Ziya Mürsəlzadə: Keyfiyyətli təhsilin və müasir düşüncənin neft sənayesinin bütün incəliklərinə hakim olan dəyərli mütəxəssislərin praktiki bilikləri ilə vəhdət şəkildə tətbiqi imkanları, SOCAR-ın həm daxili, həm də xarici təqaüd proqramlarının məzunlarının bir mütəxəssis kimi yetişməsində əsas qazancıdır
Gənclər cəmiyyətin aparıcı və fəal təbəqəsidir. Gənclik yenilik, inkişaf və ölkəsi üçün ümiddir. Bu gün ölkəmizdə vətənpərvər, savadlı, intellektual səviyyəli gənclər formalaşır və onlar ölkəmizin gələcəyi naminə, daha güclü Azərbaycan naminə çalışırlar.
Ötən həftə Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsinə ötən həftə yekun vurulub. Bir neçə mərhələ üzrə keçirilmiş “Yüksəliş” müsabiqəsində ümumilikdə 11 760 nəfər iştirak edib, final mərhələsinə keçən 112 nəfərdən 9-u SOCAR-ın əməkdaşı, 2-si isə SOCAR-ın strukturunda fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin BANM-in əməkdaşı olub. Müsabiqənin sonunda 27 nəfər qalib seçilib. Onlardan 3-ü SOCAR-ın və Bakı Ali Neft Məktəbinin əməkdaşlarıdır.
Həmin qalib gənclərdən biri, SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini, “Yüksəliş” müsabiqəsində ikinci yerə layiq görülən Ziya Mürsəlzadə “İki sahil”in müsahibidir.
- Ziya müəllim, öncə sizi böyük uğur münasibətilə təbrik edirik. Söhbətimizə özünüzün təqdimatınızla başlamaq istərdik.
-Dünya Azərbaycanlılarının Həmrəylik Günündə anadan olmuşam. 30 yaşım var. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili almışam. Magistr pilləsi üzrə isə SOCAR-ın Xarici Təhsil Proqramı (XTP) çərçivəsində Böyük Britaniyanın Lester Universitetində təhsil almışam. Həmin universiteti 2013-cü ildə fərqlənmə dərəcəsi ilə bitirərək, eyni zamanda, universitet üzrə ilin magistr tələbəsi mükafatına layiq görülmüşəm. 2013-cü ildən SOCAR-da əmək fəaliyyətimə başlamışam. Əvvəlcə Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin (ƏŞNİİ) İqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi şöbəsində iqtisadçı, daha sonra şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləmişəm. 2019-cu ildən hal-hazıradək ƏŞNİİ-nin idarə rəisinin müavini vəzifəsində çalışıram. SOCAR-da indiyə qədər müxtəlif maraqlı layihələrdə yer almışam. Korporativ maliyyə modeli, SOCAR-ın 2035-ci ilə qədər strategiyası və s. layihələrində məsləhətçi şirkətlərlə birlikdə çalışmışam. Hazırda bizim komanda şirkət üzrə rüblük və illik analitik maliyyə hesabatlarının hazırlanması, neftin və qazın qiymətinin təhlili və proqnozlaşdırlması, investisiya qərarlarının iqtisadi səmərəliliyinin yoxlanılması və korporativ maliyyə modelinin illik yenilənməsi üzrə işlərlə məşğuldur. Bununla yanaşı, maliyyə üzrə beynəlxalq sertifikat olan CFA sertifikatı üzrə əvvəlcə iştirakçı, hal-hazırda isə təlimçi olaraq fəaliyyət göstərirəm və CFA 2-ci səviyyə imtahanı üzrə namizədəm. Eyni zamanda, 2015-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. Əvvəlcə Xəzər Universitetində, hazırda isə həm BANM-in MBA ixtisasında, həm də UNEC-in Beynəlxalq iqtisadiyyat məktəbində tədrislə məşğulam. Akvariumda balıq saxlamağı və balıqlara qulluq etməyi çox sevirəm. Boş vaxtlarımı şahmat oynamağa sərf edirəm. Ailəliyəm, 1 övladım var.
- SOCAR-ın xarici təqaüd proqramına necə üzvlük qazandınız?
-Qeyd etməliyəm ki, xaricdə təhsil almaq həvəsimin yaranmasında valideynlərimin rolu böyükdür. Atamın uşaqlıq illərində kənd məktəbindən Bakıya təhsil almağa gəlməsi məni də ən azı bunu təkrarlamağa sövq edirdi. Xaricdə təhsil almaq həvəsi ilə hələ 9-cu sinifdə oxuyarkən FLEX proqramına müraciətlə etmişdim. Son mərhələyə qədər uğurla gəlsəm də sonuncu mərhələdə uğursuz olmağım, əslində ali təhsil üzrə xaricdə təhsil almalı olduğumu prinsipial məsələyə çevirdi. Bir sözlə, uğursuzluq məni daha əzmkar etdi. Bununla yanaşı, bakalavr təhsili müddətində İngiltərədə "Yay Məktəbi"ndə iştirak etdim və artıq xaricdə və məhz Böyük Britaniyada təhsil almaq qərarı daha da dəqiqləşmişdi. Başa düşürdüm ki, bu, mənə həm təhsilimi təkmilləşdirməyə, həm də başqa bir cəmiyyətdə yaşayıb təcrübə qazanmağa kömək edəcək. Bu prosesdə Böyük Britaniyanın 11 universitetindən qəbul almışdım. Bir neçəsi təqaüd də təklif etmişdi. Araşdırmalar nəticəsində Lester Universitetinin həm keçirilən dərslər, həm də o vaxtkı potensialına (dünya üzrə top 2% universitetlərin arasında idi) görə həmin universitetin üzərində dayandım. Əsas məsələ kimi universitetin ödənişi və yaşayış xərclərinin necə qarşılanacağı qalırdı və SOCAR-ın Xaricdə Təhsil Proqramı haqqında araşdırmalarım nəticəsində həm birbaşa prosesdə iştirak edən əvvəlki məzunların tövsiyələri, həm də SOCAR-ın həmin istiqamət üzrə çalışan əməkdaşları ilə yazışmalar zamanı yaranan xoş münasibətlər (proqram və prosedurlar haqqında çox çevik və aydınladıcı izahlar verirdilər) məni bu proqramın uğurlu bir proqram olduğuna inandırdı. Sənədlərimi XTP-yə təqdim etdim və qısa müddət ərzində müsahibələr keçirildi və nəticədə proqrama qəbul olunduğum bildirildi. Bu uğur mənə və ailəmə həm sevinc hissi yaşatdı. Eyni zamanda, əldə edəcəyim bilikləri dövlətin ən böyük şirkətində tətbiq etmək şansını qazanmağımı anlamağım mənə həyəcan və böyük məsuliyyət verirdi. Çox xoş, bir o qədər də məsuliyyətli məqam idi. Bu hissləri yaşatdığına görə SOCAR ailəsinə minnətdarlığımı bildirmək istəyirəm.
-Təhsil aldığınız müddətdə müqayisəli təhlil əsasında yerli və xarici təhsil arasında hansı fərqləri müşahidə etdiniz?
- Əvvəlcə onu qeyd etməliyəm ki, bakalavr təhsili müddətində bir çox universitetlərimizdə Boloniya sistemi tətbiq olunmağa başlamışdı ki, bu, bizim müasir təhsil sisteminə keçidimizi təmin etməyə istiqamətlənmişdi. Xaricdə aldığım təhsilin əsas üstünlüyü yalnız tədris prosesinin müxtəlif və daha təkmil olması ilə sərhədlənmirdi. Eyni zamanda, ixtisas üzrə ədəbiyyatları orijinaldan oxumaq imkanı qazanmışdıq. Yalnız videolarına baxdığımız bəzi professorlarla birlikdə seminarlarda və ya görüşlərdə iştirak etmək bir növ bizim prosesin bir hissəsi olduğumuzu hiss etməyimizə şərait yaradırdı.
Universitetin araşdırma əsaslı olması həm böyük araşdırma vərdişi əldə etməyə, həm də mövzuları dərindən qavramağa imkan yaradırdı. Eyni zamanda, başqa bir cəmiyyətdə yaşamağımın təhsil ilə yanaşı, fərqli bir baxış bucağı əldə etməyimə və cəmiyyətlər üçün əsas dəyərlərin nə dərəcədə müxtəlif ola biləcəyini başa düşməyimə böyük müsbət təsiri oldu. Düşünürəm ki, həm əldə etdiyim təhsil, həm də sosial və emosional bacarıqlar xaricdə yaşayarkən əldə etdiyim və Azərbaycana qayıdarkən tətbiqinə səbirsizləndiyim dəyərli aktivlər oldular.
- SOCAR-da karyeraya başladıqdan sonra xaricdə təhsil alarkən əldə etdiyiniz təcrübə hədəflərinizə çatmaq üçün hansı töhfələri verdi?
-Düşünürəm ki, xaricdə aldığım təhsil və digər bacarıqlar SOCAR-dakı karyeramda böyük rol oynayıb. SOCAR-dakı fəaliyyətimə əsasən xaricdə təhsil almış, müasir düşüncəli, yeniliklərə açıq olan komandada başladım. Əlbəttə ki, əldə etdiyim bilikləri tətbiq etməyə yaradılan şərait öz üzərimdə işləməyimə, nəzəriyyədə və standart praktiki tapşırıqlarda əldə etdiyim bilikləri qeyri-standart vəziyyətlərdə necə tətbiq edə biləcəyimi qavramağıma çox kömək oldu. Şablonlardan uzaq və dəyişikliyə hər zaman açıq bir komandada işləmək imkanı “Yüksəliş” müsabiqəsində də əsas götürülmüş kompetensiyaların formalaşmasına və inkişafına şərait yaratdı. Əlbəttə ki, müasir tələblərə cavab verən, çevik və dəyişikliklərə açıq yanaşma tərzi, keyfiyyətli komanda işi SOCAR-da iştirak etdiyimiz müxtəlif layihələrdə uğur qazanmağa imkan yaratdığı kimi, həmin layihələrdə iştirak etmək də müxtlif bacarıqların təkmilləşdirilməsi üçün bir təcrübə rolunu oynadı. Keyfiyyətli təhsilin və müasir düşüncənin, neft sənayesinin bütün incəliklərinə hakim olan dəyərli mütəxəssislərin praktiki bilikləri ilə vəhdət şəkildə tətbiqi imkanları, SOCAR-ın həm daxili, həm də xarici təqaüd proqramlarının məzunlarının bir mütəxəssis kimi yetişməsində əsas qazancıdır.
- Uğurlarınız sizdə gələcəklə bağlı hansı stimulu yaradır?
- Əlbəttə ki, əldə olunan uğur çox sevindiricidir. Lakin anlamalıyıq ki, təhsilə göstərilən dövlət dəstəyi öyrəndiyimiz biliklərin və əldə etdiyimiz təcrübələrin gələcək nəsillərə ötürülməsində diqqətli davranmaq, bilik itkisinə yol verməmək, resurslarımızı düzgün idarə etmək yolunda məsuliyyətimizi artırır. İnkişafımız üçün yaradılmış bu münbit şəraiti dayanıqlı hala gətirmək və gələcək nəsillər üçün bu imkanların daha yaxşısını təmin etmək, düşünürəm ki, hər birimizin borcudur. Bu borcu isə çalışdığımız sahələrdə vicdanlı, dürüst çalışaraq təmin edə biləcəyimizə inanıram. Bütün cəmiyyətin inkişaf etməsi üçün ayrı-ayrı fərdlərin inkişafı vacibdir və hər birimiz bu prosesin bir parçası olmalıyıq. Cəmiyyətin və dövlətin inkişafı sahəsində hər kəsin vicdanla “əlini daşın altına” qoyması, düşünürəm ki, ərazi bötüvlüyümüz uğrunda canlarını, sağlamlıqlarını, iradəsini ortaya qoyan insanlar qarşısında üzərimizə düşən sevə-sevə qatlaşmalı olduğumuz məsuliyyətimizdir.
- Uğur qazanan gənc kimi gənclərimizə hansı çağırışları edərdiniz?
- Daha təcrübəli insanlardan öyrəniləcək çox şeyi olan bir gənc kimi həmyaşıdlarıma onu tövsiyə edə bilərəm ki, həmişə uğura inansınlar. Düşünürəm ki, insan uğurun əsas hissəsini ona inanmaqla əldə edir. Özləri üçün sağlam, prinsipial dəyərlər formalaşdırıb həyat strategiyalarını həmin dəyərlərin təmin olunmasına istiqamətləndirsələr həm maraqlı təcrübə yaşaya, həm də uğrunda zəhmət çəkdikləri işlərin məntiqi sonluğunu görə bilərlər. Müəyyənləşdirilmiş dəyərlər onları xaotik uğurların yox, sistemli uğurların əldə olunmasına təşviq edəcək. Gənclərin yüksək biliklə yanaşı, özünü dərketmə, özünü tənzimləmə, başqasının vəziyyətini anlamaq kimi bacarıqlarının inkişaf etdirilməsinin onların kompleks inkişafı üçün əsas olduğuna inanıram. Hər kəsin barmaq izi fərqli olduğu kimi, uğur hekayəsi və yolu da fərqli olur. Buna görə də düşünürəm ki, özlərini başqaları ilə deyil, öz keçmişlərində olduqları vəziyyətlə və inkişaf edərək hansı vəziyyətə gələcəkləri ilə müqayisə etsinlər və bu müddət ərzində hansı aktivləri əldə edəcəklərini təhlil etsinlər. Bu, həm onların özünü motivasiyası, həm də gələcəkdə özlərini harada görmək istədikləri barədə aydın bir fikir yaradacaq. Bütün gənclərimizə uğurlar arzulayıram.
-Maraqlı və səmimi müsahibə üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Röya Rasimqızı, “İki sahil”