İkisahil. TV-nin bugünkü qonağı Milli Məclisin komitə sədri Tahir Rzayevdir
-Tahir müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Zəngin yaradıcılığınız var. 30-a yaxın kitabın müəllifisiniz. Maraqlıdır, yaradıcı insan olduğunuz halda necə oldu ki, siyasi fəaliyyətə başladınız?
- Bir qədər əvvələ qayıdaq. Universitetdən «konkurs»a düşüb orduya yollandım. Hərbi xidmətdən qayıdandan sonra fəhlə işlədim. Fəhlə işləyə-işləyə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Həm də yaradıcılığım var idi. Qiyabi təhsil aldığıma görə bir müddət redaksiyada çalışdım. Redaksiyada ictimai fəallığımı görüb komsomol işində qabağa çəkdilər. Komsomolun ikinci, birinci katibi oldum. Daha sonra ikinci ali təhsil aldım. Partiya, sovet işlərində məsul vəzifələrdə çalışdım. Xalq Cəbhəsi hakimiyyətə gələnə qədər Ağcabədidə Raykomun ikinci katibi işlədim. O vaxt səfərbərlik elan olunmasını istəyirdik. Çünki Qarabağa kömək olacaqdı. Özünü cəbhəçi adlandıran insanlar gəldilər ki, Qarabağa kömək etməyə gəlmişik”. Halbuki rayonda xaos, qarşıdurma yaratdılar. Silahlı yolla gəlib binaları tutdular. Müəyyən işbilən adamlar vardı ki, onları vəzifədən uzaqlaşdırdılar. Bu vəziyyətlə barışmayaraq ərizəmi yazıb çıxdım. Məni o zamanlarda stresdən qurtaran yaradıcılığım olub. Əgər o yaradıcılıq, o poeziya, o şeirlər, o kitablara aludəçilik olmasaydı, çoxdan ürək ağrısı tutub ölə bilərdim. Çünki o adamlar hakimiyyətə gələndə onlarla barışmadım. Şeirlərim məni xilas etdi. «Ülfət”» qəzeti vardı, onun Qarabağ üzrə bölgə müxbiri oldum. 1994-cü ilə kimi sıravi işlərdə çalışdım. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gələndə partiyanın ilk təşkilatının yaradılmasında iştirak etdik. Heydər Əliyev hakimiyyətə gələndən sonra rayon İcra Hakimiyyətində şöbə müdiri oldum. İlk bələdiyyə seçkilərində seçilərək bir ildən çox müddətdə bələdiyyə sədri oldum.
Biz bələdiyyəyə gələndə hamı buna təzə doğulmuş uşaq kimi baxırdı. Qanunlar, əsasnamələr yox idi. Sovet dövründə komsomolda, partiyada çalışanlar idarəetmənin nə olduğunu yaxşı bilir. Bütün işlərin özəyində təşkilatçılıq durur. Hansı təşkilat olursa-olsun, rəhbər yerindədirsə, insanları idarə edə bilirsə, orada iş gedəcək. İlk vaxtlarda bələdiyyə sahələrində işimizi qurduq. Elə alındı ki, 2000-ci ildə deputat seçildim. O vaxtdan parlamentin üzvüyəm. Hesab edirəm ki, siyasi fəaliyyətimlə daha çox insanın köməyinə çatıram. Bu fikirləri rayon sakinləri dəfələrlə vurğulayıblar.
-44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz təcavüzkara layiq olduğu yeri göstərdi. Sizcə bu Qələbəni şərtləndirən amillər hansılardır?
- Ulu öndər Heydər Əliyev işğal altında olan torpaqlarımızın taleyi ilə bağlı bir vaxtlar söylədiyi fikirlərlə hamını kövrəltmişdi: «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik».
Bu sözlərdə böyük bir uzaqgörənlik, qətiyyət, inam vardı. Gələcək nəsillərə bir vətəndaş, rəhbər çağırışı kimi səslənən bu fikirlər həm də Ümummilli Liderimizin arzularının, ümidlərinin ifadəsi idi. O, yaxşı bilirdi ki, özü kimi inandığı, etibar etdiyi bir şəxs – İlham Əliyev gec-tez işğal altında olan torpaqları düşməndən azad edəcək, yağıları, qəddarları əyəcək, şəhidlərimizin qanını yerdə qoymayacaqdır. Şuşa xoşbəxt günlərinə qayıdacaqdır.
Prezident İlham Əliyevin 18 illik rəhbərliyi dövrünə qısaca nəzər salmaq aydın göstərir ki, bu dövr Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Belə ki, bu dövrdə Azərbaycan dövləti beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində özünün olduqca təsirli rolunu və yerini müəyyənləşdirdi. Prezidentin və ölkəmizin uğurlarının əsasında ulu öndər Heydər Əliyev ideyaları dayanır. Bu ideyalara sadiqlik, Heydər Əliyev siyasi kursunun innovativ yanaşma ilə zənginləşdirilərək davam etdirilməsi sayəsində bugünkü uğurlarımıza çatmışıq.
-Azərbaycan-Ermənistan sərhədində baş verən erməni təxribatlarını necə dəyərləndirirsiniz?
-Təəssüflər olsun ki, Ermənistanın daxilində olan bəzi qüvvələr 44 günlük Vətən müharibəsində məğlub olmalarını nə dərk, nə də qəbul etmək istəyirlər. Biz torpaqlarımızı işğaldan azad edərək qalib gəlmiş dövlətik, qalib xalqıq, özümüzü də qalib xalq kimi aparırıq. Cənab Prezidentin çıxışlarında səsləndirdiyi fikirlər, dünya ictimaiyyətinə müraciəti qalib xalqın və dövlətin liderinin mövqeyidir.
Amma məğlub tərəf öz məğlubiyyətini dərk etmədiyinə görə, belə provokasiyalara əl atır. Ermənistan tarix boyu böyük dövlətlər üçün bir alət rolunu oynayıb. Azərbaycanın apardığı siyasət, Vətən müharibəsində qazandığı Qələbə nəticəsində yeni reallıq yaranıb və bu reallıq həmin aləti yoxa çıxarıb. Bəzi güclər hər zaman Ermənistandan Azərbaycana, Türkiyəyə qarşı bir alət, maşa kimi istifadə ediblər. Ermənistanın ən böyük faciəsi ondan ibarətdir ki, heç vaxt dövlət olmayıb, həmişə maşa kimi istifadə olunub. İndi məğlubiyyətə uğrayaraq demək olar ki, həm dövlət kimi yoxdurlar, həm də maşa kimi istifadə oluna bilmirlər. Ona görə də müxtəlif təxribatların, provokasiyaların şahidi ola bilərik.
- Beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasətinin hökmranlığı təəssüf doğurur Azərbaycana qarşı ikili standartlar siyasəti hələ də davam edir…
- Hələ də ikili standartların tüğyan etdiyi dünyada yaşayırıq. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin istər 30 ilə yaxın işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə mövqeyi heç vaxt mandatlarına uyğun olmayıb. Neytrallıq qorunmur, Ermənistana dəstək özünü qabarıq şəkildə büruzə verir. Qurum fəailiyyətsizliyini açıq şəkildə ortaya qoyur. Rəsmi Bakı ATƏT-in Minsk qrupundan yeni reallıqlara uyğun olaraq yeni təkliflər gözlədiyi halda həmsədr dövlətlərin belə yanaşma nümayiş etdirmələri birmənalı qarşılana bilməz. Reallıqlar budur ki, Azərbaycan qalib ölkə olaraq regionda söz sahibliyini daha da möhkəmləndirib, dünyanın xarici siyasətində dəyişikliklər edib. Yeni reallıqlar Azərbaycanın gücünün, qüdrətinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanı da Azərbaycanın Vətən müharibəsində əldə edilmiş parlaq Qələbəsinin daha bir uğurlu nəticəsi, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır. Qarabağ və Zəngəzur iqtisadi rayonlarının yaradılması Azərbaycanın növbəti siyasi uğuru, Ermənistana və hələ də ona havadarlıq edib reallıqlarla barışmayan, işğalçı dövləti sülh razılaşmasına məcbur etmək əvəzinə, vəziyyəti gərginləşdirməyə cəhdlər göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərinə ciddi mesaj, həqiqət dərsidir.
-Tahir müəllim, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birlərinin yanındadırlar. Son günlər Türkiyənin bir sıra bölgələrində baş vermiş meşə yanğınlarında xalqımızın dəstəyini necə dəyərləndirirsiniz?
- Bir neçə gündür davam edən yanğınlar insan tələfatına da səbəb olub. Qeyd etdiyiniz kimi, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Azərbaycan xalqı qardaş Türkiyədə baş vermiş meşə yanğınları ilə bağlı hadisələri böyük narahatlıq və həyəcanla izləyir. Yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda baş vermiş faciədən dərin kədər hissi keçirdiyini, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb. Dövlətimiz bu çətin günlərdə Türkiyənin yanındadır və meşə yanğınlarının qarşısının alınmasına öz yardımını edir. Hesab edirəm ki, ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatlar, dünya ölkələri Türkiyədə yaranmış vəziyyəti nəzərə alaraq, bu ölkəyə lazımi dəstək verməlidir. Çünki bu dünya hamımızındır. Təbiəti qorumaq da milliyyətindən və yaşadığı ərazidən asılı olmayaraq hər bir kəsin borcudur.
Şəmsiyyə Əliqızı, «İki sahil»