Ailə-məişət mövzularının televiziyalarda geniş müzakirə edilməsi problemlərin həlli üçün deyil, insanların şəxsi məlumatlarının ictimailəşdirməsi üzərindən şou düzəldib reytinq toplamağa hesablanıb
Ailə cəmiyyətin hərəkətverici qüvvəsidir. Bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkünsüzdür. İnsanın yetişməsində, tərbiyəsində, ailə ilə yanaşı, mühit də böyük təsirə malikdir. Cəmiyyətdə baş verən dəyişikliklərin, islahat və uğurların ailələrə daşınması prosesi hər zaman mövcud olub.
Yerli televiziyalarda ailə problemləri, o cümlədən gender, demoqrafiya kimi məsələlər vaxtaşırı müzakirə edilir. Ailələrdə, cəmiyyətdə baş verənlər müzakirəyə çıxarılır. Demək olar ki, sosial proqramların əksəriyyətinin mövzusu ailə ilə bağlı olur.
Mövzunun aktuallığını nəzərə alaraq psixoloq və sosioloqların fikirlərini öyrəndik.
Sosioloq Zəminə Səfərova “İki sahil”ə açıqlamasında bildirdi ki, ailə məişət məsələlərinin televiziyada müzakirə edilməsi düzgün deyil: Televiziyalarda ailə məsələlərilə bağlı həm aparıcı, həm də ekspert qismində elə adamlar çıxış edir ki, ümumiyyətlə, onların normal ailə haqda təsəvvürü yoxdur. Ailə məsələlərilə bağlı teleproqramlara çağırılan ekspertlərin əksəriyyəti ailə məsələsində kifayət qədər nöqsanı olan şəxslərdir. Televiziyada ailə məsələləri ilə əlaqədar danışanlar cəmiyyətin qəbul etdiyi şəxslər olmalıdır. Bu məsələyə ailə dəyərlərimizin layiqli daşıyıcıları cəlb edilməlidir. Belə verilişlər cəmiyyətə, xüsusən də gənclərə, yeni ailə quranlara mənfi təsir göstərir.
Ən əsası ailə problemləri ailə daxilində həll olunmalıdır. Ailə problemi kənara o zaman çıxa bilər ki, artıq orada şikayət-cinayət və s. olsun. Onu da aidiyyatlı orqanlar həll etməlidir. Daha şou proqramlar yox...
Sosioloq Sahib Altay isə qeyd etdi ki, ailəyə aid olan informasiyaların, yəni şəxsi məlumatların ictimaiyyətlə paylaşılması, ailənin fərqliliyini, ailəni ailə edən səbəbi aradan qaldırır. Və fərdlərin bir-biri üçün heç bir xüsusiliyi qalmır: “İnsanın həyatı iki hissəyə bölünür -şəxsi və ictimai həyat. Bunların hər birinin öz sərhədləri və qaydaları var. Ailə cəmiyyətə fərd yetişdirən ictimai-sosial institutdur. Ailənin cəmiyyətə açıq tərəfi yetişdirdiyi fərddir, ailənin öz qaydaları, yaşamı və sirrləri isə qapalıdır. Ailənin şəxsi infromasiyalarının ictimailəşməsi, o ailəni ailə olmaq statusundan məhrum edir. Ailə - aralarında müəyyən mənəvi bağlar, fikir və düşüncə uzlaşması, habelə psixoloji, mənəvi uzlaşan iki əks-cinsin bir yerdə yaşayaraq, özlərindən üstün insan yaratmaq üçün nəzərdə tutulmuş müəssisədir. Bir şəxs üçün ailənin özəlliyi, qarşı tərəflə, özünə aid olan hər şeyi, bioloji, maddi-mənəvi bütün dəyərləri paylaşmasıdır. İnsan bunu ailə xaricində ikinci bir insanla etmir. Həyatda ən müqəddəs nəsnə insanın özünü ifadə etməsidir. İnsan özünü tam olaraq ailə qurduğu şəxsə ifadə edə bilir. Təbii ki, uzlaşma varsa.
Artıq bir neçə ildir ki, ölkədə fəaliyyət göstərən televiziyalarda ailə-məişət mövzuları geniş müzakirə edilir və bu verilişlər problemlərin həlli üçün deyil, insanların şəxsi məlumatlarının ictimailəşdirməsi üzərindən şou düzəldib reytinq toplamağa hesablanıb. Toplum çoxluq etibarilə mental təfəkkürdə olduğuna görə, məişət mövzularının izləyici kütləsi çox olur”.
“Bəs insanlarımız niyə efirlərə üz tutub, şəxsi məlumatlarını ictimailəşdirirlər” sualına cavab olaraq sosiloq bunun bir neçə səbəbini vurğuladı: “Belə şəxslər özəl həyatla, ictimai həyatın anlamını, fərqini bilmirlər. Kütləvi savadsızlıq var. Efirlər bunu təbliğ edir. Kollektiv şüura tabe olan kütlə bir-birinə baxıb, efirlərə üz tuturlar. Efir şöhrətin qazanıldığı yerdir. Savadsız kütlə insanı da öz şəxsi həyatını ictimailəşdirmək bahasına olsa belə, efir vasitəsilə ictimai tanıtım qazanır və daxilindəki arzuya çatır.
Hətta şəxsi məsələnin ictimailəşməsi zəminində uşaqların da bu prosesə daxil edilməsi, tamamilə yanlışdır. Bu isə gələcəkdə böyük problemlər ortaya çıxaracaq fərdi psixoloji travmadır”.
Eros Psixologiya Mərkəzinin psixoloqu Aygün Cəfərova isə düşünür ki, əsasən öz problemlərindən qaçmaq istəyən şəxslər belə verilişlərin izləyicisinə çevrilir: “Ailə-məişət problemlərinin televiziya verilişlərində müzakirə edilməsi doğru deyil. Ailədaxili məsələlərdə problemlər yaranırsa, bu artıq fərdlər tərəfindən müzakirə olunmalı, problemlərin həlli yolu axtarılmalıdır. Əgər məsələ tərəflər arasında həll oluna bilmirsə, o zaman peşəkar yardıma müraciət edilməlidir ki, kənardan obyektiv bir baxış olsun və bu problem öz həllini tapsın. Ailə-məişət problemlərinin qabardıldığı verilişlər izləyicilər tərəfindən çox izlənilsə də bu, onların əhval-ruhiyəsinə heç də xoş təsir bağışlamır, əksinə düşüncə tərzlərində gərgin fikir formalaşdırır. Əsasən öz problemlərindən qaçmaq istəyən şəxslər belə verilişlərin izləyicisinə çevrilirlər. Lakin bu, onların intellektual səviyyələrini mənfi təsir göstərir. Yaddaş pozğunluğu və diqqətsizlik problemlərinin yaranmasına yol açır. Belə verlişlərin ən mənfi tərəfi buraya azyaşlı uşaqların da cəlbedilməsidir. Bu onların formalaşmasına olduqca mənfi təsir göstərir. Ən önəmlisi isə gələcəkdə sahib olacaqları ailə modeli anlayışının zədələnməsinə yol açır”.
Nigar Orucova, “İki sahil”