Bir neçə gün öncə təhsil naziri Emin Əmrullayev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində çıxışı zamanı bildirdi ki, gələcəkdə yaradılacaq yeni peşə təhsili mərkəzləri hesabına peşə təhsili alacaq tələbələrin sayı artacaq. Nazir qeyd etdi ki, 2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsini 13 300-dən çox məzun bitirir.
Hal-hazırda peşə təhsilinə marağın artması istiqamətində atılan addımların effektivliyi ilə bağlı mütəxəssis fikirlərini öyrəndik.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Mətləb Hüseynov “İki sahil”ə açıqlamasında bildirdi ki, peşə təhsilinə maraq hazırda yüksək səviyyədədir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2020-ci il tarixli 167 nömrəli qərarı ilə ümumitəhsil müəssisələrində peşəyönümlü xidmətin həyata keçirilməsi təşkil olunur. Peşə Təhsil müəssisəsinə qəbul elektron qaydada qebul.vet.edu.az saytı vasitəsi ilə aparılır. Qeydiyyat zamanı tam orta və ya ümumi orta təhsil haqqında attestat və şəxsiyyət vəsiqəsi kifayətdir. Tələbə özünə uyğun hesab etdiyi müəssisə və ixtisası seçməklə elektron ərizəsini təsdiq edir”.
Həmsöhbətimiz xatırlatdı ki, müəssisədə təhsil müddəti 1, 2, 3 il və 6 aylıq olmaqla aparılır: “Təhsil müddəti 2 və 3 il olan ixtisaslar üzrə təhsil dövlət hesabına, təhsil müddəti 1 il və 6 aylıq olan ixtisaslar üzrə isə dövlət hesabına və ödənişli olmaqla təşkil olunur.”
Ali təhsil müəssisələrinin məzunları da peşə təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimi edə bilərlər
Mətləb Hüseynov diqqətə çatdırdı ki, ali və orta təhsil müəssisələrini bitirən məzunlar da peşə təhsil müəssisələrində qəbul zamanı ixtisas seçimi edə bilərlər və burada yaş məhdudiyyəti yoxdur: “2020-ci il tələbə buraxılışı 593 nəfər olub. Onlardan 85 nəfər hərbi xidmətə göndərilib, 108 nəfər respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təhsili davam etdirir, 139 nəfər işlə təmin olunub. Bununla yanaşı təşkil olunan qısamüddətli kurslarda iştirak edən tələbələr işlə təmin olunub”.
Mövzu ilə bağlı suallarımızı təhsil eksperti Kamran Əsədova da ünvanladıq.
Peşə təhsili alanlar, hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar
K.Əsədov söylədi ki, hal-hazırda əmək bazarında peşə sahiblərinə ehtiyac var, amma təəssüflər olsun ki, orta məktəbləri bitirənlərin əksəriyyət ali təhsil arxasınca qaçırlar.
Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır, deyən müsahibimiz Norveç və Cənubi Koreya təcrübələrini xatırlatdı: “Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra, öz növbəsində, bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur”.
“Ali məktəblərə qəbul prosesinin çətin olmasına baxmayaraq nə üçün gənclər peşə təhsili deyil, ali təhsil almaq istəyirlər?” sualını cavablayan təhsil eksperti qeyd etdi ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur: “ Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olacaq. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün ciddi maneələr, sədlər var. Amma peşə təhsili alanlar, hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar. Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. Halbuki, 54 ali təhsil müəssisəmizdə təhsil alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurduqdan sonra əmək bazarında ixtisası üzrə işlə təmin olunur. Hesab edirəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu onların uğurlu gələcəyi üçün çox vacibdir”.
Əmək bazarının dəyişən və artan tələblər nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir, deyən K.Əsədov yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac olduğunu vurğuladı: “ Atılan bu addımlar gənclərin peşə təhsilinə marağını artıracaq”.
Ekspert bildirdi ki, müasir Azərbaycan gənclərinin peşə təhsili müəssisələrini seçməməsinin bir səbəbi də onların təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilməməsi idi. Yeni “Peşə təhsili haqqında” qanunda qeyd olunur ki, bu pillədə təhsil alanlara da möhlət hüququ veriləcək deyən müsahibimiz bu addımın gənclərin kütləvi şəkildə peşə təhsilinə yönəlməsinə gətirib çıxaracağını söylədi: “Artıq bir neçə ildir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Bütün bu atılan addımlar peşə-ixtisas təhsili müəssisələrinə marağı və müraciəti ciddi şəkildə artıracaqdır”.
Günel Eyyubova, “İki sahil”