«Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı imzalamaqla tarixi Zəfərimizdən sonra bölgədə yaranan reallıqların mühüm hədəflərini dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev konkret olaraq Qərbi və Şərqi Zəngəzur coğrafi adını siyasi leksikona daxil etdi
Ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətinin məntiqi nəticəsi olan Vətən müharibəsində qazanılan Qələbəmizdən sonra ardıcıl həyata keçirilən islahatlar nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası, zəruri infrastruktur və kommunikasiyaların inşasının sürətləndirilməsi, «ağıllı kənd», «ağıllı şəhər», «yaşıl enerji» layihələrinin tətbiqi doğma torpaqlara Böyük Qayıdışın təminatına yönəldilib.
Son günlərdə Prezident İlham Əliyevin imzaladığı Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı Sərəncamın davamı olan «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında»kı sənəddə işğaldan azad olunmuş ərazilərin zəngin yealtı, yerüstü təbii sərvətlərindən, enerji resurslarından, fauna və florasından, turizmin inkişafına xidmət göstərəcək potensial, icra mexanizmi, səmərəli istifadə yolları dəqiq göstərilir. İqtisadi rayonların yaradılması bölgələrin vahid strateji proqram əsasında inkişafını təmin etməklə «Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»”nın icrasında nəzərdə tutulan islahatların aparılmasında işğaldan azad edilmiş rayonların imkanları da nəzərə alınacaq. Yerləşdiyi ərazilərin yaxınlığına, iqtisadi potensialına, təbii sərvətlərinin bənzərliyinə görə qruplaşdırılan proqrama uyğun islahatların eyni mərkəzdən idarə olunması üçün nəzərdə tutulan mexanizmlərin təkimilləşdirilməsi, istehsal prosesləri eynilik təşkil edən müəssisələr arasında əlaqələrin yaradılmasını təmin edən sənəddə qeyd olunduğu kimi əsas məqsəd planlaşdırmada səmərəliliyin artırılması, iqtisadi idarəetmədə çevikliyin təmin olunması, bölgələr arasındakı nəqliyyat, yol, enerji infrastrukturunun, su ehtiyatlarından səmərəli istifadənin vahid proqram əsasında yeni tələblərə uyğun formalaşdırılmasıdır. Regionların iqtisadi inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni istehsal sahələrinin yaradılması qeyri-neft sektoruna, aqrar sahənin inkişafına diqqət dövlətin daimi nəzarət etdiyi sahələrdəndir. Torpaqlarımızın işğaldan azad olunması təbii resurslarımıza, iqtisadiyyatımızın inkişafını sürətləndirəcək potensialdan səmərəli istifadə imkanlarına yeni baxış, oxşar təbii sərvətlərə malik , yaxın ərazidə yerləşən rayonların imkanlarının eyniləşdirilməsi tələbini ortaya qoyur. Bu baxımdan 14 iqtisadi zonanın yaradılması, mühüm vəzifələrin dəqiqliklə müəyyənləşdirilməsi hədəflərə qısa müddətdə nail olunacağına inamı daha da artırır. Prezidentin Fərmanına əsasən, Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər), Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan) rayonlarının yaradılması siyasi, iqtisadi baxımdan daha önəmlidir. Fərmandan irəli gələn bütün vəzifələr möhtəşəm olmaqla, respublikanın iqtisadi inkişafına verəcəyi töhfə baxımından əhəmiyyətlidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması isə Prezident İlham Əliyevin cəsarətlə söylədiyi «Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!» sözlərinin reallığı, qətiyyətli dövlət başçısının siyasi iradəsinin təsdiqidir.
Naxçıvana qədər böyük bir ərazini, Zəngəzur yaylasının şərq hissəsini əhatə edən iqtisadi zona sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları baxımından yaxın olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Qarabağ iqtisadi rayonun yaradılması isə daha çox siyasi əhəmiyyət daşıyır. Qarabağın Azərbaycana bağlılığının siyasi və inzibati təsdiqi olan bu rayonunun iqtisadi zona kimi formalaşması ilə « Dağlıq Qarabağ» məfhumu leksikonumuzdan əbədilik silindi, Ermənistan revanşistlərinin «yeni müharibə» çağırışlarını əbədi susdurdu. Zəngəzur iqtisadi rayonunun yaradılması 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmalarda qeyd olunan Zəngəzur dəhlizinin bərpası ilə bağlı Azərbaycanın siyasi iradəsinin məntiqi nəticəsidir. Qarabağın və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olmasının əlavə izaha, araşdırmalara ehtiyacı yoxdur. Yəni, Zəngəzurun şərqi varsa, qərbi də mövcuddur. Zəngəzur dəhlizinin bərpası Qarabağda separatizmin varlığına son qoyacaq və Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcək. Bu baxımdan Ermənistanın yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sərhədlərin demarkasiyası və delimitasiyasına başlamaqdır. Prezident İlham Əliyevin siyasi iradəsi, «dəmir yumruğu» sayəsində bu məqsədə də nail olunur.
«Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır» söyləyən Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən yaradılacaq iqtisadi zonalar arasında Şərqi Zəngəzurun olması tarixi nailiyyətin daha bir inikasıdır.
Keçirilən görüşlərdə Ermənistanın ötən əsrlərdən bəri zəbt etdiyi Azərbaycan torpaqlarının sülh yolu ilə olmasa da zorla qaytarılacağını bildirən Prezident İlham Əliyevin : « Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik» sözlərindən işağlçı dövlət nəticə çıxarmalıdır. Zəngin təbii sərvətlərə, mis və qızıl resurslarına, bərpaolunan, xüsusilə külək enerjisinə, su ehtiyatlarına malik işğaldan azad olan Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda həyata keçiriləcək islahatlar, infrastruktur layihələri bütünlükdə Azərbaycan iqtisadiyyatına önəmli töhfələr verəcək, bölgənin inkişafını sürətləndirəcək. Bölgədə yerləşən altı dövlətin əməkdaşlıq körpüsü olacaq Zəngəzur dəhlizinin bərpası regional təhlükəsizlik baxımından əvəzsizdir. Azərbaycanın regionda yaratdığı yeni reallığın təminatı, «altılıq» formatının gerçəkləşməsi də bu dəhlizin bərpası ilə bağlıdır. Zəngəzur da daxil olmaqla bütün kommunikasiya şəbəkəsindən səmərəli istifadə üçün əməkdaşlıq formatının təşəbbüskarı Azərbaycan olduğu üçün ölkəmizin mövqeyi mütləq nəzərə alınmalıdır. Bu dəhlizin işə salınması Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq nüfuzunu yüksəltməklə bölgədə geosiyasi və geoiqtisadi yeniliklərə təkan verəcək. Bu dəhlizin bərpasını Ermənistana humanist yanaşma adlandıran Prezident İlham Əliyevin sabitliyə xidmət edən ardıcıl siyasətinin məntiqi nəticəsi də budur ki, açılacaq kommunikasiya xətləri bölgəyə və geniş sferada dünyaya yeniliyə əsaslanan əməkdaşlıq formatı gətirsin. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoyan Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizin tam bərpa olunduqdan sonra Naxçıvan dəmir yolu fəaliyyətini davam etdirəcək: «Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın»
Xuraman İsmayılqızı, «İki sahil»