İkisahil.TV-nin bugünkü müsahibi vətənpərvərlik mövzusunda dillər əzbəri olan mahnıların müəllifi və mahir ifaçısı "Vətənpərvərliyin Təbliğinə Dəstək"İctimai Birliyinin sədri, ehtiyatda olan mayor Şəmistan Əlizamanlıdır
-Şəmistan müəllim, Ali Baş Komandanımız İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində məğlub xalq kompleksindən qurtulduq. Torpaqlarımızın işğaldan azad edilməsi sizin üçün gözlənilən idimi?
- Əlbəttə. Bu gün heç bir sözlə ifadə edilməyəcək xoşbəxt anlar yaşayırıq. Ali Baş Komandan 200 ildən sonra şərəfli bir Zəfər yürüşü edib torpaqlarımızı azad etməklə yeni tarix yazdı. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində işğal olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad olunması tariximizə aydınlıq gətirdi.
- Belə bir deyim var ki, müharibə istəmiriksə, müharibəyə hazır olmalıyıq. Bunun üçün də hər zaman dayanmadan təbliğat aparılmalıdır. Bu gün hərbi vətənpərvərliyin təbliğatı qənaətbəxşdirmi?
-Bu gün vətənpərvərliyin təbliğatı çox ürəkaçandır. Etiraf edək ki, hərbi vətənpərvərliyin ən gözəl təbliğatçısı məhz Ali Baş Komandanımız İlham Əliyevdir. Vətən müharibəsi dövründə və sonrakı dövrlərdə onun çıxışları və xalqa müraciətləri hər bir kəsi yumruq kimi birləşdirdi. Hamının ürəyi bir amalla Qələbə əzmi ilə döyünürdü. Prezident, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və peşəkar hərbçi kadrların hazırlığı işini ön plana çəkib. İnsanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Bu gün artıq qəhrəman oğullarımızın şücaətini gördük. Şuşanın fəthi bütün dediklərimizin sübutudur. Azərbaycanın vətənpərvər mərd oğulları Vətən uğrunda gözlərini belə qırpmadan canlarından keçirlər. Hesab edirəm ki, bu gələcək nəsillərimizə də bir örnəkdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
- Ümumiyyətlə, hazırda yazılan, ifa olunan vətənpərvər ruhlu mahnıların keyfiyyətini, təbliğini necə qiymətləndirirsiniz?
- Mən hərbi-vətənpərvərlik ruhunda ifa olunan bütün mahnıları müsbət qarşılayıram. Onları alqışlayıram. Bununla hər bir ifaçı öz vətənpərvərliyini, Vətənə olan münasibətini bildirir. O mahnıların necə olmasından, keyfiyyətli, keyfiyyətsiz alınmağından asılı olmayaraq onların olması, çoxalması, təbliğ olunması özü müsbət haldır. İstəyir bu mahnılar muğam, rep, rok, estrada stilində olsun, fərqi yoxdur, məqsəd birdir- vətənpərvər ruhlu mahnıların var olması və təbliğ olunmasıdır. Bunda da məqsəd vətənə xidmətdir. Hər kəs bu xidməti gücü çatdığı qədər, başa düşdüyü biçimdə edir.
-Müsahibələrinizin birində qeyd etmisiniz ki, hərbi vətənpərvərlik ruhunda mahnı ifa etməyiniz təsadüfən alınıb…
- Etiraf edim ki, heç vaxt mahnı oxumaq arzusunda olmamışam. Diktorluq fəaliyyətim nəticəsində müharibədə iştirak etdim və mahnı oxumağım bir təsadüflə başladı. Bunun maraqlı tarixi var. 1993-cü ildə Ağdərədə Çıldıran əməliyyatında mühasirəyə düşdük. Lakin bu hal uzun çəkmədi və böyük səylə mühasirədən çıxdıq. Mühasirəyə düşərkən üst-başımız tamam palcığa batmışdı. Məni Yusif adlı bir nəfərə tapşırdılar ki, əyin-başımı dəyişim. Həmin Yusif arxa cəbhə üzrə komandir müavini idi. Mən o zamana qədər Yusif Mirzəyevi tanımırdım. O, mənə elə mehribanlıq, qayğıkeşlik göstərdi ki, elə bildim Yusifi lap çoxdan tanıyıram... O gündən sonra çox yaxın dost olduq. Yusif Naxçıvandan idi. Ağdərəyə könüllü getmişdi. Çətin döyüşlər, müharibənin ağır şərtləri bütün əsgərlər kimi Yusifdən də yan keçməmişdi. Onun sənədləri hələ sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi üçün təqdim olunmuşdu. Böyrəklərində yaranan xəstəlikdən, kəskin ağrılardan əziyyət çəkirdi. Onu məcbur etdik ki, xəstəxana şəraitində müalicə olunsun. Yusif xəstəxanada qalarkən, mən də yanına gedib baş çəkirdim. Çıldıran əməliyyatı zamanı yanımızda partlayan mərmilərdən mən də payımı almışdım. Odur ki, məni də dostumun müalicə olunduğu xəstəxanaya göndərdilər. Biz orda bir otaqda qalırdıq. Xəstəxananın həkimi Şahin Musaoğlu bizə tez-tez baş çəkirdi. Onunla aramızda isti münasibət yaranmışdı. Bir dəfə bizə dedi ki, bir mahnı yazmışam, istəyirəm qulaq asasınız. Şahin zümzümə edərək yazdığı mahnını ifa etdi. Bu mahnı "İgid əsgər, möhkəm dayan" adlanırdı. Mahnı Yusifin çox xoşuna gəldi, hətta o qədər bəyənmişdi ki, dilindən düşmürdü. Bir dəfə ona dedim ki, bu mahnını bu qədər bəyənirsənsə, mən də bir gün oxuyub, sənə ithaf edərəm. Yusif müalicədən sonra Ağdərəyə, mən isə Müdafiə Nazirliyinə qayıtdım. Sonra biz yenə görüşdük. O, mahnını nə vaxt ifa edəcəyimi səbirsizliklə gözlədiyini dedi. Düzü, mən də bəhanələr gətirib işi ləngidirdim. Deyirdim ki, mahnı ifa etmək məndə alınmaz. Sonra öyrəndim ki, Yusif əsgərlərə "İgid əsgər, möhkəm dayan" mahnısını əzbərlədib oxutdururmuş. Bu hadisə məni bir az həvəsləndirdi. Düşündüm ki, bəlkə bu mahnı mənim ifamda yaxşı alınacaq? Mahnının sözlərini çap edib, vərəqin yuxarısında "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm" sözlərini yazmışdım. O, axırıncı dəfə Bakıya gələndə həmin vərəqi Yusifə göstərdim və dedim ki, bax, yazmışam ki, "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm". Bu görüşümüzdən bir neçə gün sonra Yusif Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid oldu... O mahnını oxumaq mənim üçün artıq bir borc idi”…
- Şəmistan müəllim, yenidən aparıcı kimi efirdə görünmək istəyərdinizmi?
- Belə təkliflər bir neçı dəfə olub. Lakin ssenari və təklif olunan işin səviyyəsi məni qane etməyib. Xalqa milli ruhda olan filmlər, tamaşalar, mahnılar təqdim etmək lazımdır. Milli Qəhrəmanlarımız barədə, vətənpərvərlik ruhlu filmlərə bu gün böyük ehtiyac var. Bu istiqamətdə təkliflər olsa yəqin ki, razılaşaram. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən hərbi vətənpərvərliyin təbliği istiqamətində bir neçə filmlər də çəkilib.
- Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmisiniz. Milli Qəhrəmanlarımız barədə film çəkilərsə, həmin filmdə baş rolda çıxış etmək istəyərdiniz?
- Əlbəttə, istəyərdim. Aktyorluq fakültəsini bitirmişəm. İnanıram ki, bunu yaxşı bacarardım. Qəhrəmanlıq yeganə əməldir ki, onu öyrətmirlər. Bu gərək insanın qanında, canında olsun... Mən belə igidləri gördüyüm, onlarla çiyin-çiyinə vuruşduğum üçün fəxr edirəm. Elə xatirələr var ki, onları sözlə ifadə etmək olmur, mütləq yaşamaq lazımdır. Şəhid oğullarımızın qəhrəmanlığı gənc nəslin milli şüurunun oyanmasına, onların vətən sevgisi ilə böyüməsinə imkan yaradır.
-Bu yaxınlarda verilişə dəvət etmək üçün sizinlə əlaqə saxladıq. Bildirdiniz ki, « Quruluş Osman» serialına çəkilmək üçün Türkiyədən dəvət almısınız. Bizə maraqlıdır seriala çəkilə bildinizmi?
- Quruluş Osman» serialının 3-4 bölümündə iştirak etməliydim. Təəssüf ki, pandemiya səbəbindən çəkilişlər sentiyabra qədər uzadıldı. Bundan əvvəl «Diriliş Ertoğrul» serialında çəkilmişəm. Həmin serialda ifa etdiyim mahnı türk qardaşlarımız tərəfindən çox sevildi. Hətta Ədalət və İnkişaf Partiyasının seçki mahnısı olaraq seçildi. Yaradıcı insan üçün bu, bir uğurdur. Türkiyə kimi böyük bir ölkənin prezident seçkilərinin təbliğat kampaniyasında bu mahnının səsləndirilməsi çox xoşdur. Həm filmlərlə, həm də mahnılarla bağlı yeni dəvətlər var. İnşallah, gerçəkləşəndə hər kəs biləcək.
-Türkiyədə ifalarınız nə dərəcədə sevilir?
- Mənim ifalarım Türkiyədə çox məşhurdur. Neçə illərdir «Turan elləri var olsun» mahnısından Türkiyə prezidentinin çıxışlarında istifadə olunur. Telekanallar bundan geniş istifadə edib və mənə çoxsaylı təşəkkürlər gəlib. Əlbəttə, Türkiyədə bizi çox izləyirlər. Deyərdim ki, münasibətlərimiz qarşılıqlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir. Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir.
Şəmsiyyə Əliqızı, «İki sahil»