Möhsün Sənani-125: Unutsaq unudularıq
Proloq əvəzi
“...Yox, bala, qoy ömür kitabımı vərəqləyim”
Ailə üzvlərinin dediklərinə görə, artıq gözünün nurunu itirsə də, ömrünün son günlərində heç olmasa həyət-bacada gəzmək, doğmaları ilə söhbət etmək imkanı varmış. Lakin ixtiyar qoca bunların heç birini etməz, gecə-gündüz sağ əlini alnına dirəyərək hərəkətsiz halda yataqda uzanarmış. Sevimli qızı Gülər deyəndə ki, “ay ata, dur bir az gəzişək, söhbət edək” cavabı belə olarmış: “Yox, bala, məndə gəzməyə vaxt hardandı ki. Qoy ömür kitabımı vərəqləyim...”. Həmin anlarda həyatının hansı mərhələlərinin xəyalından kino lenti kimi gəlib keçdiyini yəqin ki, onun özündən başqa heç kim dəqiqliyi ilə təsəvvürünə gətirə bilməz.
Buna şübhə etməsək də görkəmli sənətkarın qızı Gülər Sənani-Quliyevanın (bu qoşa soyadın tarixçəsi haqqında sonra məlumat verəcəyik) paytaxtın Parlament prospektindəki mənzlində onun atası ilə bağlı acılı-şirinli xatirələri əsasında 15 yaşında ikən ilk dəfə böyük səhnəyə çıxan, yaradıcılığının 61 ilini eyni sənət məbədində - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirən, 250-dən artıq tamaşada müxtəlif rolları ifa edən, 20-dən çox kinofilmə çəkilən Azərbaycanın Xalq artisti, saysı- hesabsız mükafatlar laureatı Möhsün Sənaninin həyat və yaradıcılığının bəzi anlarını vərəqləməyə çalışdıq.
Heç kimin ağlına belə gəlməzdi ki...
XIX yüzilliyin ikinci yarısından etibarən İrandan, xüsusilə Cənubi Azərbaycandan Qafqaza minlərlə işçi qüvvəsi gəlirdi. Buraya xoş gün sorağı ilə axışanlarda belə bir təsəvvür yaranmışdı ki, qonşu ölkədə yaşamaq daha asandır. Qafqaza xoşbəxt həyat arzusu ilə gələnlərdən biri də dövrünün tanınmış mərsiyəxanlarından sayılan Molla Sadıq idi. O, bir müddət Gürcüstanın kəndlərində mərsiyəxanlıq edir, qazandığı pulla Tiflisin müsəlmanlar yaşayan “Şeytanbazar” məhəlləsində ev alır. Az vaxtda Molla Sadıq öz dini və elmi biliyi, ağıllı məsləhətləri ilə Tiflisdə tanınmağa başlayır, İrandan gəlmiş Molla Sadıq burada Sərvinaz adlı bir qızla ailə qurur.
1900-cu il iyunun 19-da Molla Sadığın evində dünyaya göz açan oğlan uşağının qışqırtısı ətrafa yayıldı. O vaxt heç kimin ağlına belə gəlməzdi ki, zaman keçəcək, valideynlərinin Möhsün adı verdikləri bu körpənin daha gur, daha əzəmətli səsi Azərbaycan, Gürcüstan, Türkiyə, Dağıstan və digər ölkələrin teatr səhnələrindən, kino meydançalarından eşidiləcək.
Faciə dalınca faciə... və iki yolun ayrıcında
1905-ci ildə 5 yaşlı körpənin gələcək həyatında dərin izlər buraxacaq dalbadal bir neçə faciəli hadisə baş verir. Əvvəlcə böyük qardaşı Məhəmməd, sonra isə atası və anası dünyadan vaxtsız köçürlər. Belə bir ağır məqamda körpəyə nənəsi Nənəxanım arxa olur. Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Zalım fələk bu qisməti də ona çox görür. Möhsün 8 yaşına qədəm qoyanda nənəsi də vəfat edir. Bundan sonra Tiflisin tanınmış xanımlarından sayılan Molla Zinyət (Azərbaycanın Xalq artisti Əli Qurbanovun anası) kimsəsiz bacısı oğlunu himayəyə götürür və onu öz balalarından ayırmır. Molla Zinyət yetimi qayğısız böyütməyə çalışsa da, Möhsün ailənin necə böyük ehtiyac içində yaşadığını görür və 10 yaşında ikən zəhmətə qatlaşır. O, Tiflisin “Qala”, “Maşın” və “Qəbiristanlıq” adlanan məhəllələrində yük daşıyır, qazandığı cüzi pulun bir hissəsini xalasına verir, bir hissəsini isə uşaqlıqdan aludə olduğu teatr tamaşalarına baxmaq üçün xərcləyir.
O zamanlar hər il Məhərrəm ayında Tiflisdə tez-tez kiçik teatr sayılan “Şəbeh” göstərilərdi. Bu mərasimə əsasən artistlər dəvət edilərdi. 1910-cu ildə “Şəbeh” dəsgahındakı “Qasım otağı” mərasimində iştirak edən uşaqlardan birinin rolu 10 yaşlı Möhsünə etibar edilir. Kiçik Möhsün ilk səhnə sınağından uğurla çıxır.
Sonralar teatr aləmində məşhur simaya çevrilən Möhsün Sənaninin özünün etirafına görə, onun səhnə fəaliyyəti “Qasım otağı”ndan başlamışdır. Bu çıxışdan sonra o, Tiflisdə hamının nəzər-diqqətini özünə cəlb edir. Bir tərəfdən onunla şəbikərdənlər, ruhanilər, o biri tərəfdən isə yeni təşkil olunmuş “Tiflis müsəlman artistləri” teatr dəstəsinin başçıları maraqlanırlar. Möhsün iki yolun ayrıcında qalır. Bilmir atasının peşəsini davam etdirsin, yoxsa teatr səhnəsini seçsin. Nəhayət, uzun götür-qoydan sonra öz seçimini edir. Onu axtaranlar ya teatr, ya da sirk tamaşalarında tapmalı olurlar. Təbii ki, bu seçim gələcək aktyora ucuz başa gəlmir. Ruhanilər hər məclisdə deyirlərmiş ki, Molla Sadığın oğlu pis yola düşmüşdür. Yerbəyerdən “Allah ona lənət eləsin, özü heç, rəhmətlik atasını da cəhənnəm odunda yandırır” - nidaları ucalarmış.
Molla Sadığın oğlu həqiqətənmi “pis yola” düşmüşdü?..
1914-cü ildə Tiflisin mədəni həyatında baş verən yaddaqalan bir hadisə sübut etdi ki, xeyr, Molla Sadığın oğlu qətityyən “pis yola” düşməyib, Əksinə onun düşdüyü yol nəinki mənsub olduğu nəslə, hətta bütöv bir millətə şan-şöhrət, baş uğalığı gətirən şərəfli bir yoldur. Hadisə belə olur. O zaman Qafqazın ictimai-siyasi və mədəniyyət mərkəzi sayılan Tiflisə qastrol səfərinə gələn məşhur faciə ustası Hüseyn Ərəblinski “Müsəlman artistləri truppası”nın işi ilə yaxından tanış olduqdan sonra burada çalışan aktyorların iştirakı ilə türk yazıçısı Şəmsəddin Saminin “Gaveyi-ahəngər” (“Dəmirçi Gavə”) pyesini tamaşaya qoymaq fikrinə düşür. 1915-ci ildə ilk dəfə səhnəyə çıxarılan tamaşada dəmirçi Gavənin oğlu rolunda çıxış edən Möhsünün nəzər-diqqətini ən çox cəlb edən rejissor Hüseyn Ərəblinskinin yaradıcılıq üslubu, aktyor sənətinə qəlbən bağlılığı, intizamı, səliqəsi və vüqarlı davranışı olur. Sonralar Möhsün Sənaninin aktyor sənətinə ömürlük bağlanmasında özünün də etiraf etdiyi kimi, bu amillər, xüsusilə Ərəblinskinin aktyorluğu “bütün sənətlərin sənətkarı” adlandırması mühüm rol oynamışdı.
Səhnədən tamaşaçıları doğru yola, saf, təmiz əmələ çağırmaqdan şərəfli vəzifə, böyük rütbəli mənsəb, zəngin xəzinə varmı?
Çox-çox sonralar Möhsün Sənani bir dostuna yazdığı məktubda öz peşə seçimi ilə bağlı belə demişdir: “Görəsən, səhnə meydanında ifa etdiyin bu və digər obrazların fikri, ürəyi, dili ilə gözəl həyat qurmağı, yaxşı adam olmağı tamaşaçılara təlqin etməkdən, onları doğru yola, saf, təmiz əmələ çağırmaqdan şərəfli bir vəzifə, ya böyük rütbəli bir mənsəb, ya da ki zəngin bir xəzinə varmı? Məncə, yoxdur, ola da bilməz! Hələ o vaxt, Tiflis səhnəsində hansı bir tamaşada çıxış edirdimsə fərəhimdən, sevincimdən yerə-göyə sığmırdım. Sanki hamı, hətta Tiflisin - ana yurdumun o gözəl mənzərəsi, al-əlvan yaşıllıqları, qırmızı kərpicdən tikilmiş binaları, “Gecə məhtaba qarşı həmdəm olan” Kür nəhri də məni aktyor olduğum üçün alqışlayır, hamı üzümə gülür və hər dəfə məni təbəssümlə salamlayırdı.”
Zənnimizcə, hansı dövrün prizmasından baxılırsa baxılsın, öz sənətinə, öz peşəsinə bundan artıq vurğunluq, bundan artıq məftunluq, bundan artıq aludəçilik, bundan artıq sədaqət nümunəsi tapmaq mümkün deyil! Yalnız seçdiyi yola bu dərəcədə vurğun olan Möhsün Sənani kimi şəxsiyyət-sənətkar səhnədə biri-birindən maraqlı, bir-birindən yaddaqalan, hər bir tamaşaçını heyrətə salan obrazlar yarada bilərdi.
Cəfərov necə Sənani oldu?
XX əsrin ikinci önilliyinin sonlarında inqilabların, qarşıdurmaların, vətəndaş itaətsizliyinin əldən saldığı Gürcüstanda aclıq, səfalət, anarxiya hökm sürürdü. Təbii ki, belə bir vəziyyətdə Tiflisdə yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq qeyri-mümkün idi. Bu səbəbdən azərbaycanlı artistlər ayrı-ayrı dəstələrə bölünərək qonşu ölkələrə qastrol səfərlərinə getməyi qərara alırlar. Mirseyfəddin Kirmanşahlının rəhbərlik etdiyi truppanın üzvləri - Möhsün Cəfərov (onun əsl soyadı belədir), Mustafa Mərdanov, İbrahim İsfahanlı, Asya xanım, Vera Arsen, Tərlan xanım, Həsən Qasımov və digərləri həmin ilin fevral ayının 15-də Türkiyəyə yola düşürlər. Truppanın Türkiyə səhnəsində oynadığı “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Pəri cadu”, “Nadir sah”, “Ağa Məhəmməd Şah Qacar”, “Əsli və Kərəm”, “Gaveyi-ahəngər”, “50 yaşında cavan”, “Evli ikən subay” və digər tamaşalar böyük uğur qazanır. Möhsünün ustalıqla ifa etdiyi Vəli (“Arşın mal alan”), Hambal (“O olmasın, bu olsun”), Rzaqulu (“Nadir şah”), Qəhtan (“Gaveyi-ahəngər”) və digər rollar türk tamaşaçıları və mətbuatı tərəfindən yüksək qiymətləndirilir.
Artıq teatr aləmində yaxşı tanınan və sevilən Möhsün 1919-cu ilin sonlarında Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Abbas Mirzə Şərifzadənin dəvəti ilə Bakıya gəlir və həmin kollektivdə işə başlayır. Gəlin razılaşaq ki, qısa müddətdə Sidqi Ruhulla, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, İsmayıl Hidayətzadə, Kazım Ziya, Ağasadıq Gəraybəyli kimi tanınmış simaların çalışdığı böyük bir kollektivin arasında fərqlənmək o qədər də asan məsələ deyildi. Lakin Möhsün Sənani bu vəzifənin öhdəsindən uğurla gəlir və Kassio (“Otello”), Knyaz (“Qaçaq Kərəm”), Qəhtan (“Gaveyi-ahəngər”), Layert (“Hamlet”), Serqo (“Şeyx Sənan”), Şəkinski (“Oqtay Eloğlu”), Pirqulu (“Aydın”), Roller (“Qaçaqlar”), Vasif (“İblis”) kimi bir-birindən fərqlənən, aktyordan geniş yaradıcılıq diapozonu, ustalıq tələb edən rolları məharətlə ifa edir.
Möhsün Sənaninin xatirələrində bu sənət məbədinə işə gəldikdən sonra həyatında baş verən mühüm hadisə ilə bağlı belə bir epizod var: “Teatrda çalışmağımın dördüncü ayı tamam olurdu. Bir dəfə Kazım Ziya (onda onun familiyası Kazımzadə idi) mənə dedi: “Ay Möhsün, gəlsənə, özümüzə bir ləqəb götürək. Axı indi ləqəb götürmək dəb olub. Məsələn, Sarabski, Mazandaranski, Şünasi və s.” Mən gülümsəyərək ona dedim ki, bu gündən mən oldum Möhsün Ziya. Bu əhvalatdan bir neçə ay sonra o, mənə yaxınlaşaraq dedi: “Bilirsənmi ay Möhsün, sən səfalı Gürcüstan torpağında, “Şeytanbazar”da doğulmusan. Hüseyn Cavid də “Şeyx Sənan”ı orada yazmışdır. Gəlsənə, sən Möhsün Sənani olasan, mən də Kazım Ziya.” Mən gülümsəyərək əlimi onun çiyninə qoydum. Əzizim, dedim, dostluğumuzu nəzərə alaraq bu gündən mən oluram Möhsün Sənani.”
Sonralar bütöv bir nəslin fəxrlə, qürurla daşıdığı Sənani soyadının tarixçəsi bax beləcə başlayıb. İndi aradan bir əsrdən çox vaxt keçəndən sonra Möhsün Sənaninin həyat və yaradıcılığı ilə ətraflı tanış olarkən, onun xarakterini müəyyən edən xatirələrə, söhbətlərə heyranlıqla qulaq asarkən adamın ürəyindən dərhal bu sözlər keçir: Nə yaxşı ki, rəhmətlik Kazım Ziya ona bu təxəllüsü təklif edib. Nə yaxşı ki, Möhsün müəllim dostundan keçməyərək bu təkliflə razılaşıb. Çünki başqa heç bir təxəllüslə, heç bir soyadla Möhsün Sənani bu gün xalqımızın yaddaşında yaşayan və bundan sonra da əbədi yaşayacaq Möhsün Sənani olmazdı.
Həm tragik, həm dramatik, həm də komik…
Gəlin razılaşaq ki, dünya teatr tarixində eyni aktyorun bu üç ampluada çıxış etməsi nadir hadisələrdəndir. Ümumiyyətlə, eyni aktyorun həm faciəvi, həm dramatik, həm də komik janrda eyni dərəcədə uğur qazanmasına, tamaşaçılar tərəfindən eyni dərəcədə qəbul edilməsinə olduqca az nümunələr var. Möhsün Sənani bax, belə bir xoşbəxt taleyə çatmış sənətkarlardandır. Artıq görkəmli sənətçinin dünyasının dəyişməsindən 45 ilə yaxın vaxt keçməsinə baxmayaraq günü bu gün də Azərbaycan tamaşaçısı vaxtilə lentə alınmış teatr tamaşalarında, bədii filmlərdə Möhsün Sənaninin yaratdığı obrazlara məmnuniyyətlə baxır, hər üç ampluada onu bəyənir, alqışlayır. Şəxsən mən Möhsün Sənani yaradıcılığının zirvəsi sayılan “O olmasın, bu olsun” filmindəki Qoçu Əsgər obrazına biganə qalan azərbaycanlı tamaşaçını təsəvvürümə gətirə bilmirəm. Bu obraz onu o dərəcədə şöhrətləndirmişdi ki, hətta həmin vaxtlar avtobuslarda konduktorlar görkəmli aktyorun evinin qabağındakı dayanacağı “Möhsün Sənaninin evi” adı ilə elan edərmişlər. Müasirlərinin, ailə üzvlərinin xatırladıqlarına görə, o, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər hansı bir rol üzərində işləyərkən özünün bütün şəxsi həyatını unudar, sanki tərki-dünya olub yaratdığı obrazın daxili və zahiri aləminə qapılarmış.
Görkəmli aktyorun qızı Gülər xanım atasının həmin anlarını belə xatırlayır:
- Atam şəxsi həyatında olduqca şən, zarafatcıl, deyib-gülən, həssas, qayğıkeş bir insan idi. Onun bu xarakteri ilə bağlı bir epizod danışım. Biz vaxtilə milyonçu Hacınskiyə məxsus olan, indiki Teleteatrla üzbəüz ikimərtəbəli binanın 5 otaqlı mənzilində yaşayırdıq. Mənzilin, o cümlədən otaqların arasındakı qapıların hündürlüyü 5 metrə çatırdı. Atamın öz anası qədər sevdiyi qayınanası, yəni nənəmlə bərk zarafatı vardı. Bir gün kişi eləmir tənbəllik, çıxır qapının üstünə, oradan üzüaşağı sallanıb “məmə, ay məmə” (bizim kimi o da nənəmizi “məmə” çağırardı), - deyə qışqırmağa başlayır. “Məmə” bütün otaqları gəzir, amma səsin haradan gəldiyini müəyyənləşdirə bilmir. Yazıq arvad “aa, bunun səsi otaqlardan gəlir, bəs özü hardadır?”, - deyə təəccüblə ora-bura qaçır. Axırda atam özünü saxlaya bilməyib şaqqanaq çəkir. Nənəm başını qaldırıb onu görəndə hirslə deyir: “Bu nədir adə, yekə kişisən, iş tapmırsan özünə?” Ümumiyyətlə, atamın belə “sataşmaları” çox olardı. Amma hər hansı bir tamaşa hazırlanan vaxtlarda onun bu zarafatçıllığından əsər-əlamət qalmazdı. Belə vaxtlarda ona yaxın düşmək mümkün deyildi. Qapını bağlamamışdan əvvəl bizə xəbərdarlıq edərdi: “Mən evdə yoxam, axtarsalar, telefona çağırsalar məni narahat etməyin.” Sonra isə gecə-gündüz otaqda var-gəl edə-edə oynayacağı rola hazırlaşardı.
Görünür, onun bütün rollarının uğurlu alınmasında, həm tragik, həm dramatik, həm də komik obrazları yüksək ustalıqla yaratmasında özünə qarşı tələbkarlığı az rol oynamayıb. Müasirlərinin söylədiklərinə görə, Möhsün Sənaninin “oynamaq” sözündən qətiyyən xoşu gəlməzmiş. Həmişə deyərmiş ki, mən kiminsə rolunu oynamıram, obrazını yaradıram.
“Atam çox xeyirxah insan idi”
Gülər xanım deyir ki, o, hamının işinə yarımağa çalışar, kimin nə xahişi olsa yanına düşüb kömək etməyincə rahatlıq tapmazdı: “Heç yadımdan çıxmaz. O zamanlar mən 7-ci sinifdə oxuyurdum. Bir dəfə gecə saat 12 radələrində qapımızın zəngi çalındı”, - deyə Gülər xanım yaddaşını çözələməyə başlayır: “Nəzərlərimiz narahatlıqla qapıya dikildi. Atam qapını açdı və içəri bəstəboy, çarşablı bir qadın girdi. İçəri daxil olan kimi atamın əlindən tutub öpmək istədi. Amma, təbii ki, o, buna imkan vermədi. Qadını qucaqlayıb qonaq otağına gətirdi. Çarşablı qadın titrək səslə “Möhsün, oğlum, bir xahişim var səndən” - dedi. Cavabında atam “Buyur, anacan, buyur”, - deyə onu sakitləşdirməyə çalışdı. Vaxtsız qonaq dərdini danışdı: “Evimi sökmək istəyirlər. Mümkünsə, “Baksovet”ə deyin saxlasınlar. Oğlum bir aydan sonra əsgərlikdən qayıdır. İstəyirəm onu köhnə evimdə qarşılayım.”
“Mənim yanıma ümidlə gələni naümid qaytara bilmərəm”
Atam diqqətlə qulaq asdıqdan sonra qadını sakitləşdirdi: “Narahat olma, anacan, günü sabah düzələr.” Qadın gedəndən sonra anam Qüdrət xanım düşdü onun üstünə: “A kişi, bacarmadığın işi niyə boynuna götürdün, sən “Baksovet”in sədrisən, yoxsa?..” Atamın cavabı belə oldu: “Yox, Qüdrət, o adam mənim yanıma ümidlə gəlib, mən onu naümid qaytara bilmərəm.” Təbii ki, atam səhər tezdən birinci yolunu Bakı Sovetindən saldı və dərhal məsələ müsbət həllini tapdı.
Bir epizod da heç vaxt yadımdan çıxmaz. 1981-ci ildə atamın cənazəsini Dram Teatrından götürəndə qırmızısifət bir kişi mənə yaxınlaşdı. Ürəyimdə fikirləşdim ki, buna bax ey, yəqin içib gəlib buraya. Kişi sıxıla-sıxıla dedi: “Bacı, bağışlayın, adınızı bilmirəm, mən 38 dərəcə qızdırmada yataqdan qalxıb buraya gəldim ki, Möhsün müəllimi son mənzilə yola salım. Çünki o, mənim həyatımda silinməz iz buraxıb. O vaxt məni əsgərliyə aparırdılar, əgər uzağa düşsəydim, anam tək, kimsəsiz qalacaqdı. Ona görə mən bu kişiyə müraciət etmişdim. İnanırsınızmı, o, Biləcəriyə gəldi, məni vaqondan dartıb yerə saldı, qoymadı uzağa aparsınlar. Möhsün müəllimin köməkliyi sayəsində hərbi xidmətimi Bakıda - Salyan kazarmasında yerinə yetirdim.”
“Yaz: Gülər Sənani - Quliyeva!”
Möhsün Sənani hələ sağlığında soyadının əbədiləşməsi üçün əlindən gələni əsirgəməyib. Gülər xanım özünün toy mərasimi ilə bağlı belə bir epizod danışdı: “1964-cü ildə biz rəhmətlik həyat yoldaşım Fəridlə “Səadət sarayı”nda kəbin kəsdirərkən adət-ənənəyə uyğun olaraq qızlıq familiyamdan imtina etmiş, soyadımı Quliyeva yazdırmışdım. Axşam evə gələrkən atam məni yanına çağırıb soruşdu: De görüm, hansı familiyanı saxladın? Mən heç nə deməyib, başımı aşağı dikdim. O, hər şeyi başa düşdü və bir kəlmə də demədi. Səhər işə gedərkən məni də maşına oturdub birbaşa “Səadət sarayı”na sürdü. Qeydiyyatçıya yaxınlaşıb nikah haqqında şəhadətnaməni stolun üstünə qoydu və amiranə tərzdə dedi: “Götür yaz Gülər Sənani-Quliyeva! Qeydiyyatçı təəccüblə: - Möhsün müəllim, axı o cür mümkün deyil - cavabını verdi. - Niyə mümkün deyil, niyə Nikolayeva-Tereşkova olur, Sənani-Quliyeva olmur? Biz də sovet vətəndaşıyıq, axı. Götür yaz, vəssalam!” Təbii ki, qarşı tərəfdən etiraz olmadı. Həmin andan mən Sənani - Quliyeva soyadını daşıyıram.
Ümumiyyətlə, atam ailə məsələlərində çox ciddi idi. Dəfələrlə rəhmətlik qardaşım Validin həyat yoldaşı Ofeliyanı kinoya, teatr tamaşalarına dəvət etsələr də icazə verməmişdi. Təkcə “Dağlarda döyüş” bədii filmində özü əsas rollardan birini oynadığına görə gəlininin çəkilməsinə razı olmuşdu.
Epiloq əvəzi
...Vərəqlənən ömür kitabının iztirablarla dolu son səhifəsi
Azərbaycanın teatr və kino sənəti tarixinə heç zaman pozulmayacaq parlaq səhifələr yazmış Möhsün Sənani bu fani dünyada 81 il ömür sürdü. Bu 81 illik həyatın 71 ilinin hər ayı, hər günü hər saatı, hər anı özünün dərin məna çalarları ilə Azərbaycan tamaşaçısının yaddaşına həmişəlik həkk olunub. Bəs, unudulması, əgər belə demək mümkünsə, ən azı mənəvi cinayət sayılla biləcək böyük teatr xadiminə heç olmasa ömrünün son günlərində əlaqədar təşkilatların rəhbərləri arxa-dayaq oldularmı? Maddi kömək bir yana qalsın, uzun müddət xəstəxanada yatarkən onu yada saldılarmı? Elə götürək, 61 il bütün ağırlığını çiynində gəzdirdiyi Azərbaycan Dövlət Akademik Dram Teatrının o vaxtkı rəhbərliyini və respublikanın mədəni həyatına cavabdeh olanları. Onlar Azərbaycnın teatr sənətinin şöhrətini zirvələrə qaldırmış böyük sənətkarı heç olmasa ömrünün son anlarında xəstəxanada ziyarət edib “keşmiş olsun” dedilərmi? Nə yazıq ki, yox! Göz yaşlarına hakim ola bilməyən Gülər xanım həmin günləri belə xatırlayır: “Dörd ay idi ki, “Leçkomissiya”da yatırdı. Axır vaxtlar gözləri tutulmuşdu. Yeri gəlmişkən, deyim ki, o, yatağa düşməmişdən qabaq gözləri görməsə də, səhnə fəaliyyətini davam etdirirdi. “Darıxma, ana”nı bu vəziyyətdə oynamışdı. Çətini səhnəyə daxil olana kimi idi. Elə ki, əlindən tutub səhnəyə gətirirdilər, bundan sonra tamaşaçı qətiyyən onun görmədiyini hiss etmirdi. Çünki Möhsün Sənani səhnənin hər qarışına bələd idi. Nə isə... Ömrünün son günlərində görmə qabiliyyətini tamamilə itirsə də nəzərlərini qapıdan çəkmirdi. 61 il can qoyduğu teatrdan, respublikanın Mədəniyyət Nazirliyindən kimlərinsə ona baş çəkməsini gözləyirdi. Mədəniyyət Nazirliyinin və teatrın ovaxtkı rəhbərləri (onlar da dünyalarını dəyişdiklərinə görə adlarını çəkmirəm) o zaman gəldilər ki, artıq dərdinə əlac tapmayan həkimlər atamı evə buraxmışdılar. Ona görə də mən aylarla ürəyimi deşən sözləri onların üstünə yağdırıb qapıdan içəri buraxmadım. Bəlkə də bunu qeyri-etik hərəkət kimi qiymətləndirmək olardı. Amma Möhsün Sənani kimi sənətkara qarşı bu cür laqeydliyin, biganəliyin müqabilində başqa cür hərəkət edə bilməzdim.”
Bəli, o zaman çox düzgün hərəkət edib Gülər xanım! Axı, unudulmaq çox ağır dərddir. Şükürlər olsun ki, hələ sağlığında adını milli teatr və kino tariximizə qızıl hərflərlə yazdırmış Möhsün Sənani kimi kamil sənətkara yuxarıda qeyd etdiyimiz laqeyd münasibət uzun sürmədi. Azərbaycan müstəqilliyini bərpa etdikdən, xüsusilə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra unudulmaz səhnə ustamız özünün layiqli qiynətini aldı. Ulu Öndərin müvafiq Sərəncamı əsasında 2000-ci ildə Möhsün Sənaninin 100 illik yubileyi müstəqil ölkəmizdə təntənə ilə qeyd edildi, xatirəsi əbədiləşdirildi. Bu günlərdə Dövlət Film Fondunda böyük sənətkarın 125 illiyinə həsr olunmuş xatirə gecəsində bütün bunlar barədə minnətdarlıq duyğuları ilə söhbət açıldı…
Ruhun şad, məkanın cənnət olsun, böyük sənətkar!
Əhməd Qurbanoğlu, “İki sahil”