06 iyul 2021 17:55
1994

QHT-lərin dövlətdən aldıqları vəsait xaricdən asılılığa son qoyacaq?

Gözləntilər doğrulacaqmı?

İctimai həyatın bütün sahələrində Qeyri-Hökumət Təşkilatlarının aktivliyi, o cümlədən onların dövlət qurumları ilə faydalı əməkdaşlıq münasibətləri müşahidə olunmaqdadır. QHT-lər ictimai həyatın ən müxtəlif sahələri üzrə qəbul olunmuş dövlət proqram və strategiyalarında əsas tərəfdaş qurumlar kimi dövlət və cəmiyyət qarşısında həlli vacib hesab olunan milli, regional və məhəlli xarakterli ictimai vəzifələrin həyata keçirilməsində, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak ediblər.

- Bəs QHT-lərin hazırki vəziyyəti ilə bağlı vəziyyət necədir?Mütəxəssislər sözügedən mövzu ilə bağlı hansı təkliflər irəli sürürlər?

Dövlətin dəstək fondu kimi ayırdığı layihələr hələ  başlamayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov “İki sahil”ə açıqlamasında bildirib ki, ümumiyyətlə, hazırkı duruma nəzər salsaq görərik ki, QHT-lərin böyük əksəriyyəti  ölkə daxilində  maliyyəni Dövlət Dəstəyi Şurasından , bir neçə nazirliklərdən, Gənclər Fondu və  bir də ölkədə mövcud olan BMT, Avropa Birliyi strukturlarından alırlar.  Beynəlxalq donordan alınan  layihələrin ölkədə qeydiyyatı  mümkün olmadığı üçün daha doğrusu  həmin müqavilələr daha çox QHT rəhbəri, layihə üzrə təyin olunmuş koordinatoru ilə həmin  beynəlxalq  donor arasında fərdi qaydada imzalanmış müqavilə əsasında baş verir. Təbii ki,  burada köçürmələr ,  vergilərin ödənilməsi bank vasitəsilə olur. Dövlət  müəyyən qədər nəzarət edə bilir.  Ancaq bu layihələr vətəndaş cəmiyyətinin  yox, məhz fərdlərin layihələri kimi həmin donorlar tərəfindən qeydə alınır. Yəni, maliyyələşmə ilə bağlı vəziyyət  hələ ürəkaçan səviyyədə deyil. O mənada ki, Şura ləğv olunduqdan sonra pandemiyadan da əvvəl  maliyyələşmə prosesləri olmuşdu.  İndi demək olar ki, dayanıb. Yəni, ciddi bir maliyyələşmə prosesi yoxdur. Qeyd etdiyim kimi, bəzi nazirliklər və icra strukturlarının təqdim etdiyi kiçik layihələr var. Ancaq dövlətin dəstək fondu kimi ayırdığı layihələr hələ  başlamayıb.”

Yeniliklərdən biri də QHT-lərə ayrılacaq  maliyyə yardımlarının  məbləği ilə bağlıdır…

Həmsöhbətimiz  əlavə edib ki, QHT Dövlət Dəstəyi Şurası ləğv olunduqdan sonra iki aydır ki,   Agentliyin   formalaşdırılması istiqamətində işlər  davam edir: “Önəmli yenilik ondan ibarətdir ki, Agentlik biznes strukturların, QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsinə cəlb olunmasını həyata keçirəcək. Yeniliklərdən biri də QHT-lərə ayrılacaq  maliyyə yardımlarının  məbləği ilə bağlı təklif olunan dəyişikliklərdir. Burada layihələrin  kateqoriyalara bölünməsi, yəni  kiçik, orta, böyük və beynəlxalq layihələrin  verilməsi, eləcə də, QHT-lərə institusional, səfər  layihələrin verilməsi ilə bağlı təkliflər var.  QHT-lər üçün təlimlərin keçirilməsi, onların  professionallığının  artırılması da  Agentliyin  məqsədləri sırasındadır.”

Agentlik tərəfindən  qrantlar üçün  çox ciddi meyarlar hazırlanır

Ə.Həsənovun sözlərinə görə,  Azərbaycanda 4000-ə yaxın QHT qeydə alınıb. İndi onların neçə faizinin aktiv fəaliyyət göstərməsi  ilə bağlı dəyərləndirmələr Agentlik tərəfindən də öyrənilir:  “Hesab edirik ki, öz fəaliyyətini  prinsipial quran və öz fəaliyyətində ardıcıl olan, özünəməxsus  fikirlər ortaya qoyan,  iş bacarığı və təcrübəsinə malik, idarəetmə  və maliyyə sahəsində  bacarıqları olan, yeni olmasan  baxmayaraq,  yaxşı ideyalar təqdim edən təşkilatlar  bu yarışlarda iştirak edəcəklər. Agentlik tərəfindən  qrantlar üçün  çox ciddi meyarlar hazırlanır. Bu meyarlara uyğun olan, eyni zamanda,  elan  olunan qrant turunun şərtlərinə əməl edən  istənilən təşkilat bu layihələrin alınmasında  yarışmaya qoşulacaq. Təbii ki, QHT-lər bilməlidir ki,  onların ideya və layihələri donor kimi  Agentlik tərəfindən müəyyən olunan  qaydalar üzrə qiymətləndiriləcək. Ona görə də burada böyük rəqabətdən söhbət gedəcək. Yəni, QHT-lər maraqlı olacaqlar ki, daha professional və kreativ ideyalarla maliyyə yardımı almaq üçün bu yarışda iştirak etsinlər.

Dövlət bütün  QHT-ləri maliyyələşdirmək öhdəliyi götürməyib

Müsahibimiz vurğulayıb ki, dövlət bütün  QHT-ləri maliyyələşdirmək öhdəliyini götürməyib: “Agentlik olaraq biz yalnız layihə turlarında, yarışmalarda layihəsi bəyənilən və yaxşı ideyalar irəli sürən və sadaladığım kriteriyalara uyğun olan layihələrin maliyyələşdirilməsi öhdəsinə götürür. Bu baxımdan da, QHT özünə  inamı artırmalı, aktiv fəaliyyət nəticəsində keyfiyyətli iş ortaya qoymalıdır ki, onun layihəsi bəyənilsin. Yəni, hər bir  məqam QHT-lərin özündən asılır. QHT üzv toplayıb, qeydiyyatdan keçib,  dövlətdən  tələb etmək ki, məni maliyyələşdirin bu yalnış  yanaşmadır.  QHT-lərə çağırışımız budur ki,  onlar layihə  yazılması, təşkilatların təqdimatı,  informasiya  bazasının gücləndirilməsi məsələsində , eləcə də işçi heyətlərinin peşəkarlaşdırılmasında   fəaliyyət göstərsinlər. Belə olan halda onların dövlətdən və yaxud da digər donorlardan maliyyə almaq şansları çoxalacaq.”

Prezident İlham Əliyev vətəndaş cəmiyyəti sektorunda yeni dinamika və müsbət dəyişikliklərin hüquqi bazasını yaratdı

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birlyinin sədri  Ramil İskəndərli vurğulayıb ki, Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında vətəndaş cəmiyyətinə, və konkret olaraq qeyri-hökümət təşkilatlarının fəaliyyətinə ictimai nəzarət və ictimai iştirakçılıq baxımından böyük önəm verdiyini qeyd etmişdir. Bunun davamı olaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə, onların problemlərinin öyrənilməsi və təkliflərin alınması baxımından son dərəcə əhəmiyyətli görüşün keçirilməsi bir daha Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin yeni formatda və yeni keyfiyyətdə inkişaf etməsində maraqlı olduğunu göstərdi. İctimai sektorda əsas müsbət dəyişiklik, Prezidentin imzası ilə QHT-lərə Dövlət Dəstək Agentliyinin yaradılması, Agentliyin Nizamnaməsinin qəbul edilməsi və Müşahidə Şurasının üzvlərinin təyin edilməsi olmuşdur. Prezident İlham Əliyev bununla vətəndaş cəmiyyəti sektorunda yeni dinamika və müsbət dəyişikliklərin hüquqi bazasını yaratmış oldu.

İndi növbə vətəndaş cəmiyyəti təsisatlarındadır ki,  göstərilən etimadı doğrultsun

Həmsöhbətimiz vurğulayıb ki, son günlər Agentliyin Müşahidə Şurasının üzvlərinin QHT-lərlə silsilə onlayn görüşləri keçirilir: “Burada xüsusi olaraq vurğulanır ki, Agentliyin QHT-lərə nəzərən milli donor rolunun onun əsas funksiyası olduğunu nəzərə alaraq, təklifim əsasən ondan ibarətdir ki, keçmiş təcrübədə tətbiq olunan kütləvilik prinsipindən əl çəkib, keyfiyyətli rəqabət prinsipinə keçmək lazımdır. Bu nəinki Agentliyin qrant programlarında, eləcə də QHT-lərə digər növ dəstəyin göstərilməsində (məsələn konsultativ) özünü büruzə verməlidir. Yəni Agentliyin məqsədi artıq, sələfi QHT Şurasında olduğu kimi mümkün qədər çox QHT əhatə etmək yox, daha çox sayından asılı olmayaraq, keyfiyyətli və məsuliyyətli layihə icrasına nail olmaqdır. Yalnız bu prinsipin tətbiqi ilə QHT sektoru mahiyyətçə və keyfiyyətçə daha çox inkişaf edəcək və ən əsası Prezidentin Vətəndaş cəmiyyəti sektorundan gözləntilərinə cavab verəcəkdir. İndi növbə vətəndaş cəmiyyəti təsisatlarındadır ki,  göstərilən etimadı doğrultsun.”

Bu boşluğu aradan qaldırmaq üçün təklif edərdim ki, qrant proqramları…

R.İskəndərli  QHT-lərin mövcud durumundan bəhs edərkən bildirib ki,  təşkilatların maddi-texniki bazasının zəifdir: “Bu həmçinin bilik, bacarıq və səriştə baxımından keyfiyyətli fəaliyyət göstərən QHT-lərə də aiddir. Bu boşluğu aradan qaldırmaq üçün təklif edərdim ki, qrant proqramlarının ilkin mərhələlərində qoyulan qaydalarda təşkilatı və inzibati xərclər, proqram fəaliyyəti xərcləri ilə müqayisədə üstünlüyə malik olsun. Qrant alan təşkilatlar bu üstünlüklərdən yararlanıb, gəcələk mərhələlərdə daha çox birbaşa fəaliyyət proqramlarına tədricən üstünlük verərək stabil QHT-lərə çevriləcəklər.

Agentlik dövlət-QHT əməkdaşlığını koordinasiya etməlidir

Müsahibimiz Agentlik fəaliyyətində xüsusi önəm kəsb edən məsələlərdən də söz açıb:”Agentlik QHT-lərin institutsional inkişafı üçün layihələrin təqdim olunması,  özəl sektorla QHT-lər arasında şirkətlərin Korporativ Sosial Məsuliyyət proqramları çərçivəsində QHT-Biznes arasında körpü rolunu oynamaq, biznes sektorla birgə qrant layihələri həyat keçirmək, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara Azərbaycanın haqlı mövqeyini özündə əks etdirən hesabatların, təqdimatların yazılmasında QHT-lərin rolunun artırılması və əlaqədar orqanlarla koordinasiya edilməklə, işçi qrup formatında effektiv mexanizm yaratmaq, beyin mərkəzləri, fikir və düşüncə qruplarının, araşdırma, təhlil və tədqiqat mərkəzlərinin fəaliyyətinə dəstək və müstəqil inkişaf mexanizmlərinin yaradılmasında dövlət-QHT əməkdaşlığını koordinasiya etməlidir.”

QHT-lərin maliyyələşdirilməsi zəruri nüanslardandır

"​Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri Ayaz Hüseynov isə qeyd edib ki, çünki QHT tərəfindən qarşılanmalı olan məcburi xərclər var: “Təbii ki, bir çox QHT-lərin ətrafında könüllülər var ki, bir çox işləri ya təmannasız,  ya da daha münasib şərtlərlə edirlər. QHT-nin aidiyyəti  qurumlarla, dövlət qurumları ilə birgə çalışması üçün müşahidə etdiyim müəyyən boşluqların doldurulması üçün  mütləq maliyyə vəsaiti lazımdır. Əfsuslar olsun ki, vətəndaş cəmiyyəti institutlarının maliyyə vəsaiti olmazsa onlar çalışa bilməyəcəklər. Lazım olan dəstəyi tam olaraq göstərə bilməyəcəklər.  Beləliklə də,  fəaliyyətlərinin tam olaraq dayandırılmasına doğru gedəcəklər. Bu da əlbəttə ki,  ümumilikdə problemlərin çoxalması deməkdir. Bütün ağırlığın məhz dövlət qurumlarının üzərinə düşməsi deməkdir. Yəni, QHT-lərin əsas fəaliyyəti ondan ibarətdir ki, dövlət qurumlarına dəstək olsun.”

QHT-lərin əsas problemlərindən biri də xarici donorlarla fəaliyyətin məhdud olmasıdır

Həmsöhbətimiz əlavə edib ki, qrantın  qeydə alınmasında müxtəlif çətinliklər var. Bu çətinliklərin aradan qaldırılmasında  əlbəttə ki, QHT-lərin inkişafında,  aidiyyəti dövlət qurumlarına daha çox dəstək verə bilməsində, həmçinin, vətəndaşların problemlərinin daha tez həll olunmasında mühüm rol oynayacaq.  Bu baxımdan da, qrantların cəlb edilməsi və müxtəlif sahələrdə inkişafın təminatı üçün xaricdən gələn vəsaitin qeydiyyata alınması prosedurunun  daha əlverişli və rahat olması vacibdir.”

Belə şəraitdə yeganə maliyyə mənbəyi dövlət dəstəyidir

QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə  bildirib ki, beynəlxalq təcrübə göstərir ki, QHT-lər üçün əsas maliyyə mənbəyi bəzən sahibkarlıq subyektləri, kommersiya qurumlarının dəstəyi, ianələrin yığılması, beynəlxalq donorlardan gələn vəsaitlərdir.  Azərbaycanda isə kommersiya qurumlarından gələn vəsait azdır, yox səviyyəsindədir. İanələrin yığılmasında ciddi problemlər var.  Eyni zamanda, xarici qrantların qeydiyyatı məsələsində də uzunmüddətdir problemlər var. Belə şəraitdə yeganə maliyyə mənbəyi dövlət dəstəyidir. Xarici donorların vəsait xərcləmək istəmədiyi mövzular var.  Yəni, hətta qrantların Azərbaycana açılışına maksimum səviyyədə imkan yaradılsa da, Azərbaycan cəmiyyəti üçün prioritet olan sahələri xarici donorlar  kənarda saxlayır. Ona görə də dövlət dəstəyi çox zəruridir.

Bütün QHT-lərə vəsaitin verilməsi də real görünmür

Həmsöhbətimiz qeyd edib ki, ötən dövrdə  hər il təxminən 500  QHT-yə dəstək göstərilirdi.  İndi isə ən azı 100 QHT-yə  böyük həcmli, 150 QHT-yə orta həcmli qrantların verilməsi məqsədəuyğun olar: “Qrantların ayrılması zamanı bir çox meyarlar hazırlanır. Bu meyarlar zamanı təşkilatın  imkanları, potensialları, texniki bazası, insan resursları nəzərə alınmalıdır.Ötən dövrdəki fəaliyyəti diqqət mərkəzində saxlanılmalıdır.  Həmçinin,  mövzunun aktuallığı, layihənin yazılışı,  əsaslandırılması və digər göstəricilər nəzərə alınmalıdır qrantlar verilərkən. Eyni zamanda, bizdə qrant almayan müəyyən təşkilatlar var ki, onlar icmalarla işləyirlər, müəyyən ianələr toplayırlar, biznes strukturlarından dəstək yığaraq fəaliyyət göstərirlər.”

QHT-lərin institusional inkişafına dəstək vacibdir

Sonda həmsöhbətimiz əlavə edib ki, hazırda xarici qrantlarının qeydiyyatının daha sadələşdirilməsi, daha əlçatan olması, beynəlxalq təşkilatların ölkəmizə gəlişinə imkan yaradılması, QHT-lərin institusional inkişafına dəstək vacibdir.  Bu məsələdə həm resursların artırılması, həm QHT evinin  yaradılmasını zəruri hesab edirəm.

Yaqut Ağaşahqızı, “İki sahil”