimlə görüşmədi də … Hər gün zəng edib, fərəhlə, iftixarla ordumuzun gücündən danışırdı. Qələbəmizə, torpağımızın azad olunmasına, özünün bir qəhrəman kimi geri dönəcəyinə çox inanırdı. Oktyabrın 2-də zəng etmişdi ki, qarşıda çox ağır və maraqlı döyüş olacaq. Soruşdum, ay Niftalı, ay bala o döyüşün maraqlısı necə olur? Dedi ki, ata qələbə ilə, strateji əhəmiyyətli ərazi azad etmək, düşməni əsir götürmək, hərbi qənimətlər ələ keçirilən döyüşlər maraqlı döyüşlər olur. Bizi qələbəyə yaxınlaşdıran hər bir uğurlu döyüş maraqlı döyüş olur…
Yəqin Niftalımın ürəyinə damıbmış. Gülürdü…kefi kök idi. Yaradanın hüzuruna gülə-gülə gedirdi, balam. Elə o döyüşü də son döyüşü oldu.
Bacısı Vüsalə Niftalılı günlərinin xatirələrini yada salır:
- Çox gözəl uşaqlığımız , birlikdə keçən gözəl günlərimiz olub. Boylu-buxunlu, ağıllı, gülər üz qardaşımla həmişə fəxr etmişəm. İndi ikiqat fəxr edirəm. Mənə qəhrəman bacısı olmaq, şəhid bacısı olmaq şərəfini də yaşatdı. O, həmişə gülər, gülüzlü Niftalım, canım, qardaşım idi. Sən hər şeyin gözəli idin. Səni onda da, indi də ürəklərdə özünə məskən salmış, ürəklərdə yaşayan biri idin. İlahi, İnsan da özünü bu qədər hamıya sevdirə bilərmiş? Nur üzlü mələyim. Yeməzdi yedizdirərdi… geyməzdi bizi geydirərdi… Bəlidən, baş üstədən başaq söz bilməzdi ki... Niftalı olan yerdə rahatlıq, gözəllik var idi. Niftalı olan yerdə sevgi var idi…həyat var idi.
Müharibədə olduğu hər günü zəng edirdi. Səsini eşidəndə qəhər məni boğurdu. Ağladığımı, pis olduğumu bildirmək istəmirdim, özümü sıxıb güclə saxlayırdım. Fikirləşirdim ki, pis olduğumu hiss edər, diqqəti yayınar, düşmən onu vurar. Ona görə az danışmaq istəyirdim. Səsindən doymurdum ki…Sonuncu dəfə 11 oktyabrda zəng etmişdi. Gülürdü. Kefi kök idi… Qələbə ilə qayıdacağını deyirdi. Mən yenə söhbəti uzatmaq istəmirdim. Ehtiyat edirdim. Kaş ki qardaşımın səsini ürəyimə çəkəydim, su kimi səsini içəydim. O, söhbəti uzadır, məndən hamını təkrar- təkrar soruşurdu. Yəqin ürəyinə damıbmış… şəhid olacağın bilirmiş, qardaşım. Mənə dedi ki, « Heç nədən narahat olma. Qələbə bizimdir. Dualarınızı əskik etməyin. Dua edin ki, qələbə sevinci ilə qayıda bilək». Bugünü, qələbəni çox gözləyirdi, qardaşım. Heyf qələbəni görmədən şəhid oldu. Şəhidliyin mübarək, rahat yat, mənim qəhrəman qardaşım. Bizə qürur yaşadan qardaşım, qələbə bizim oldu. Qarabağ Azərbaycandır!
Qardaşı:
-Niftalı haqqında danışmaq çətin olsa da bir qardaş kimi mənə şərəfdir. Başımızı uca edən, öz qısa həyatı ilə bir çox sualları cavablandıran, insan, kişi, qardaş necə olur,qardaş necə olmalıdırın əsasnaməsini əməlləri ilə əməldə yazıb gedən, ona əməl edən, bütün hərəkətləri ilə böyük necə olur, kiçik necə olmalıdır suallarına mükəmməl cavab verən, onu əməldə, həyatda sübut edən bir qardaş idi, Niftalı. Niftalının yoxluğunu qəbul etmək, bir də olmayacağını düşünmək mənim üçün böyük bir faciədir. Niftalı tək müharibə qəhrəmanı deyil. O, bütün gözəl kefiyyətləri, əməli, əxlaqı, ata-ana, bacı-qardaş sevərliyi, yurd, el- oba sevgisi ilə fərqlənən bir qardaş idi. Hamımızın kisəsindən getdi. Niftalı həyatı boyu «bu mənimdir» sözün işlətmədi. Özününkü, olana da «bu bizimdir» dedi. Ən yaxşı paltarını, ən dadlı tikəsini belə bölməyə bacaran qardaş idi.
2020- ci ilin 15 iyununu gözəl xatırlayıram. Ermənilər genral-mayor Polad Həşimovu və polkovnik İlqar Mirzəyevi xaincəsinə qətlə yetirdikləri gün idi. Niftalıya çörək yedirə bilmədik. Əsəbindən az qalırdı ürəyi partlasın. Təəssüflənirdi, qəzəbli idi. Deyirdi ki, ermənidə bu qisası qoymaq olmaz. Polad Həşimovu haradansa yaxşı tanıyırdı. «Mənim kimi 100 oğlu öldürsələr, yanmaram, amma onlar bizim çox ləyaqətli, zəhməti hesabına generallığa yüksəlmiş bir zabitimizi öldürdülər…»
O zaman mən qardaşımdan çox şey öyrəndim. Vətən sevgisi, yurda məhəbbət, dosta sədaqət… Vətənə olan sevgi onu bu zirvəyə ucaltdı. Şəhid oldu. Müharibə vahtı tez tez danışardıq. Mənə söz verdi ki, müharibəni zəfərlə bitirib sağ- salamat qayıdacaq. Mütləq gələcəm dedi. Sözünün üstə durdu. Müharibə bitdi, zəfər çalındı… Niftalı da üç rəngli bayrağa bükülü qəhrəman kimi evimizə yox, canından çox sevdiyi torpağa qayıtdı. Dağ boyda qardaşımın cansız bədəni qayıtdı… Görəsən indi ruhu rahatdırmı? Görəsən bu dünyada rahatlıq tapa bilməyən qardaşım o dar məzarda rahatdırmı?
Nə olar Niftalı, bir yolluq çıx gəl yanımıza. De ki, bütün bunlar yalanmş, yanlış bir yuxuymuş… Atamızı, anamızı sənsiz kiridə bilmirik. Biz beşimiz bir yana, sən bir yanasanmış. Atamız hər gün şam kimi əriyir, anamızı görsən tanımazsan. Niyə onlara bu acını yaşatdın, qardaş. Kaş ki biz də sən ola biləydik. Kaş ki Alah bizə də Niftalı olmaq qüdrəti verəydi…
Müəllimi Kamran:
-Allah, yeri-göyü, kainatı yardanda hər şeyi gözəl yaradıb. İnsanları bir yaradıb, bərabər yaradıb. Amma insanlara hissi, düşüncəni bir qədər fərqli verib. Mənə elə gəlir ki, insanların, təbii ki, hamısında olmayan, amma ən ali, ən müqəddəs hissi vətən yolunda ölməyə hazır olma hissidir. Niftalıda hər zaman bu hiss onu əhatə edənlərin hamısından güclü olub. Niftalını Allah fərqli yaratmışdı, gözəl, düşüncəli yaratmışdı. Allah onu doğuşdan qəhrəman yaratmışdı… Hələ orta məktəbdə oxuyarkən, biliyi, bacarığı , məktəbdə fəallığı hamıdan fərqli səmimiyyəti, üzündəki, nur heç vaxt əskik olmayan təbəssümü ilə şagird yoldaşlarından seçilirdi. Üzünə baxırdın, deyirdin bir qönçə gül idi. Üzü, gözü gülürdü… Qeyri adi bacarığı, gözəl nitqi var idi. Deyirdin bir yüksək ali məktəb bitirmiş, təhsil görmüş filosof idi. Fərqli fikri, fərqli düşüncəsi ilə seçilirdi. Təfəkkür tərzi çox yüksək idi… Fərqli fikirləri ilə hamını özünə heyran etmə qabiliyyəti var idi. Çox müsbət auralı birisi idi. Gələcəyə həmişə çox nikbin baxan, hər şeyin yaxşı olacağına tək özü inanan deyildi, həm də inandırmağı bacaran, işıqlı gələcək vəd edən bir gənc idi. Bu adamda vətən sevgisi dəniz kimi tükənməzi idi. Torpaqlarımızın azad olunacağına çox inanırdı. Həm də döyüşmək, torpağımızı azad etmək üçün fürsət gözələyən, bu yolda canını qoymağa hazır bir qəhrəman idi. Qəhrəman sözünü boşuna işlətmirəm. Niftalını biz hələ döyüşə getməmiş o gözdə görürdük. Bu mümükün deyildi ki, müharibə ola Niftalı döyüşə getməyə. 2020-ci ilin yayında Polad Həşimov həlak olanda gedib könüllü yazılmışdı. 2020 -ci ilin sentyabrın 21- də Bakıdan birbaşa Səfərbərlik və Hərbi Xidmətə Çağriş üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə gedərək cəbhəyə yollanıb. Döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik məqamına yüksəlib. Qəhrəmanlar ölmürlər. Əzizim Niftalı bir ailədə doğulsa da Vətənin oğlu olaraq əbədi yaşayır. İndi iftixarla deyə bilərik ki, Vətənin Niftalı adında əbədi yaşar bir oğlu var. Vətən durduqca qürur duyulası bizim Niftalımız var.
Eyvaz Mehdiyev, kiçik qardaşı:
-Mən evin kiçiyi, son beşiyiyəm. Niftalı ilə aramızda dörd yaş fərq var idi. Nirtalı ilə həm dost, həm də iş yoldaşı olmuşam. Həyatda hamı özünə oxşamaq, öz yolu olmasını istəyir. Niftalı mənim kumirim idi. Hər şeydə Niftalıya oxşamağa çalışırdım. Onun kimi geyinmək, onun kimi danışmaq, o xasiyyətdə olmaq arzusunda idim. Alınmırdı. Vallah alınmırdı… Niftalı olmaq mümükün deyildi. O, aldığı paltardan, o geydiyi ayaqqabıdan alsamda mənə onun kimi yaraşmırdı. Həmişə deyərdim ki, niyə bu paltar, bu əyin –baş mənə də sənə yaraşan kimi yaraşmır? Niyə sənə hər şey gözəl yaraşır? Gülürdü. Gözəl gülüşü ilə cavab verirdi… Niftalı tamam başqa bir dünyanın adamı idi. Niftalının bu dünyada bənzəri yox idi…
Əsgərlikdəydim, 15 may Niftalinin ad günü idi. Niftalıya zəng edib təbrik etməyə hazırlaşirdım. Əsgər yoldaşım gəldi, dedi ki, Eyvaz görüşün var. Gəlib gördüm Niftalıdır. Dedim bu gün ad günündür, niyə dostlarınla, yaxınlarla oturub bir yerdə doğum gününü qeyd etmirsən? Dedi ki, bundan gözəl ad günü olar? Əsgər, vətəni qoruyan qardaşınla birlikdə olmaqdan gözəl bu dünyada nəsə var? Məni qucaqlayıb bağrına basdı. ..
Niftalı çox yaraşıqlı idi. Onun yaraşığı, boy -buxunu ilə də fəxr edirdim. Sevinirdim ki, mənim belə bir qardaşım var.
Müharibədə olanda hər gün danışırdıq. Sonuncu dəfə 12 oktyabrda zəng vurmuşdu. Hər şeyin yaxşı olacağını, qələbə ilə, qəhrəman kimi qayıdacağını dedi. Sonda dedi ki, Eyvaz, qaqaş özünü qoru. Elə bil şəhid olacağın bilirmiş. Elə bil vida edirdi. Telefonu sondürdüm, ağlamaq məni tutdu. Ağlamağa da qorxurdum ki, Allaha acıq gedər. Niftalı hamımızdan ötrü canını verməyə hazır olan qardaşım cansız qayıtdı. Bayrağa bükülü, bayraq kimi müqqəddəsləşib qayıtdı.
Bilirəm ki, yenə Allah bizi görüşdürəcək. Yenə onun gülümsər gözün görəcəm. Onsuz hər şey çətindir. Çox darıxıram, qardaşım, sənsiz çox darıxram. Al məni özünlə götür. Hara gedirdin məni də aparırdın. Səninlə harada olurdumsa elə bilirdim ora cənnətdir. Nə olar, Niftalı məni cənnətinə də götür…
Xəyal Qurbanov, döyüş yoldaşı:
-Niftalnı müharibənin ilk günündən tanımışam. Belə bir Vətən sevdalısı, gözəl insan, igid, qəhrəman döyüşçünü tanıdığım üçün də çox qürurluyam. Niftal kimi qəhraman oğullarımızın itkisi də çox ağır və üzücüdür. Düşünəndə ki, ən çətin məqamında, ölüm –qalım savaşında səninlə bir yerdə olanlar indi həyatda yoxdur, bu acıya dözmək çox çətin olur. Niftalının üzü təzə doğulmuş günəş kimi nur saçırdı. Elə ürəyi, qəlbi də nurlu idi… Son günlərimizi də birlikdə keçirmişik.
Bölüyümüz İncəçayın sahilində toplanış məntəqəsində mövqelənmişdi. Döyüş tapşırığını yerinə yetirib yenicə qayıtmışdıq. Silahları təmizləyir, texniki qulluq edirdik. Yeni döyüş tapşırığını yerinə yetirməzdən qabaq komandir bölüyümüzə istirahət vermişdi. Qəfildən düşmən qırıcısı bizim mövqeləndiyimiz əraziyə, belə deyək ki, toplanış məntəqəmizə raket zərbəsi endirdi. Düşmən yerimizi bildiyi üçün dislokasiya yerimizi dəyişmək məcburiyyətdində qaldıq. Komandanlığın əmrinə əsasən maşınlara minib digər toplanış yerinə getmək üçün yola çıxdıq. Bölükdən 20 nəfər olardıq ki, bizə avtomobillərdə yer olmadığı üçün biz kəndin kənarına kimi piyada hərkət etmək məcburiyyətində qaldıq. Komandanlıq əsəgərlər dislokasiya yerini dəyişmək üçün maşın çatmadığı barədə məlumat verib əlavə texnika istəmişdi. Biz kəndin kənarına çatmışdıq ki, arxamızca maşın gəlib bizi də götürdü. Artıq biz yeni bir ərazidə mövqelənmişdik ki, yeni döyüş tapşırığı gəldi. Bütün yoldaşlarımız yeni ərazilərin işğalçılardan azad olunması uğrunda döyüşə səfərbər olundular. Bölük komandirinin əmrinə əsasən Niftalı ilə mən toplanış məntəqəsində qalıb ərzağı, döyüş sursatını, əşyaları qorumaq əmrini aldıq. Niftalı bu döyüşə də qatılmaq istədiyini bildirdi. Amma komandir icazə vermədi. Yorğun olduğumuzu, döyüşdən yenicə çıxdığımızı deyib qəti etiraz etdi…
Oktyabrın 13- toplanış əmri aldıq. Yüksək rütbəli zabitlər, komandirlər bizimlə döyüş əhval-ruhiyyəsi mövzusunda söhbət etdilər. Orada son dəfə bir xatirə şəkli də çəkdirdik. «Yeznəqumer» yüksəkliyi uğrunda döyüş tapşırığını yerinə yetirməli olduğumuz bilidirildi. Əraziyə yaxşı bələd deyildik. “Kamaz” maşınları ilə irəliyə doğru hərəkət edirdik. Biz ortadakı “Kamaz”da idik. Arxadakı “Kamaz”ın isıqlarını yandırıb söndrürdüyünü, nə isə işarə verdiyini hiss etdik. Sən demə yolu səhv salıb neytral əraziyə girirmişik. Orada, həmin ərazidə sayca üstün düşmən qüvvələri mövqelənmişdilər. Dərhal bizim maşın karvanı yolu dönərək gedəcəyimiz istiqamətə kurs götürdü. Qarşıda bir kənd var idi. Kəndin girəcəyinə bir kilometr qalmış avtomobillərdən enib üç- üç, beş-beş qruplara bölünüb irəliyə doğru hərəkət əmri aldıq. Düşmən kəndin əhatəsini tam minaladığı üçün avtomobillə hərəkət qəti mümkün deyildi. Ermənilər bizim əraziyə yaxınlaşdığımızı hiss edib, toplardan, tanklardan ətrafı aramsız atəşə tuturdular. Körpüyə yaxınlaşanda isə minamyot mərmisi yağdığrmağa başladılar. Komandirin əmrinə əsasən durmadan kiçik qruplara bölünüb körpünü keçib, kəndin çıxacağına doğru istiqamət götürdük. Sıldırım bir qayaqlığı da keçməli idik. Hava qaranlıq, özümüz də yorğun idik. Uzaq bir məsafəni qət etmişdik. Artıq hücum edib, götürəcəyimiz ərazinin kordinatları və ərazi bəlli idi. Döyüş əmrini də almışdıq. Döyüş yoldaşlarımızdan biri bilmədən ayağını minaya basdı və yaralandı. Yaralı əsgərimiz yoldaşların köməyi ilə dərrxal təxliyyə edildi. Biz dərhal mövqelənib sapyor lapatkaları ilə səngər qazmağa başladıq. Gəlişimizi hiss edən düşmən gecə boyu əcaib, meymun, canavar, çaqqal səsləri çıxarıb ulayır, ya bizə psixoloji təsir etmək istəyir, ya da bizim orada olmamız barədə bir birilərinə işarə verirdilər. Atəş altındaydıq. Bizə olduğumuz ərazidə qalıb oranı müdafiə etmək tapşırığı verilmişdi. Səhərüzü hava işıqlaşanda ermənilərin minamyot atəşi ilə hücumu başladı, nə başladı. Güllə yağış kimi yağırdı. Bütün növ silahlardan istifadə olunurdu. Ələlxüsus da minamiyot atışı heç ara vermirdi. Şahmatvari, çox dəqiqiliklə atırdılar. Komandirin tapşırığına əsasən kiçik qruplara bölünüb, olduğumuz yerdən çıxıb hücuma keçmək əmri aldıq. Ərzağımız, suyumuz da tükənmişdi. Susuzluqdan yanırdıq. Ermənilər su hövzələrini, çayları, bulaqları zəhərləyirdilər. Döyüşün öz həyəcanı var. Nə qədər su götürsən yenə bəs etmir… Səhər 7 ya 8 olardı, biz hücuma keçdik. Hücum etdiyimiz ərazidə böyük qazıntılardan çıxmış xırda torpaq təpəcikləri var idi. Bölük komandiri sıranın önündə biz onun arxası ilə hərəkət edirdik. Minamıyot mərmiləri bütün ərazini vururdu. Yaxınlığımda, sol tərəfimdə hərəkət edən döyüş yoldaşım orada şəhid oldu. Qarşı sağ tərəfdən bir neçə hərbçi göründü. Məsafə çox yaxın idi. Təsəvvür edin ki, bu dəqiqə əlbəyaxa döyüş olacağı gözlənilirdi. Bu arada mən Niftalıya dedim ki, buradan sağ çıxmaq mümkün deyil. Müharibədir, gəl hallaşaq, şəhid ola bilərik. Niftalı yenə güldü. Nə şəhid olmaq, mən bura ölmək üçün deyil, öldürmək üçün gəlmişəm dedi. Niftalı Koroğlu kimi nərə çəkirdi. Vallah səsi erməniləri vahiməyə salmışdı. Aslan kimi döyüşürdü. Qarşımıza çıxıb bizi pusquya salmaq istəyən hərbiçiləri dərhal məhv etdi. Qardaş halallaşaq deyirsən? Bunları son nəfərinə qədər məhv etməyincə bizə halallıq yoxdur, dedi. Bu məqamda yanıma mnomyot mərmisi düşdü. Mən ağır yaralandım. Komadan ayılanda ilk soruşduğum Niftalı oldu. Niftalı həmin o birlikdə olduğumuz son döyüşdə qəhrəmancasına şəhid olmuşdu. Artıq sonuncu dəfə birlikdə şəkil çəkdirdiyimiz döyüş yoldaşlarımızın əksəriyyəti ruhlarını göylərə təslim edib, bölüyümüzün qarşısına qoyulan tapşırığı şərəflə yerinə yetirmişdilər. Uğrunda susuzluqdan cat- çat yandığımız, Suqovuşan düşməndən azad olub, şəhid qardaşlarımızın ruhuna sərinlik gətirmişdi…
Bizə bu əhvəlat, danışan vətənimizin ləyaqətli, cəsur oğlu Qazimiz Xəyal Elbrus oğlu Qurbanov düşmən minomyotundan aldığı ağır yaradan möcüzə nəticəsində sağ qalıb.7 dəfə əməliyyat olan Qazimiz bu gün də qardaş Türkiyədə müalicəsini davam etdirir. Pisxoloji, mənəvi travmalar, gözünün qarşısında canı qədər əziz bildiyi döyüş yoldaşlarını itirməsi Xəyalın, qəhrəmanımızın psixolgiyasından da təsirsiz keçməyib. O dəhşətli anların qorxunc xatirələri Xəyal balamızı rahat buraxmır.
- Şəhid olan qardaşlarım xoşbəxtdirlər. Allah onları öz dərgahına götürdü. Döyüş yoldaşlarının itkisini görüb o dərdlə yaşamırlar. Bir Qazi olaraq ruhları qarşısında sayğı duruşu edib,əsgər salamı göndərirəm. Məni bağışlasınlar ki, indi onlarla bir yerdə deyiləm. Bu ucalıq onların qismətiymiş - deyir Xəyal
Biz Bərküşad kəndindən geri dönəndə artıq havaya qaranlıq çökmüşdü. Bədirlənmiş ay yerüzünü gülümsər baxışları ilə bəzəyirdi. Havada xəfif bir meh əsirdi. Allah səmaya, elə bil, özü naxış vurmuşdu. Bu gözəlliyi məncə Allah istəmədiyi halda heç bir rəssam nə qədər çalışıb vuruşsa yarada bilməz. İstər- istəməz ağlıma, düşüncəmə bir fikir hakim kəsilir. Bəlkə də səmamızı belə gözəlləşdirən, ruhumuzu sakitləşdirən göylərə çəkilən şəhid ruhlarıdır? Heç gözlənilmədən haradansa bir topa qara buludu axıb gəlib ayın qabağını kəsir. Göydən aram- aram iri yağış damcıları düşüb,maşınımızın ön şüşəsində gözyaşı kimi üzüaşağı süzülür...Nə qəribədir,bu bulud haradan çıxdı? Yayın cırhacırında bu yağış haradan gəldi? Bəlkə də övladlarının ayrlığına, həsrətinə dözməyən şəhid analarının, ahı, fəryadı, göz yaşlarıdır bu qara buludlar yağış dənələrinə dönüb Tanrı dərgahından süzülüb gəlir.
Maşınımız tini burulanda Şirmayə xanımla Qnyazın da göyləri seyr etdiyini görürürəm. Düşünürəm ki, biz görməsək də bəlkə də atalar, analar öz övladlarının göylərə çəkilən ruhlarını görüb övladlarının ruhu ilə salamlaşır, onunla söhbətləşə bilirlər. Bəlkədə analar, atalar qəhrəman balalarını ruhlarını qucaqlayıb öpə də bilirlər?.
Nə var Allahdan Yuxarı?
Nə var qəbirdən aşağı?
Elşən Qəni